Astarada mağazadan oğurlqu edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə Astara rayon sakini Ş.İsayev polisə müraciətində bildirib. Onun sözlərinə görə, axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfər şəxsdən biri onun diqqətini yayındırıb, digəri isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk edib.
Astara rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb. Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib. M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.