Rasim Məmmədov
07 fevral 2022 18:56 (UTC +04:00)

Rasim Məmmədov

Dörd dəfə həbsdə yatan residivist necə baş nəzarətçi oldu? - ARAŞDIRMA

“İctimai Nəzarət Koalisiyasının perspektiv planları təşkilatlanma ilə bağlıdır. Biz maksimum dərəcədə fəaliyyət göstəririk ki, digər təşkilatlar da bu koalisiyaya üzv olsunlar. Hazırda koalisiyaya 24 təşkilat üzvdür”.

Bunu hələ 7 il əvvəl demişdi bir qədər əvvəl həbs edilən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov. 

Amma çox keçməyəcək, artıq bu Koalisiyanın tərkibində 113 Vətəndaş Cəmiyyəti təsisatı - QHT, KİV, qəzet, İnternet TV, portal və saytları birləşəcəkdi. Və bu da son deyildi. Son olmayacaqdı. Əgər onu həbs etməsəydilər. 

Kimdir axı bu Rasim Məmmədov? Necə olmuşdu ki, yüksək rütbəli məmurlardan tutmuş, tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinə kimi onlarla adamı cazibəsinə çəkə bilmişdi? İmtiyaz sahibi idi. Sözü keçirdi, sözünü keçirə bilirdi? 

Məmmədov Rasim Adil oğlu 11 iyul 1964-cü il tarixdə anadan olub. 3 il əvvəl 55 illiyini təntənəli şəkildə keçirəndə onu təbrik etmək istəyənlərin növbəsində hamımızın yaxşı tanıdığı şəxslər də düzülmüşdü. 

Adama elə gəlirdi ki, kristal kimi pak görünən sədr bütün ömrü boyu haqq-ədalət carçısı olub, şərə, qaranlığa - lap haqsızlığa da oxuya bilərsiniz - mübarizə aparıb. Hə, bu ilk baxışda sizə elə görünə bilər. Amma onun həyat yoluna nəzər salanda, tamam fərli, deyilənlərdən ağlasığmaz qədər uzaq olan məqamları görürsən. Özünü xeyriyyəçi, ictimai fəal, cəmiyyətdəki əskikliklərin qənimi kimi göstərən Məmmədov əslində sıradan bir dələduzdur. 

Təsəvvür edin, İctimai nəzarət koalisiyasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydiyyata almayıb. Nazirliyin reyestrində qeyri-hökumət qurumları arasında belə bir təşkilatın adı yoxdur. Amma onun nəinki Azərbaycanın hər bölgəsində, bu və ya digər ölkədə belə şöbələri fəaliyyət göstərir. Bu məqama qayıdacağıq. Amma hələ ki Rasim Məmmədovun keçmişinə nəzər salaq.

Siz təsəvvür edirsinizmi, bu adam bir neçə dəfə həbs həyatı yaşayıb. Onun həbsxana ilə tanışlığı çox erkən başlayıb. 1980-ci ildə, 20 yaşında SSRİ Cinayət Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən vəzifədən sui-istifadə, səhlənkarlıq və qəsdən şəxsə ağır bədən xəsarəti yetirmə ittihamı ilə 5 il azadlıqdan məhrum edilib. Əldə etdiyimiz bilgiyə görə, o, bu cinayəti əsgərliyinin başa çatmasına az qalmış törədib. Daha doğrusu, 2 il onu şantaj və özbaşınalıqlarına dözən komandir, Rasimi cəmiyyət içərisinə bu şəkildə yollamağı zabit şərəfinə sığışdırmayıb, onu ağıllanması üçün 5 il həbsə göndərib. 

Həbsdən 1980-ci ildə çıxıb. Amma sovet paytaxtı Moskvanı tərk etməyə tələsməyib. Bir dəfə çörək növbəsində tanış olduğu özündən 38 yaş böyük Nadejda Vladimirovna Malışovaya kirayə ev axtardığını deyir. Onu dilə tutan Rasim Moskvada yaşamaq hüququ əldə etmək üçün qadınla rəsmi nikaha girir. Rasimə ümid bağlayan Nadejda xanım bir də onda ayılır ki, evindən qızılları yoxa çıxıb. Məmmədov onun iki qırmızı qaş üzüyünü və boyunbağısını satmaq istəyəndə yaxalanır. Onun haqqında etibardan sui-istifadə etməklə əmlak ələ keçirmə maddəsi ilə cinayət işi açılır. 2 il 3 ay müddətinə ikinci dəfə həbsə məhkum olunur. 

Həbs müddəti bitəndən sonra Azərbaycana qayıdır. 1996-cı ilin 30 sentyabrında Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hökmü ilə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 145.2, 145.3, 145.4, 145.5, 145.6-cı (Qabaqcadan əlbir olan bir dəstdə şəxs tərəfindən, silah işlətməklə, xüsusi təhlükəli residivist tərəfindən, banditizim etmiş şəxs tərəfindən və zərər çəkənə küllü miqdarda ziyan vurmaqla quldurluq edib) və 220-ci maddələri ilə (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və satma) 8 il azadlıqdan məhrum olunur. Amma 2001-ci ildə amnistiya qərarı ilə azadlığa buraxılır. 

Onun haqqında sonradan daha bir dəfə cinayət işi qaldırılır, haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilir. Amma bir neçə gündən sonra necə olursa azadlığa buraxılır. 

Tale onu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə aparıb çıxarır. Özünü hər yerdə qurumun I vitse-prezidenti kimi təqdim edir. Sonradan reket və dələduzluqla məşğul olacaq İctimai Nəzarət Koalisiyasını da bu qurumun və özünün sədri olduğu Sabitlik və İnkişaf Mərkəzinin vəhdətindən təşkil edir. 

Koalisiya rəsmən Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Buna baxmayaraq Rasim Məmmədov öz şantaj yuvası üçün möhür və ştamp hazırlatdırıb. Və bunu necə edib, o da məlum deyil. 

Bundan sonra isə Məmmədov özünün də yuxarıda dediyi kimi ciddi təşkilatlanmaya başlayır. Azərbaycanın bütün regionlarında şöbələrini yaradır. Minlərlə insana üzvlük vəsiqəsi verir. Şöbə sədrləri təyin edir. Şantaj, təhdid, dələduzluqla çirkli və böyük pullar qazanılır. 

Amma Azərbaycan Məmmədova dar gəlir. 2019-cu ildə Rasim Məmmədov İsveçrədəki Nurçu camiəsi ilə əlaqə yaratmağa başlayır. Özünü Azərbaycanda ictimai nəzarəti həyata keçirən qurumun rəhbəri kimi təqdim edən Rasimə dərhal maraq göstərirlər. Bu ölkənin Surix şəhərində görüşən ortaqlar Azərbaycanla bağlı planlar qurmağa başlayırlar. Onlara bol vədlər verən Rasim Məmmədov Hakan Sarı adlı birini qeydiyyatı olmayan qurumun İsveçrə bölməsinin rəhbəri təyin edir. Hakan Sarının İsveçrədə Gülənin əsas adam olmasını bu ölkədə yaşayan türklər də, azərbaycanlılar da çox yaxşı bilir. Növbəti görüşdə Sarı qurumun bütün Avropa üzrə təmsilçisi elan olunur. Onların iş adamlarından Azərbaycandakı ictimai işlərə yardım adı ilə pul toplaması həm türk, həm də azərbaycanlı iş adamlarının diqqətini çəkir. Bununla bağlı Azərbaycanın İsveçrədəki səfirliyinə müraciət olunur. 

2020-ci i noyabrın 21-də bu dəfə Sarı Bakıya gəlir. Koalisiyanın “Azərbaycan” Nəşriyyatındakı ofisinə gələn Sarı 5 saat sonra ölkəni tərk edib. Müəmmalı məqamlardan biri də budur. Belə qısa müddətli səfər əcəba hansı məqsəd daşıyıb? 

2021-ci il martın 18-də isə İctimai Nəzarət Koalisiyasının Rusiya Nümayəndəliyi təsis olunur. Hüquq elmləri doktoru, Rusiya Federasiyasının əməkdar vəkili Valeh Abbasov nümayəndəliyin sədri təyin edilir. 

Bir maraqlı məqam: Sən demə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il 1-ci qrant müsabiqəsinin qalibləri arasında Rasim Məmmədovun sədri olduğu Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanaraq təqdim olunan “Nəqliyyata ictimai nəzarət": ictimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək”  layihəsi də qalib gəlib. 

Azərbaycanın bir çox tanınmış simaları bu qurumun həm sıravi, həm də rəsmi üzvləridir. Qurumda yüksək vəzifə tutanlar da var. Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov Koalisiyanın Himayədarlar Şurasının sədri seçilib. Uzun illərdir ki, Koalisiya “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsini özünə qərargah seçib. Qurumun reketlər yuvası sayılan nəşriyyatda yerləşməsi də haradasa bir mistikadır. Amma bunu boş verin. Sən demə, İctimai Nəzarət Koalisiyasının belə bir departamenti varmış: Analitik Beyin Mərkəzi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6156
avatar

Səbuhi Sədəf

Oxşar yazılar