Bəlkə o altı nəfərdən biri:  Qan davası davam edir...
01 aprel 2022 20:15 (UTC +04:00)

Bəlkə o altı nəfərdən biri: Qan davası davam edir...

Onun, kriminal aləmdə “Rafiq Masallinski” kimi tanınan Rafiq Eyvazovun oğru adını Quli əlindən almışdı. Daha sonra isə lap pis cəzalandırmışdı. Lent.az xəbər verir ki, hadisə isə belə baş vermişdi: Rafiq Eyvazov 2016-cı ilin əvvəlində İstanbulda Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşərək, müəyyən məbləğ qarşılığında azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin  qardaşlarının ( onlardan biri Namiq “qanuni oğru”dur) yerini söyləməyə razılaşıb. Bir müddət sonra bundan xəbər tutaraq əsəbiləşən “Lotu Quli” Eyvazovun ələ keçirilərək  cəzalandırılmasına göstəriş verib. Bildirilir ki, Qulinin adamları tezliklə, Eyvazovu tutaraq vəhşicəsinə döydükdən sonra onun qulağını da kəsiblər. Ən maraqlısı budur ki, “Masallı Rafiq” kimi tanınan Eyvazovun qulağının kəsilməsini hazırda Azərbaycanda həbsxanada cəza çəkən Quli “skayp” vasitəsilə şəxsən izləmişdi. 

Həmin vaxt Eyvazov isə bu təhqirə görə qisas almağa qərar vermişdi. Və qisasını da almışdı. 2016-cı il sentyabrın 12-də Tiflisdə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində Elşən Məmmədov adlı avtoritet güllələnmişdi. Həmin vaxt 42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışda imiş. Bu həmin Elşən idi ki, kriminal aləmdə “Lotu Quli”nin “cəlladı” kimi tanınırdı.  Məhz  o, “Rafiq Masallınski”ni restorana qonaqlığa dəvət edib, daha sonra sol qulağını kəsərək görüntülərini videoya çəkmişdi. Bu qətl isə həmin hadisənin qisası idi. 

Bu hadisədən dərhal sonra Odessada “Quli”nin iki yaxın adamı - İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildi. Onların hər ikisi yaralandı. Bu işin arxasında da “Rafik Masallınski”nin əli olduğu deyilirdi. 

Elə həmin ay Sankt-Peterburqda Cabir Həsənov adlı daha bir kriminal öldürüldü. Rusiya mediası Cabir Həsənovun qətlini yenə “Rafiq Masallınski”nin intiqamı kimi izah etdi. Məlumata görə, “Rafiq Masallınski” bu qətldən sonra yaxın ətrafına “sırada” daha 6 nəfər qaldı” deyib. 

Bəs kimdir bu “Rafiq Masallinski”? Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı şəhərində anadan olub. Ata evləri şəhərin Qarabağ küçəsindədir. O, gənc yaşlarından müxtəlif cinayətlərə görə dəfələrlə saxlanılıb. Daha sonra Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. “Rafiq Masallinski” 2013-cü il fevral ayında keçirilən “sxodka” zamanı “qanuni oğru” adına yiyələnib. Rafiq Eyvazov həmin sxodkada Əlibaba Həmidov (Qoca Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Vaqif Diplomat), Yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxış Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən “tac”landırıb. 

2013-cü ilin martın 27-də Rafiq Eyvazov “Bandontel” tərəfindən Bakıda həbs edilib. Onun üzərindən “Makarov” tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini deyib. Rafiq Eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada “obşak”a baxan Ramin Əliyev (Dobri Ramin və yaxud Kriti Ramin)lə dostluq edib. “Dobri Ramin” isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında “böyük qardaş” kimi tanınıb. Onun da məhz cənub bölgəsindən olması Rafiq Eyvazovla münasibətlərinin isti olmasına gətirib çıxarıb. 

Həmin dövrlərdə Eyvazovun “Lotu Quli” ilə münasibətləri pisləşməyə başlayıb. Məhz Nadir Səlifov tərəfindən onun “oğru” adı əlindən alınıb. Amma bu, uzun çəkməyib, Eyvazovun oğru adı bərpa edilib. Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib. 

3 gün əvvəl isə "Rafiq Masallınskiy" Türkiyənin Mersin şəhərində yaşadığı evin girişində vurulub. Dörd güllə yarası alan "qanuni oğru" Mersin şəhər Xəstəxanasına yerləşdirilib. Maraqlıdı, bəlkə vendetta?
Bəlkə o 6 nəfərdən biri???

# 8499
avatar

Səbuhi Sədəf

Oxşar yazılar