Bakıda öpüş üstündə QƏTL:  bıçağı ürəyinə sapladı - VİDEO
22 noyabr 2021 17:48 (UTC +04:00)

Bakıda öpüş üstündə QƏTL: bıçağı ürəyinə sapladı - VİDEO

Bakıda küçəsinin ortasında öpüşmə ölümlə nəticələnib.

Lent.az 2019-cu il oktyabrın 24-də baş verən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 24-ü saat 23 radələrində 24 yaşlı Murad Tağıyev yaşadığı evə gedərkən N.Tusi küçəsi, 28 ünvanında yerləşən kafenin qarşısında, əvvəllər tanımadığı Qəribağa Feyziyev ilə Sərfinaz Çərkəzzadənin qucaqlaşaraq, öpüşdüklərini görüb. Onların sərxoş halda, ictimai yerdə öpüşmələrinə iradını bildirdikdə, aralarında mübahisə başlayıb. Bu irada qəzəblənən Qəribağa ilə Sərfinazın tanışı, sərxoş halda əlində mətbəx bıçağı olan Hamlet Novruzov Murad Tağıyevin yaxınlıqda dayanan dostları Bahadır Eyvazov və Murad Məmmədliyə qışqıraraq, onların üzərinə gedib. Bunu görən Murad Tağıyev əl çantasından ov bıçağını götürərək, Hamletin arxasınca qaçıb. Yol kənarında döş qəfəsinə zərbə vuraraq Hamleti öldürüb.

Hadisə yeri

Təqsirləndirilən Murad Tağıyev ifadəsində bildirib ki, oktyabrın 24-də “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən kompüter kursuna yollanıb. Axşam saat 10-da dərsdən çıxaraq, taksi ilə yaşadığı evə gedib. N.Tusi küçəsi, 28 ünvanında yerləşən aptek və mağazaların qarşısında taksidən düşüb. Murad orada siqaret çəkərkən, təhlükəsizlik kamerasının altında tanımadığı kişi ilə qadının öpüşdüyünü görüb. Ərazidən çoxlu sayda adam keçdiyindən onlara yaxınlaşıb, iradını bildirib. Bu zaman qadınla öpüşən Qəribağa Feyziyev onunla razılaşıb. Amma qadın qışqıraraq, ona işiylə məşğul olmasını və hansı ixtiyarla onların işinə qarışdığını deyib. Murad isə kişi ilə qadının sərxoş olduqlarını başa düşüb oradan uzaqlaşmaq istəyib.

Ancaq qadının qışqırıq səsi ətrafdakı insanların diqqətini cəlb edib. Murad görüb ki, Hamlet Novruzov adlı yaşlı bir kişi əlində uzun bıçaqla ona doğru qaçır. Muradın sözlərinə görə, Hamlet sanki bir anın içində peyda olub və bıçaqla ətrafdakı adamlara hücum etməyə başlayıb. Sonradan məlum olub ki, Hamlet öpüşən tanışlarına kiminsə irad bildirməsini eşidib və onları cəzalandırmaq istəyib. Hamlet əlində bıçaqla Muradın uşaqlıqdan tanıdığı Bahadur və Muradın arxasına düşərək, onlara zərbələr endirməyə çalışıb. Bunu görən Murad da çantasından bıçaq götürüb və Hamleti dayandırmaq üçün ona tərəf qaçıb. Muradın fikrincə, Hamlet onun tanışlarına çatsaydı, mütləq onları öldürərdi.

Hadisə yeri

Murad Hamletə çatanda cəld əlindəki bıçaqla ona zərbə vurub. Oradan uzaqlaşanda ona xəsarət yetirdiyini bilməyib, çünki Hamlet yerə yıxılmayıb, sərbəst yeriyərək yolu keçib. Bundan sonra Murad yaxınlıqdakı uşaq bağçasının yanına gedərək bıçağı damın üstünə atıb. Onun arxasınca gələn hadisə şahidləri Murada bildiriblər ki, vurduğu zərbə Hamletin ürəyinə dəyib. Murad da polis tanışına zəng edərək, təslim olmaq istədiyini bildirib. Həmin şəxs gəlib onu polis idarəsinə aparıb.

Murad Tağıyev əlavə edib ki, Hamleti öldürmək istəməyib. O bildirib ki, əgər kəsici alətin dəydiyini həmin an bilsəydi, Hamletə kömək edərdi.

Qətl törədilən ərazi

Zərərçəkmiş şəxsin hüquqi varisi Söhbət Novruzov ifadəsində göstərib ki, mərhum onun doğma qardaşı olub. Onun sözlərinə görə, Hamlet ümumilikdə 15 ilə yaxın məhkumluq həyatı yaşayıb. Hamlet birinci dəfə oğurluğa, ikinci dəfə narkotik maddələrin qanunsuz dövriyyəsinə, axırıncı dəfə də adam bıçaqladığına görə məhkum olunub.

Şahid qismində dindirilmiş Bahadur Eyvazov bildirib ki, oktyabrın  24-ü saat 23 radələrində o, 62 nömrəli avtobusun axırıncı dayanacağının yaxınlığında “Milliön” aparatına pul yükləyib. Həmin vaxt dostu Murad Məmmədli ona zəng edərək çayxanaya getməyi təklif edib. Avtomobil yolunun əks tərəfində sərxoş vəziyyətdə olan qadının kiminləsə mübahisə edərək, yüksək səslə qışqırdığını görüblər. Buna görə ikisi də həmin tərəfə gedərək, görüblər ki qadınla mübahisə edən tanışları Murad Tağıyevdir. Hamlet Novruzov əlində uzun bıçaqla sürətlə, qışqıra-qışqıra onun və dostunun üzərinə gəlməyə başlayıb. Sonradan öyrənib ki, Hamlet Murad Tağıyevin həmin qadınla mübahisə etdiyini eşidib və onu vurmağa gəlib. Başqa səbəb olmayıb. Hamlet sərxoş olduğundan əvvəl onların üstünə gəlib. Öncə Bahadur, ardınca isə Murad Məmmədli qaçaraq, yolun qarşı tərəfindəki dükanların arxasına keçiblər. Hamlet ona və dostuna çata bilmədikdə, Murad Tağıyevi axtarıb. Sonradan eşidiblər ki, Hamlet Muradı bıçaqla vurmaq istədikdə, Murad cəld, özünü qorumaq üçün onu vurub.

Qətl törədilən bıçaq

Şahid Qəribağa Feyziyev ifadəsində göstərib ki, o, Sərfinaz Çərkəzzadə ilə 2019-cu ilin avqust ayında Bakıxanov qəsəbəsində avtobusda tanış olub. Onlar tez-tez görüşüb birlikdə vaxtlarını keçiriblər və aralarında dostluq münasibətləri yaranıb. Hamlet Novruzovu 2004-cü ildən tanıyıb. Tanışı spirtli içki istifadə edən, söyüş söyüb dava-dalaş salmağa meylli insan olub. Oktyabrın 24-də saat 19 radələrində o, Bakıxanov qəsəbəsində Sərfinazla görüşərək, kafedə yemək yeyərkən araq içiblər. Hamletin əlində bıçaq olub. Lovğalanaraq əvvəllər bir neçə dəfə adam bıçaqladığını deyib. Sərfinaz Hamletin əlində bıçaq oynatmasından qorxub və ona çıxıb getməyi söyləyib. Saat 23 radələrində o və Sərfinaz evə getmək üçün oturduqları yerdən ayağa durublar. Hamlet ona qadını evə ötürməyə gəlmək istədiyini dedikdə Qəribağa buna etiraz etməyib. Sərfinazla qabaqda gedib və döngədə olan müşahidə kamerasının altına çatıblar. Hava soyuq olduğundan o, Sərfinazı qucaqlayıb. Elə bu vaxt əvvəllər tanımadığı Murad Tağıyev mağazaların qarşısından yolu keçib onlara yaxınlaşıb və iradını bildirib. O, Murada etiraz edərək pis iş görmədiklərini deyib. Əsəbiləşərək, üst geyimini çıxarıb onunla dalaşmaq istəyib. Sərfinaz da onun kimi içkili olduğu üçün uca səslə danışıb. Qadın Murada “başı ağrımadan çıxıb, getməsini” deyib. Bununla da aralarındakı mübahisə başa çatıb. Amma bu zaman Hamlet söyüş söyə-söyə yolun əks tərəfinə keçib və orda dayanan şəxslərin arxasınca qaçıb.

Hamletin əlindəki bıçaq

Əvvəl nə baş verdiyini anlamayıb. Siqaret satılan mağazaların qarşısında hər ikisində bıçaq olan Hamletlə Murad dalaşıb. Bir neçə saniyədən sonra Hamlet Qəribağagilin yanlarına gəlib. Köynəyini qaldıraraq, oğlanın onu vurduğunu deyib və yerə yıxılıb. O, Hamletin qara rəngli gödəkcəsini başının altına qoyub. 

Hamlet Novruzov həmin gün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, təqsirləndirilən şəxs qismində cəlb edilənədək öldüyündən barəsində cinayət işinə xitam verilib.

İstintaq fotosu

Məhkəmə iclasında Murad Tağıyev ittiham üzrə özünü təqsirli hesab etməyib. Cinayəti Hamlet Novruzovun qanunsuz, Qəribağa Feyziyev və Sərfinaz Cərkəzzadənin əxlaqsız hərəkətlərinin təsiri altında törətdiyini bildirərək həmin halların nəzərə alınmasını, əməlinin CM-nin 120.1-ci maddəsindən 123-cü (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi də təqsirləndirilən şəxslə barışdığını və ona yüngül cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Tağıyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Murad Tağıyev

Bakıda öpüşmə qanla bitdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar