Rusiyada 78 yaşlı qadını öldürən Əlövsət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Ucar rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumatda qeyd olunur ki, 2015-ci il oktyabrın 18-də Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 78 yaşlı Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.
İstintaqla müəyyən edilib ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.
Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.