Sevgilisinin qohumunun evinə basqın edən kuryerə AĞIR CƏZA
21 iyul 2025 14:23 (UTC +04:00)

Sevgilisinin qohumunun evinə basqın edən kuryerə AĞIR CƏZA

Silahlı basqında ittiham olunan kuryerin məhkəmə istintaqı başa çatıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Cavidan Əhmədlinin cinayət işi üzrə hökm oxunub.

Zərərçəkmiş şəxs Solmaz Mirzəyeva məhkəməyə vəsatət verərək, cinayətin təkcə Cavidan Əhmədli tərəfindən deyil, qeyri-rəsmi həyat yoldaşı Südabə Vəliyeva ilə birlikdə törədildiyini bildirib və istintaqın həmin şəxslə bağlı da yenidən  aparılmasını, ibtidai istintaqa qaytarılmasını istəyib. 

Dövlət ittihamçısı vəsatətə sübutların yetərli olmadığını əsas gətirərək etiraz edib.

Məhkəmə müşavirədən sonra qərar qəbul edib və zərərçəkmişin vəsatəti təmin olunmayıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Cavidan Əhmədliyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi onun hepatit C və QİÇS xəstəliklərindən əziyyət çəkdiyini, himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq, cəzanın yüngülləşdirilməsini xahiş edib.

Cavidan Əhmədli son sözündə səhhətində problemlər olduğunu bildirib və mümkün qədər yüngül hökm çıxarılmasını xahiş edib.

O, həmçinin son dəfə anasının məzarını ziyarət etmək istəyini ifadə edib.

Müşavirədən sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, Cavidan Əhmədli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,Cavidan Əhmədli 2024-cü ilin sentyabr ayında qeyri-rəsmi nikahda yaşadığı qadının Balaxanı qəsəbəsində yaşayan qohumunun mənzilinə silahlı basqın edib. O, əvvəl kuryer kimi fəaliyyət göstərib. Hadisə zamanı mənzilə qanunsuz daxil olan Əhmədli xeyli miqdarda əmlak ələ keçirib və bu zaman silah və ya silah qismində istifadə edilən əşyadan istifadə edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (silahlı quldurluq, mənzilə daxil olmaqla və əmlak ələ keçirməklə törədildikdə) ittiham irəli sürülüb.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar