“Rafael İsgəndərov dedi ki, gəl sənə dərs keçim, bu qorxu səndən çıxsın” - MÜSAHİBƏ
04 sentyabr 2010 17:20 (UTC +04:00)

“Rafael İsgəndərov dedi ki, gəl sənə dərs keçim, bu qorxu səndən çıxsın” - MÜSAHİBƏ

Müğənni Nuranın Lent.az-a müsahibəsi


- Nura, son illər musiqidə irəliləyişin daha aydın gözə görünür. Albomlar, kliplər bu işə həvəskar kimi deyil, ciddi yanaşdığından xəbər verir. Səni indi qəbul etməyə başlayıblar?

- Əvvəllər ola bilər ki, mənim oxuduğum janr qəbul olunmurdu. Bu gün isə artıq bir çoxları məhz bu janra müraciət edirlər. Və qəbul olunub. Hətta toy məclislərində də saat 10-dan sonra disko janrına daha çox müraciət edirlər.

- Bəyənilməyi nədə hiss edirsən?

- Mən səhnəyə gələndə yenilik etdim. Bu janr yalnız gənclər tərəfindən qəbul olundu. Ancaq üstünlüyüm də oldu. Çünki individuallığımı ortaya qoya bildim. Məni heç kimsəyə bənzətmədilər. Əsas odur ki, məni Azərbaycan şou biznesində olan heç bir müğənni ilə müqayisə etmədilər. Ədalət də öz janrında yek idi, ona görə də gələn kimi, bizim dillə desək, tutuzdurdu. Eləcə də mən. Əsas odur ki, məni heç kimə bənzətmirlər. Bizim səhnədə elə hallar var ki, deyirlər özünü Brilliant xanıma, Aygünə bənzədir. Mən də bu şeylərlə rastlaşmaq istəmədim. Mənə deyəndə ki, oxuya bilmirsən, gülməyim gəlir. Oxuya bilmir o insan ki, səsi falşdır, oxuyanda deton olur. Heç kim deyə bilməz ki, mən falş oxuyuram, ya da ifalarım nota düşmür.

- Birdən bunu peşəkar adam dedi və sübuta yetirdi?

- Mən musiqiyə gələndə Svetlana Mirzəyevadan vokal dərsləri alırdım. O desəydi Nura, müğənnilik sənlik deyil... başqa məsələ. Teymur Əmrahın da yanına getmişdim, "Rast" qrupuna da getmişdim. Yəni mən özbaşına müğənni olmaq istəyirəm deməmişəm. Uşaqlıqda “Bənövşə” uşaq xoruna getmişəm, fortepiano ilə məşğul olmuşam. Mənim musiqiyə həvəsim olub. Erkən ailə qurduğuma görə bu sənətin arxasınca getməmişəm. 91-ci illərdə “İmkan” qrupu var idi, Anar Mədətov, Xoşbəxt Abdullayevlə çalışırdım. Mahnılar bəstələmişəm, indiyə qədər bu haqda danışılmır, bilmirəm niyə? Həmişə çalışırlar ki, məni başqa tərəfdən göstərsinlər. Bu da rəqabətdir. Əgər mənim istedadım olmasaydı, heç kim özünə rəqib görməzdi və haqqımda bu qədər danışılmazdı. Əgər kimlərsə vaxtını sərf edib özünü yorurlarsa... Oxuduğum tərz bəzilərinin zövqündə olmadığına görə, bəlkə də bu səbəbdən "oxuya bilmir" sözünü işlədirdilər. Belə də ki, tənqid etməyə başqa nə deyə bilərdilər ki? Deyə bilməzdilər ki, zövqü yoxdur? Deyə bilməzdilər ki, ağlı yoxdur, özünü apara bilmir? Bu sözləri yapışdıra bilmədiklərinə görə ən asan tənqid "oxuya bilmir" deməkləri idi. Necə oxuya bilmir? Oxuya bilmirdi, səsi yox idi, nə oldu, birdən birə möcüzə baş verdi? İstedad ya olur, ya olmur. Ay bala, insan addım-addım gəlib hansısa pilləyə qalxıb özünü sübut etməlidir. Bir mahnı ilə qalxanları da görmüşük, sonradan necə düşdüklərini də. Müğənnisənsə bu sənətdə əziyyət çəkməlisən, pillə-pillə qalxmalısan. Bir də mənim komandam olmayıb ki, dəstəkləyə! Həmişə öz başıma, anamın, evdəkilərin məsləhəti ilə hərəkət etmişəm, səhvim olubsa da, özümün olub, uğur əldə etmişəmsə də özümün olub.

- Qeyd etdin ki, pedaqoqdan dərs almısan, o səni dinləyəndə hansı tövsiyəni verdi, hansı müsbət fikirləri dedi?

- Əslində səsim metsa-sopranodur, vokalçı ola bilərdim. Səsimin rəngi vokalda daha gözəl səslənir. Lakin vokal dərslərini daha çox alsaydım, artıq estradadan uzaqlaşardım.

- Yəni pedaqoq belə məsləhət görmüşdü...

- Yox, pedaqoq məsləhət görməmişdi. O müəllimi mənə Teymur Əmrah məsləhət görmüşdü. O elə müəllimdir ki, istedadımı görməsəydi, vaxtını iki il mənə sərf etməzdi. Əslində mənim başqa bir problemim olub, kütlədən qorxurdum. Pedaqoq yanında, fortepianoçu ilə məşqlər zamanı, studiyada yalnız səs rejissoru olanda oxuyurdum, ancaq başqa bir insanın iştirakı olanda özümü itirirdim, səsimi boğurdum. Hətta bir dəfə mənim Rafaellə( Bu şəhərdə) belə bir söhbətimiz oldu. Rafael mənə dedi ki, biz kütlədən qorxmamağın dərslərini almışıq, gəl istəyirsən, mən sənə dərs keçim, bu qorxu səndən itsin. O da yadımdadı, ilk çıxışımız Lenin sarayında (indiki Heydər Əliyev sarayı) "İmkan" qrupu ilə oldu. Böyük kütlə qarşısında çıxış etmək məni o qədər həyəcanlandırdı ki, çıxışım bitdikdən sonra kulis arxasında ürəyim getmişdi.

- Lakin indi sənə baxanda heç deməzsən.

- Bu ilk addımlarımı atanda belə idi. Birdən-birə çevrəndən çıxıb insanların arasına düşürsən. Mənim üçün səhnə arxası bəzi şeylər maraqlı idi. Heç bilməzdim ki, səhnədə insanlar üzünə gülüb, arxanca quyu qazarlar. Hansısa verilişdən, banketdən səni uzaqlaşdıra bilərlər. Bu şeylər mənim üçün yaxşı deyildi. İnsanlardan qeyri-səmimilik gördükcə artıq başladım öyrəşməyə. Allahdan arzum o idi ki, mən də bu virusa tutulmayım. O filmlərdə olur e..., vampirlər, dişləyir, vampir olur.

- Sən də bu çirkinliyə bulaşmayıb təmiz qalmaq arzusundasan?

- Canavarlarla bir yerdə olsan, onlarla ulamağa başlayarsan.

- Canavarların arasında özünü necə görürsən?

- Hələ ki, öz boşqabımdayam. Özümü qoruyub saxlayıram. Çevrəmə fikir verirəm. Bu hamıya şamil olunmur. Yaxşılar da var, pisdə var.

- Axı heç də dediyin kimi zəif görünmürsən axı.

- Yox, mən zəif deyiləm. Məni vurub çıxarmaq, həvəsdən salmaq mümkün deyil. Artıq püxtələşmişəm. İmmunitetim yaranıb.

- Bax sənin həyatına nəzər salsaq hansı daha üstündür, gözəl ana, qadın, yoxsa sənətçi?

- Birinci növbədə gözəl anayam. Uşaqlarım mənim üçün hər şey deməkdir. Bütün xoşbəxtliyim onlarla bağlıdır. 19 yaşında ana olmuşam. Özümü başa düşməyə başlayanda artıq ana olmuşdum deyə, analıq hissi mənim üçün öndə olub. Özümə baxmaq, zövqlü olmaq da Allah vergisidir. Həyat müvəqqətidir. Çalışmaq lazımdır həyatda hər şeyi gözəl edəsən. Bunun üçün düzgün addım atmaq lazımdır. Ata-ananın qədrini biləsən. Şüur altında bunlar varsa, o öz işini görəcək.

- Bu sənin şüuraltı düşüncələrindir. Bəs sənin haqqında nə düşünürlər? Özün haqqında daha çox hansı yaxşı və pis fikirləri eşidirsən?

- İnsan öz yaxşı və pis cəhətlərini bilir. Mənim pis cəhətim çox emosional olmağımdır.

- Mən kənardan qiymətləndirməni soruşuram.

- Baxır kimin fikridir. Şəxsiyyət kimi formalaşmayan, sözlərinin dəyəri olmayan insanın haqqımda dedikləri mənim üçün maraqlı deyil. Belələrini eşitmirəm.

- Bəs dəyərli insandan hansısa mənada tənqid, məzəmmət eşitmisən?

- Heç kim ol, heç nə etmə, bu zaman tənqidə tuş gəlməzsən. Bu, ağıllı insanların sözüdür. Əgər göz önündəsənsə, iş görürsənsə, mütləq tənqidlə üzləşməlisən. Əgər sənin hər hansı sözünə, hərəkətin reaksiya varsa, diqqətdən kənarda qalmamısansa, deməli, hər şey yaxşıdı. Bəli, mən ideal deyiləm. Yer üzündə mələk görsəniz, mənə də xəbər edin. Hər insanın səhvi var.

- Konkret soruşuram. Nəyi tənqid ediblər və nəyi özündə təlqin edə bilmisən?

- Mən xaricdə yaşamışam və Azərbaycana gələndə bilmirdim ki, mentalitet fərqlidir. Söz danışanda tam səmimi danışırdım, başa düşmürdüm ki, mənim danışığımdan başqa cür nəticə çıxara bilərlər. Məəttəl qalmışdım. Məni insanlara pis göstərmək belələrinə nə verirdi ki? Bir də onu başa düşdüm ki, kitablarda oxuduğum, öz-özümə yaratdığım dünya əslində yoxdur. Çox şeylər var ki, özümdə düzəltdim. Yalan danışa bilmirəm, bu da ona görə beynimdə qalıb ki, yalan ən böyük günahdır. Həyat mənə çox şey öyrətdi. Görəndə ki, insanlar biri birinin səmimiliyindən istifadə edib, səbəbsiz yerə könül bulandırır, onda insanlarla münasibətində ehtiyat etməyə başlayırsan. Hər kəsin həyatında olduğu kimi, mənim də başım o qədər ağrıyıb, aldadılmışam ki... Ən vacibi odur ki, insan etdiyi səhvlərdən nəticə çıxara bilsin. V ay o adamların halına ki, bir səhvi bir neçə dəfə təkrar edir.

- Ətrafında yalançı insanlar çoxdur.

- Bir dəfə bir psixoloqla bu haqda söhbətim oldu. Soruşdum ki, niyə yalanı bu qədər faciəli qəbul edirəm. Yalanı özümə qarşı təhqir kimi qəbul edirəm. Yalanı həzm edə bilmirəm. O mənə məsləhət gördü ki, bu məsələyə bu qədər ciddi yanaşmayım, ürəyimə bu qədər yaxın buraxmayım. Bu bizim həyatımızda mütləqdir. Elə yer var ki, orda yalan danışmalısan. Sən yalan danışa bilirsənsə, bu günaha yazılmır. Hər şey nisbidir. Mən fikirlərimi ona görə xırdalayıram ki, dəqiq fikrimi çatdırım. Əgər sənin dediyin yalan heç kimi ziyan vurmursa, xoşməramlı yalandırsa, kimisə ölümdən qaytaracaq, kiminsə həyatın xilas edirsənsə, kiminsə sirrini qorumaq naminə yalan danışırsansa və s. Yəqin ki, belə yalanları qəbahət kimi qəbul etməmək olar.

- Elə adamlar da var ki, kiminsə nəsə deməyinə də ehtiyacı yoxdur, özləri daha mükəmməl şəkildə qavrayır və o fikri çatdırmağı bacarırlar.

- Ola bilər. Nə bilim mənim üçün yeni insanlarla ünsiyyətə girmək çox çətindir. Çünki insanlara etibarım yoxdur. Ancaq anama-atama, Allahıma, inamım var. Çevrəmdə olan insanları artıq tanıyıram və onlara etibar edirəm. Yeni insanlarla isə gec ünsiyyət qururam və demək olar ki, onlara etibar etmirəm.

- Lakin imanlı və həyatda düzgün yaşamağa çalışan insan insanlara inanmalı, sona qədər etibar etməlidir.

- Artıq yorulmuşam kimisə analiz etməkdən, sınağa çəkməkdən. İstəmirəm mənə zərbə dəysin. Bu artıq mənim zəifliyimdir. Yeni insanları qəbul etmək mənim üçün problemdir. Mənim səbəblərim var.

- Səbəb nə olur-olsun, bu düzgün məntiq deyil.

- Hər şey nisbidir. Heç zaman Allaha inamımı itirmərəm. İnsanlar niyə get-gedə belə olub? Çox şeylər səhv düşüb. Babalarımıza analarımıza nəzər salsaq, onlar üçün vacib olan dəyərlər - dostluq, sevgi, hörmət, vicdan, böyük kiçiklik önəmli idi. Bu gün isə insanlar üçün maddiyyat birinci plandadır. Ona görə də mənəviyyat itib gedir. İnsanlar o qədər maddiyyata uyublar ki, süni yolla virus hazırlayıb, insanları xəstəliyə düçar edirlər ki, sonra da bunun üçün hazırladıqları dərmanları satıb, pul qazansınlar. Dünyada 3-4 böyük ölkələrdə xüsusi elmi mərkəzlər tikilib ki, onlar hətta süni şəkildə təbii fəlakətlər (sel, tufan, zəlzələ...) yaradırlar. İnsanlar artıq Allaha işinə müdaxilə etməyə başlayıblar. Burda hansı inamdan danışmaq olar?

- Nura, indi maşındasan?

- Hə, maşındayam.

- Maşından düş və insanlardan soruş, hamı sənin kimi insanların pis olmağından şikayətlənəcək. İnsanlar dəyişiblər. Elə insanların dəyişməsinin səbəbi də odur da! Heç kim bir-birinə inanmır və bir-birlərinin haqqında pis danışır.

- Mənim dediklərim faktlar idi. Sadəcə insanların mənəvi dəyərləri dəyişib. Mən insanların biri-biri barəsində pis danışmağının əleyhinəyəm. Yenə qeyd edirəm. Bu hər kəsə şamil olunmur. Elə etmək lazımdır ki, insanlarda müsbət tərəfləri görməyi bacarasan.

- Bax deyirsən ki, xaricdə yaşadım, demokratik danışıq qəbul olunmadı. Bizdə qapalı geyinən müğənniyə, nitqində sərhəd saxlayana hörmətlə yanaşırlar...

- ...Yox böyük səhviniz var. Tam əksidir, sataşan insanların reytinqi daha çoxdur.

- Mən kütlənin yanaşmasını nəzərdə tuturam. Bir də bizdə daha çox ailəli müğənnilər daha çox sevilir...

- ...Nə danışırsan? Yox, sən indi öz dediyinə inanırsan? Efirlərə baxıb, saytları oxumursan? Görmürsən ki, insanların dəstəklədikləri şou biznes əhli daha çox kimlərdi? Məşuqələrini reklam edib bu barədə açıq-aşkar danışan insanlar, özündən yaşda, sənətdə böyük olanlara söz atanlar, biri-biri haqqında olan olmazın sözləri deyib, sonra biri-birini ilə qucaqlaşanlar və s. kimi şou biznes əhli daha çox qəbul olunur və daha çox sevilir. Hansı maqazin proqramında, abırlı, həyalı danışan müğənninin reklamını görmüsən? Abırlı, həyalı müğənnidən ildə bir dəfə müsahibə götürüb verilişlərə çıxarsalar, böyük işdir.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2224

Oxşar yazılar