Arif Hacılı: “Rəqsanə səsi olan müğənnidir” - MÜSAHİBƏ
23 aprel 2009 14:30 (UTC +04:00)

Arif Hacılı: “Rəqsanə səsi olan müğənnidir” - MÜSAHİBƏ

Partiyası ilə bağlı sualları həmişə cavablandırmağa hazır olan jurnalistlərin jurnalist dostu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibə verməyə də dərhal razılaşdı. Amma arada bəzi suallara cavab verməkdən yayındı da. Beləliklə, bu dəfə Arif Hacılı “Ciddi-Ciddi” danışır.

- Şou-bizneslə nə dərəcədə maraqlanırsınız?

- Xüsusi bir marağım yoxdur. Ancaq bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, şou-biznes aləmindən məlumatsızlıq imkanı yoxdur. Mən bəzi hallarda Azərbaycan televiziyalarına baxıram. Baxanda da istər-istəməz şou-biznesdə baş verən hadisələr barədə kifayət qədər geniş məlumat alıram. Eyni zamanda, istər qəzetlərdə, istər internet saytlarında bu mövzuda məlumatlara rast gəlirəm. Ona görə ümumi şəkildə də olsa, Azərbaycanın şou-biznesində baş verənlərdən məlumatlıyam.

- Ümumi mənzərə Sizə nə deyir?

- Əgər azad cəmiyyət olsa, kimlərinsə maraqlarına uyğun olan, bəyəndiyi hər hansı bir incəsənət sahəsindəki adamlarla, onların şəxsi həyatı, aralarında baş verən qalmaqalların cəmiyyətə çatdırılmasında normal yanaşmaq lazımdır. Bizim istəyimizdən asılı olmayaraq, əgər insanlar üçün hansısa məsələlər maraqlıdırsa, və ya insanların bir qismi cəmiyyətin ən azı bir təbəqəsi üçün əhəmiyyət kəsb edirsə, o məlumatların KİV-də yayılmasını normal qarşılamaq lazımdır. Ancaq hazırda Azərbaycan cəmiyyətinin fikirlərini ciddi problemlərdən yayındırmaq məqsədilə şou-biznes şişirdilir.

- Kimləri dinləyirsiz?

- Mən həmişə estrada musiqisinin həvəskarı olmuşam. Sevimli ansamblım “Boni M”, “ABBA” olub. Mirey Matyenin, Co Dassenin musiqilərinə qulaq asmağı sevmişəm. Azərbaycan xalq musiqisini dinləməyi xoşlayıram. Xüsusilə Qədir Rüstəmov, Könül Xasıyeva, Alim Qasımov və digər muğam ifaçılarına qulaq asmağı sevirəm. Tar musiqisindən də xoşum gəlir.

- Bəs bugünkü şou-biznes əhlindən kimləri bəyənirsiz?

- Röyanın mahnılarına qula asıram. Flora Kərimova həmişə mənim üçün favorit müğənnim olub və bu, indi də belədir. Zülfiyyə Xanbabayevanın da mahnılarına qulaq asıram.

- Adını çəkdiyiniz Flora Kərimova ilə İlhamə Quliyeva arasında baş vermiş qalmaqala münasibətiniz necədir?

- Təəssüf doğurur. Onların hər ikisi böyük müğənnilərdir. Düzdür, mən bu məsələdə obyektiv ola bilmərəm. Çünki mənim bu iki şəxsə şəxsi münasibətimdə fərqlər mövcuddur. Flora Kərimovanı yaxından tanıyıram, ona xüsusi rəğbətim var. İlham Quliyeva da kifayət qədər yaxşı səsə malik olan bir müğənnidir. Ancaq İlhamə Quliyevanın dediyi sözlərlə, işlətdiyi fikirlərlə, xüsusilə onun siyasi açıqlamaları ilə maraqlanmamağa, yalnız onun yaxşı, həzin səslə oxuduğu mahnıları dinləməyə üstünlük verirəm.

- Aygün Kazımovanı dinləyirsiz?

- Bəli, Aygün Kazımova populyar müğənnidir, mən də onun mahnılarını dinləyirəm.

- Bəs Faiq Ağayevlə Brilliant Dadaşovanı?

- Onları da dinləyirəm. Onların hər üçünü kifayət qədər normal müğənni hesab edirəm. Hesab edirəm ki, Azərbaycan estradasında mühüm rol oynayan şəxslərin adlarını çəkdiniz.

- Bəs Namiq Qaraçuxurlunu dinləyirsinizmi?

- O, mənim sevdiyim stildə oxumur. Namiq Qaraçuxurlunu demək olar ki, hər gün bütün televiziya kanallarında görürük. Ancaq dediyim kimi, oxumaq stili sevdiyim stil deyil.

- Oxumaq stili deyəndə nəyə nəzərdə tutursunuz? Namiq Qaraçuxurlu müğənni, yoxsa meyxanaçıdır?

- (gülür) Namiq Qaraçuxurlu indi yəqin ki, müğənnidir.

- Namiq Qaraçuxurlu ilə Aygün Kazımovanın münasibətləri barədə fikirlərinizi bilmək istərdik.

- Buna onların şəxsi işi kimi baxıram. Yəni bunun mənə aidiyyatı yoxdur.

- Azərbaycan müğənnilərinin kliplərini izləyirsinizmi?

- Düzü, klip həvəskarı deyiləm, ancaq rastıma çıxanda baxıram.

- O kliplər nə dərəcədə səviyyəlidir?

- Mən o sahə üzrə mütəxəssis deyiləm. Ona görə də, bu məsələ ilə bağlı birmənalı fikir bildirməyim düzgün olmazdı. Ancaq bizdə normal kliplər var. Məsələn, Eyyub Yaqubovun Mikayıl Müşfiq haqqında oxuduğu mahnıya çəkilən klipi çox xoşlayıram. “Yenə o bağ olaydı” mahnısı da uğurludu. Bundan başqa, Nazpəri Dostəliyevanın “Dilbərim” mahnısı və o mahnıya çəkilmiş klipi, xüsusilə xoşlayıram. Bu improvizasiyada o mahnı çox gözəl səslənib.

- Rəqsanə necə oxuyur?

- Belə... normal. Hesab edirəm ki, yəqin onun da həvəskarları var. Çünki normal səsə malik olan müğənnidir.

- Siz onu peşəkar müğənni sayırsınızmı?

- Belə işlərə qarışmaq mənim işim deyil. Özümü bu sahə, xüsusilə də yeni estrada sahəsi üzrə mütəxəssis hesab etmirəm. Ancaq hər halda musiqidən az-çox başım çıxır, ona görə də bilirəm ki, Rəqsanə səsi olan müğənnidir.

- Müğənnilərin həyatında yaşananların mətbuata çıxmasına münasibətiniz necədir?

- Görünür, bu, insanlar üçün maraqlıdır. Xüsusən internet saytlarda şahidi oluram ki, Azərbaycan üçün çox taleyüklü bir məsələyə aid məlumatı oxuyanlar iki müğənni arasında olan qalmaqalla bağlı xəbəri oxuyanların sayından qat-qat az olur. Görünür, insanlar bununla maraqlanırlar. Bu, təbliğ də olunur. Mən bunu müsbət hesab etmirəm. Ancaq demokratik düşüncəli adam kimi hesab etmirəm ki, belə şeylərin qarşısı zorakılıqla alınmalıdır. Əgər insanlar bununla maraqlanırsa və cəmiyyətdə bu cür məlumatlara tələb varsa, təbii ki, jurnalistlər öz yazılarında bu mövzulara üstünlük verəcəklər. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, bir sıra media quruluşları, xüsusilə Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya ölkəmizin ümummilli məsələlərinə, siyasi məsələlərinə diqqət yönəldə, insanların tarixi, ədəbiyyatı, mədəniyyəti öyrənməsinə və sevməsinə şərait yarada, bu istiqamətdə ciddi işlər görə. Təəssüf ki, bu sahədə olan nəticə uğurlu deyil. Etiraf etməliyəm ki, İctimai Televiziyanın bu sahədə müəyyən addımları və cəhdləri mövcuddur. Ancaq hesab edirəm ki, bu, yalnız mədəniyyət, tarix sahələrini əhatə etməməlidir. Bu televiziya həm Azərbaycanın, həm dünyanın siyasi mənzərəsini öz efirindən ictimaiyyətə çatdırmalıdır.

- Bəs müğənnilərin özləri üçün həyatlarında yaşananların mətbuata çıxması nə dərəcədə maraqlıdır?

- (deyəsən, sualı səhv başa düşür) Hesab edirəm ki, indi müğənnilərin “qızıl dövrü”dür. Heç vaxt müğənnilər indiki qədər dəbdə olmayıb. Mən arada diqqət yetirirəm: Azərbaycan cəmiyyətinə ən tanınmış, ən məşhur, ən varlı təbəqə məhz müğənnilər təbəqəsidir. Xüsusilə şou-biznes sahəsilə məşğul olan müğənnilər, toylarda oxuyan müğənnilər Azərbaycanın kifayət qədər fərqlənən və seçilən təbəqəsinə çevrilib. Etiraf edirəm ki, şou-biznes müğənniləri indiki vaxtı özlərinin “qızıl dövrü” hesab edə bilərlər.

- Sizcə, onların hamısının varlanmasında toy rol oynayır, yoxsa sponsorların da “əməyi” var?

- Fikrimcə, onların toyda oxuduqları hesabına imkanları genişdir. Çünki mən bilirəm ki, populyar müğənnilərin toylarda oxumasına görə təklif olunan qonorar kifayət qədər yüksək olur.

- Ancaq gənc xanım müğənnilərin əksərinin adının yanında hansısa varlı şəxslərin, onların övladlarının adı çəkilir...

- Mən insanların şəxsi həyatına qarışmıram.

- Demirik ki, konkret fakt üzrə danışın. Hər halda, belə söhbətlər var.

- Təəssüf ki, bu, təkcə ayrı-ayrı sənət sahələrinə aiddir. İstənilən sənətdə bu məsələlərə müxtəlif cür yanaşan insanlar var. Hər sahədə milli adət-ənənələrə riayət edən, ailəsinə sədaqətli olan insanlar var – yəni, bu, təkcə müğənnilərə aid edilə bilməz. Həmçinin hər sahədə də bu məsələlərə fərqli yanaşmalar həmişə mövcud olub. Sadəcə olaraq müğənnilər həmişə üzdə olublar, görünüblər. Onların şəxsi həyatları ilə hamı maraqlanıb. Ona görə də belə təəssürat yaranır ki, guya əgər insan müğənnidirsə, onun ailəyə sədaqətinə şübhə ilə yanaşmaq lazımdır. Mən qətiyyən bu fikirdə deyiləm, bu cür yanaşmanı da yanlış hesab edirəm.

- Söhbət ailəyə sədaqətdən getmir. Məsələn, elə xanım müğənnilər var ki, onlar heç ailə qurmayıblar...

- Bu, təkcə ailəyə yox, milli ənənələrə, prinsiplərə olan sədaqətlərə də aiddir. Fikrimcə, bu mövzuda suallar kifayət edər.

- Milli ənənələrdən danışdınız. Şou-biznes əhlinin geyimi milli adət-ənənələrimizlə nə qədər mütənasiblik təşkil edir?

- Niyə ki, müxtəlif dövrlərdə müxtəlif cür geyimlər olur. Məsələn, müğənnilər Novruz bayramı ərəfəsində milli geyimlərdə olurlar. Bu, həm də zövq, kimin nə cür zövqə malik olması məsələsidir. Mən hesab etmirəm ki, müğənnilərin geyimi Azərbaycanın kimliyinin təsdiqində hər hansı bir problem yaradır. O müğənnilər tamaşaçı diqqətini özlərinə cəlb etmək işi ilə məşğuldurlar. Onu kim hansı şəkildə edirsə, öz şəxsi işidir.

- Bəs jurnallarda dərc olunan bəzi müğənnilərin çılpaq şəkilləri? Bu da normaldırmı?

- Bu mövzuda danışmaq istəməzdim. Məncə, bu daha çox şou-biznes nümayəndələrinə aid olan sualdır.

- Meyxana və “ulduz” yarışmaları keçirilməsinə münasibətiniz necədir?

- Meyxana yarışmalarının keçirilməsi meyxananın bir sənət kimi nüfuzunun artmasına səbəb oldu. Bizim yeniyetmə olduğumuz dövrlərdə meyxana bir qadağan idi. Meyxana bir növ elitaya aid olmayan insanların ziyanlı məşğuliyyəti hesab olunurdu. Ancaq Azərbaycan xalqı daim meyxanaya meyl göstərib, meyxananın sevən insanlar olub. Ona görə də bu gün meyxananın leqallaşdırılması, onun bir janr kimi formalaşdırılması istiqamətində addımların atılmasına normal yanaşıram. Ancaq istər “Yeni ulduz” yarışmaları, istərsə də meyxana yarışmaları olsun; bunlar Azərbaycan cəmiyyəti həyatının əsasını təşkil etməməlidir. Təəssüf ki, bəzən telekanallar ifrata varırlar, eyni vaxtda müxtəlif televiziya kanallarında meyxana yarışmaları gedir, bir yarış digərini əvəz edir. Bu sözlər “ulduz” seçilməsi yarışmalarına da aiddir. Hər bir şey əndazədə olanda yaxşıdır. Bu yarışların sayı yox, keyfiyyəti yüksəlsə, daha ciddi şəkildə keçirilsə, bu, ancaq xeyirli olar.

- Manaf Ağayevi tanıyırsınızmı?

- Manaf Ağayev... Səhv etmirəmsə, müğənnidir.

- Söhbət “Toylar kralı” olan Manaf Ağayevdən gedir...

- Hə, Manaf Ağayevi tanıyıram. Bilirəm ki, o, toylarda müğənni kimi oxuyur. Manaf adı dərhal mənim beynimdə dərhal müğənni adını xatırladır. Musiqinin o sahəsi mənim maraq dairəmdə deyil. Ancaq mən bilirəm ki, əvvəllər “toylar kralı” adlandırılan Səməd Səmədov, həmçinin bu tipli digər şəxslər də toyların kifayət qədər maraqlı keçməsinə səbəb olurlar. Məsələn, mən Səməd Səmədovun idarə etdiyi bir-iki toy məclisində iştirak etmişəm. Açığını deyim ki, həmin toylar kifayət qədər yüksək səviyyədə idi və Səməd Səmədov toyun bir tamaşaya çevrilməsinə nail olmuşdu. “Toylar kralı” verilişinə baxmamışam, ancaq bilirəm ki, belə bir yarışma var idi. Onu da bilirəm ki, kimlərsə əvvəllər “toylar kralı” adlandırılan Səməd Səmədova qarşı öz iddialarını ortalığa qoymuşdular. Yəni, belə şeyləri ümumi şəkildə xatırlayıram. Mənim Manaf Ağayevi dərhal tanımamağım o demək deyil ki, bu müğənni Azərbaycan cəmiyyətinə lazım deyil. Manaf Ağayev kimlərəsə lazımdır, kimlərsə ona qulaq asırlar. Mən, məsələn, Alim Qasımovun muğamını xoşlayıram. Onu da bilirəm ki, hətta muğam ustaları arasında da Alim Qasımovu qəbul etmək istəməyən şəxslər var.

- Sizə səlahiyyət verilsəydi, Azərbaycan şou-biznesində nəyi dəyişərdiniz?

- Bir az hay-küyü azaltmağa çalışardım. Bir qədər münasibətlərdə pərdənin olmasına, xüsusilə efirdə, televiziyada müxtəlif məsələlər haqqında danışılarkən həddən artıq çılpaq danışıqlara yol verilməməsinə çalışardım. Özü də bu, yalnız müğənnilərə aid deyil, həm də şou-biznes sahəsilə məşğul olan jurnalistlərə də aiddir. Onlar bir çox hallarda müğənnilərin çılpaqlığından danışırlar, ancaq xoşagəlməz çılpaqlıq sözün, nitqin çılpaqlığıdır. Düşünürəm ki, bu sahə ilə məşğul olan televiziya və qəzet jurnalistləri öz danışıqlarında həddən artıq çılpaqlığa yol verirlər. Çılpaqlığın bir qədər azaldılması bu, onların nüfuzuna da müsbət təsir edər.

- Dediyiniz o hay-küyü daha çox hansı müğənnilər yaradır?

- Mən ad çəkmək istəməzdim, ancaq bu sahədə sanki bir yarış başlayıb.

- Məsələn, Rəqsanənin övladı ilə bağlı yaranan olay yadınıza gəlirmi?

- Yox, xatırlamıram. Ancaq bilirəm ki, onun üzərinə çox böyük hücumlar var idi. O da bu hücumlardan müdafiə olunurdu. Ümumi şəkildə yadımda qalıb, mövzunun nədən olduğunu xatırlamıram.

- Rəqsanə ilə bağlı olanları hücum hesab edirsiniz?

- Bəli, ona nə isə hücumlar var idi. Görürdüm ki, televiziya kanallarında ona qarşı ifadələr səslənirdi. Motivi isə xatırlamıram.

- Onun anası və bacısının insan alverində suçlanması da hücum idi?

- Bu istiqamətdə daha danışmayaq...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617

Oxşar yazılar