Lerikdə DƏHŞƏTLİ QƏTL:  meyiti tapılan oğlanı qazi öldürübmüş - YENİLƏNİB
05 iyun 2025 13:50 (UTC +04:00)

Lerikdə DƏHŞƏTLİ QƏTL: meyiti tapılan oğlanı qazi öldürübmüş - YENİLƏNİB

Lerik rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 35 yaşlı Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata əsasən, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 34 yaşlı Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib.

Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən  “Makarov” tipli tapança, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən 1 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə müvafiq prosessual hərəkətlər icra, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

***
11:54

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.

O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib.

Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.

Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır.

Hadisə namus üstündə baş verib?

Oxu.Az-ın məlumatına görə isə, hadisə namus üstündə baş verib. Məlumata görə, qətlə yetirilən Şahin Şərifov bir müddət öncə Elşən Ağayevin həyat yoldaşına söz atıb və onunla sevgili olmaq istəyib. E.Ağayevin həyat yoldaşından rədd cavabı alan Ş.Şərifov qadın haqqında şaiyələr yayıb.

Məsələdən xəbər tutan E.Ağayev iyunun 1-də evində saxladığı "Makar" markalı tapança ilə silahlanaraq Ş.Şərifovu şəhərin kənarında yaxalayıb. O, Ş.Şərifovu baş və ürək nayihəsində 7 güllə yarası ilə qətlə yetirib. Daha sonra o, meyiti maşına qoyaraq Monidigah kəndinin ərazisinə gətirib, orada yolun kənarından 60 metrlik dərəyə atıb.

Hadisədən sonra E.Ağayev heç nə olmamış kimi davranıb, şəhər ərazisində rahat gəzib, ad günləri və toy məclislərində iştirak edib. Hətta E.Ağayev hadisədən sonra hər gün həmin əraziyə gələrək, yolun kənarından meyiti atdığı dərəyə baxırmış. Dünən günorta saatlarında da E.Ağayev dostları ilə yeyib-içmək məclisinə gedərkən idarə etdiyi avtomobili həmin ərazidə saxlayıb, meyiti atdığı yerdə dayanıb siqaret çəkib, sonradan yoluna davam edib. Amma dostları onun bu hərəkətindən şübhələnməyiblər. Dünən axşam saatlarında meyit dərədə aşkarlanıb. Keçirilən əməliyyat nəticəsində meyitin qətlə yetirildiyi məlum olub və E.Ağayev saxlanılıb.

***

saat 23:43

Xəbər verdiyimiz kimi, Lerik rayonunda itkin düşən şəxsin meyiti tapılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs öldürülübmüş. Onun qətlində isə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.

Belə ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb. 

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib. 

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3670

Oxşar yazılar