“Rey, ay Rey... Xocalıdakı qızların səsi kəsildi!” - XATİRƏ
10 dekabr 2012 19:49 (UTC +04:00)

“Rey, ay Rey... Xocalıdakı qızların səsi kəsildi!” - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.


Fərrux əməliyyatından sonra biz əsasən Ağdamın Şelli, Abdal, Gülablı və digər kəndləri istiqamətdə döyüşlərə qatılırdıq, kəndin müdafiəsində iştirak edirdik. Amma Qarabağda vəziyyət pis idi. Ermənilərin ardıcıl hücumlarının qarşısını çətinliklə alırdıq. Rayonun müdafiəsində Ağdam rayon polis idarəsinin, onların nəzdində yaradılan OMON-un, “Qatır Məmməd” ləqəbi ilə tanınan Yaqub Rzayevin, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Fred Asifin (Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonların və digər kiçik silahı qrupların yerli cəsur insanları iştirak edirdi. Döyüşlər şiddətlənmişdi.

Fevral ayında onsuz da durumu ağır olan Xocalıda vəziyyət daha da gərginləşdi...

Ağdam qaynayırdı...

Məni rəsmi şəkildə kəşfiyyat dəstəsinə göndərdilər

9-cu yazı

Haşiyə:
Şirin Mirzəyevin əmri ilə fevralı ayının əvvəllərindən məni batalyonun kəşfiyyat dəstəsinə keçirdilər. Açığı, çox sevinirdim, uçmağa qanadım yox idi... Çünki kəşfiyyat dəstəsi bizim batalyonun ən elitar dəstəsi sayılırdı. Şirin Mirzəyev həmişə deyirdi ki, kəşfiyyat ordunun görən gözüdür, eşidən qulağıdır.

Burada mən əvvəlki döyüşlərdən tanıdığım kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovu, onun müavini Eldar Səmədovu, kəşfiyyatçılar Əlabbas İsgəndərovu, Həsən Mehdiyevi, Rafiq Kərimovu, Çingizi, Şəfayəti, gənc kəşfiyyatçı Sənan Rüstəmovu daha yaxından tanıdım, onun həmyaşıdları Qırımxan Novruzovla, Fərmanla, Pərvizlə tanış oldum. Elə sonradan dəstəmizin ən qocaman üzvü olan 67 yaşlı İdris Hümbətovla da burada rastlaşdım.

Şirin Mirzəyevin tapşırığıyla üç-üç kiçik dəstələrə bölünüb Ağdam, Ağdərə, Xankəndi, Xocavənd istiqamətlərində müxtəlif kəşfiyyat əməliyyatlarını həyata keçirdirdik onlarla. Əldə etdiyimiz məlumatları Şirin Mirzəyevə təqdim edirdik. Məlumatları, adətən, iki formada verirdik: bizə rəsmi şəkildə verilmiş hərbi topoqrafik xəritə üzərində izah edərək və gördüklərimizi adi qaydada, öz bildiyimiz, başa düşdüyümüz kimi dəftər vərəqlərinə çəkərək. Əlbəttə, hər iki halda biz rəsmi məlumat yazırdıq. (Çox təəssüflər olsun ki, indi həmin o unikal sənədlərdən birini də tapa bilmirik. Bəlkə da haradasa, arxivlərdə var və ya kimlərdəsə qorunub saxlanıb)

Bu arada qeyd edim ki, batalyonumuzun yerləşdiyi ərazidə bir neçə dəstə və rota var idi. Kəşfiyyat, minaatanlar (bizim kəşfiyyat dəstəsinin qapısı minaatanların qapısına açılırdı. Əksinə də demək olar. Onlara Seyidli rotası da deyirdik), istehkamçılar, təsərrüfat-təminat, təmir dəstəsi, gənclərdən ibarət piyada döyüşçülər rotası. Digər rotalarımız isə əsasən ermənilərlə həmsərhəd kəndlərdə yerləşirdi. Onlar barədə ilk yazılarımızda məlumat vermişik. İstehkamçılar, təsərrüfat-təminat, təmir dəstəsi, gənclərdən ibarət piyada döyüşçülər rotası barədə də yeri gəldikcə məlumat verəcəyik.

Batalyonun mühafizəsində növbəlilik prinsipi ilə bütün dəstələr, o cümlədən ermənilərlə həmsərhəd kəndlərdəki dəstələrdə iştirak edirdi. Bu, eyni zamanda əsgərlərdə nizam-intizam qaydalarına əməl etmək mədəniyyətini də formalaşdırırdı, hərbi tapşırıqlara daha ciddi əməl etmək vərdişi yaradırdı.

Hələ 1992-ci ilin yanvarından bilirdik ki...

Bir neçə aydır əlaqəsi Azərbaycanla kəsilmiş Xocalıda vəziyyət günbəgün pisləşirdi. Biz oradan məlumatları əsasən rabitə və gecələr gizli yolla Xocalıya gedib-gələnlərin vasitəsi ilə alırdıq. Vəziyyət çox pis idi. Ağdamda onsuz da gərgin olan vəziyyət daha da gərginləşmişdi. Çünki Qarabağ münaqişəsi başlayandan Ağdam camaatı, rayonun rəhbərliyi, Xalq Cəbhəsinin və digər dəstələrin nümayəndələri daim Xocalılarla maraqlanmış, imkan daxilində həmişə onlara kömək göstərməyə çalışmış, bu əhali ilə qaynayıb qarışmışdı.

Xocalıda vəziyyətin gərginliyi Şirin Mirəzyevi daha çox narahat edirdi. Çünki bizim kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovun başçılıq etdiyi kəşfiyyat qrupu (Onunla bərabər Əlabbas İsgəndərov, Sənan Rüstəmov və adını eşitdiyim Aydın adlı kəşfiyyatçı olub. Mənə bunlar məlum idi) xeyli əvvəl, yanvar ayında Abdal Gülablı istiqamətindən keçərək Şuşanın tez-tez hücuma məruz qalan kəndlərində, o cümlədən Xankəndi, Əsgəran ətrafında çox vacib məlumatlar əldə edilən unikal bir əməliyyat həyata keçirmişdilər. (Bu əməliyyatda kəşfiyyatçılarımız Xankəndi yaxınlığındakı hərbi hissədən mühüm sənədlər ələ keçirmişdilər)

Bu əməliyyatın və sözügedən əraziyə həmsərhəd kəndlərdəki yerli döyüşçülərimizin də məlumatları qərargahda toplanıb, ətraflı müzakirə edildi, analiz olundu. Və əldə olunan nəticə bu idi - DÜŞMƏN HÜCUMA HAZIRLAŞIR! Amma hara, dəqiq nə vaxt hücum edəcəyi tam aydın deyildi. Şirin Mirzəyevin tapşırığı ilə həmin ərəfədə biz Ağdərənin Ağdam və Əsgəranın şimal-qərbi istiqamətində bir neçə kəşfiyyat işi apardıq. Toplanmış əməliyyat məlumatları ciddi narahatçılıq doğururdu.

Şirin Mirzəyev də olduqca narahat idi. Çünki həmin ərəfədə Ağdamda olan hərbi birləşmələr tam komplektləşməmişdi, ciddi silah və sursat, texnika çatışmazlığı var idi. Yəni bütün ərazini, o cümlədən Ağdama yaxın əraziləri müdafiə etmək çox çətin idi, buna baxmayaraq, Ağdam rayon polis idarəsinin, OMON-un, “Qatır Məmməd”in (Yaqub Rzayev), Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Fred Asifin (Asif Məhərrəmovun) rəhbərlik etdiyi batalyonların və digər kiçik silahı qrupların hesabına o istiqamətdəki ərazilərimiz müdafiə olunurdu.

Bu səbəbdən Şirin Mirzəyev əldə olunmuş məlumatlarla bağlı dərhal Müdafiə Nazirliyinə yazılı məlumat verdi - müdafiə naziri Tacəddin Mehdiyevə və onun müavini Dadaş Rzayevə telefonoqram göndərdi. (Bununla bağlı hərbi jurnalist İbrahim İbadoğlunun 1995-ci ildə işıq üzü görən “Sərkərdə” kitabında da şahidlərin dilindən qeyd edilib) Şirin Mirzəyev təklif edirdi ki, ərazinin müdafiəsi ilə məşğul olan hərbi birləşmələr dərhal lazımi silah-sursatla təmin edilməli, düşmənin gözlənən hücumlarının qarşısını almaq üçün əlavə qüvvələr toplanmalıdır.

Xocalının xilası ilə bağlı rəsmi heç bir əməliyyat planı olmayıb

İndi çoxları deyir ki, Xocalı ilə bağlı o zaman hansısa xüsusi bir əməliyyatı planlaşdırılıb, guya kimlərsə bunu pozub. Amma əslində məsələ elə olmadı. Hələ 1992-ci ildə, fevralın əvvəllərində Dadaş Rzayevin rəhbərlik etdiyi batalyon Ağdama gəldi. Onlar Ağdamdakı İdman kompleksində yerləşmişdilər, 6-7 ədəd BMP-ləri di var idi. Səhv etmirəmsə, fevralın ortalarında (Tarixlə bağlı bir neçə gün yanlışlıq ola bilər) Dadaş Rzayevin rəhbərliyi ilə Xocalının mühasirəsini yarmaq üçün Əsgəran istiqamətində qısa müddətli bir hücum əməliyyatı oldu. (Bizim batalyonun bir neçə dəstəsi, o cümlədən mən də D.Rzayevin Ağdamdakı qərargahına gəlsək də, biz əməliyyata aparmadılar. R.K.) Amma hava şəraiti və əvvəlcədən nəzər alınmamış coğrafi vəziyyət bu əməliyyatı yarımçıq saxladı. Onlar bunu nəzərə almamışdı...

O zaman real hərbi mövqelər və coğrafi vəziyyət belə idi: Ağdamdan Əsgərana girəndə sağında ermənilərin yaşadığı Xoramurt, Xanabad kəndi və Xanabad yüksəkliyi, solunda isə Naxçıvanik kəndi və Kətik yüksəkliyi dururdu. Əsgərandan sonra isə Xocalı idi.

Şirin Mirzəyev təklif edirdi ki, əvvəlcə hər iki tərəfdəki kənd və yüksəklikləri alıb, sonra Əsgərana tərəf irəliləyək. Amma Müdafiə Nazirliyinin o vaxtkı rəsmiləri onunla razılaşmadılar və yuxarıda qeyd etdiyim əməliyyatı reallaşdırmaq istədilər bu isə əvvəlcədən də gözlənildiyi kimi alınmadı. O zaman Şirin Mirzəyev bunu avantürist palan adlandırmışdı. Və deyirdi ki, hər bir əməliyyat rəsmi qaydada, yəni əmrlə olmalıdır. O zaman isə bu döyüşlə bağlı elə bir əmr almadığını deyirdi.

Onu da qeyd edim ki, həmin dövrdə çox xoş olmayan bir vəziyyət yaranmışdı. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə işğal olunmamış kəndlərdən dinc əhalini çıxarılması yaxşı qarşılanmırdı. O saat deyirdilər ki, filankəs kəndi satıb və ya əksinə, deyirdin dinc əhali qalsın, onda da deyirdilər ki, kəndin camaatını qırğına vermək istəyir, satqındır. Çox mürəkkəb hərbi-siyasi bir mühit var idi, belə bir situasiyada heç kəs rəsmi əmr verib məsuliyyəti öz boynuna götürmək istəmirdi...

Xocalıya gedirik...

Bundan başqa, o vaxt Azərbaycan Müdafiə Nazirliyi və ya ölkə rəhbərliyi tərəfindən hər hansı bir əməliyyat planlaşdırılmayıb. Bəlkə də kiminsə hansısa təklifi olub, amma bu, rəsmi şəkildə hazırlanmış əməliyyat halında olmayıb. Bütün bunlardan sonra fevral ayının 20-dən sonra vəziyyət kritik həddə çatanda Şirin Mirzəyev Xocalıdan dinc əhalini çıxarmaq üçün dərhal yerli əhəmiyyətli plan hazırladı. Ağdam rayonunun o zamankı rəhbərliyi də bunu bilirdi və lazımı köməklik göstərdilər. Batalyonun kəşfiyyat dəstəsi daxil olmaqla, o cümlədən mən, təxminən 25-30 nəfərlik əvvəlki döyüşlərdə döyüş qabiliyyəti ilə fərqlənən bir qrup hazırlandı.

Bizə əlavə olaraq patron, qumbara, qumbaraatan, onun mərmiləri, olmayanlara “ştik-noj” (hərbi təyinatlı xüsusi bıçaq) verdilər. Bütün sənədlərimizi və üzərimizdə olan digər əşyaları aktla rəsmi şəkildə alıb qərargahda seyfə qoydular. Bu, təxminən fevralın 20-21-də oldu. Biz bir neçə gün batalyonda hazır vəziyyətdə gözlədik. Mənə verilən məlumata görə, biz fevralın 22-si, ya da 23-də gizli yolla Xocalıya getməliydik. Bizimlə birlikdə gedəcəyimiz yolları yaxşı tanıyan daha 15 nəfər Xocalıdan olan döyüşçü hazırlanmışdı. Fevralın 22-dən 24-dək Xocalıdan olan həmin 15 nəfəri gözlədik. Fevralın 24-də axşam onları gətirəcək avtobus batalyona gəldi. Avtobus boş idi, heç kəs yox idi... Sürücü dedi ki, o, həmin adamları nə qədər gözləsə də gələn olmayıb, kimsə deyib ki, onlar gəlməyəcək. Sürücü bunun səbəbini də bilməyib. Şirin Mirzəyev bərk əsəbiləşdi...

Səhəri gün - fevralın 25-də Xocalıdan hər kəsin eşidə biləcəyi, mülki “ratsiya”ilə (O zaman polis, yerli hakimiyyət nümayəndələrinin avtomobillərinə quraşdırılmış antenalı, bir kanallı rabitə vasitəsi) ermənilərin Xocalı ətrafına texnika toplaması ilə bağlı həyəcanlı xəbərlər gəlməyə başladı. Bəzən kimlərsə “ratsiya” ilə araya girib “panika” (həyəcan) yaratmamağı tələb edirdi. Vaxt getdikcə Xocalıdan gələn həyəcanlı xəbərlər də artırdı...Artıq axşam çağı “ratsiya”dakı qızlar ağlayaraq Xocalıya kömək istəyirdilər... Buna kömək istəmək demək də olmaz, onlar fəryad edirdilər...

Xocalı qızlarının imdad çağırışı

Qulaqlarımdan getmir o qızların səsləri...

- Nolar, bizə kömək edin! Allah xatirinə, bizi tək qoymayın, qıracaqlar bizi...

Yenə haradansa, həmin səs araya girdi:

- Panika yaratmayın!

Amma ratsiyadakı qızlar imdad diləyirdilər... Ağlaşırdılar! Hönkürtüləri kəsilmirdi! Bizim batalyonun qızları da qoşulmuşdular onlara. Aidə, Xalidə, Nüşabə, Sima, Diləfruz, Raisə... hamısı ağlaşırdı. Əslində bunu sözlə ifadə etmək mümkün deyil, indi xatırladıqca yenidən yaşayıram o anları. Çox çətindi mənə o anları xatırlamaq, o səhnəni təsvir etmək.

Əsəblərim tab gətirmədi, dözə bilmədim, “ratsiya” otağını tərk elədim. Bayırda həzin qar yağırdı, atəş səsləri eşidilmirdi... bir siqaret yandırdım, tüstünü ciyərlərimə çəkdim. Hələ məni, eləcə də Azərbaycanımızı gözləyən sabahdan xəbərim yoxdur.

Ratsiya otağından qızlar məni çağırdı:

- Rey, ay Rey! Xocalıdakı qızların səsi kəsildi!

Üstündən 20 il keçib, amma hələ də Xocalıda ratsiyada imdad diləyən qızların səsi qulağımdan getmir...

Aləm qarışmışdı bir-birinə, Ağdamda hamı narahat idi. Gecəni yata bilmədik...

Səhərə yaxın Xocalıdan ilk sağ çıxan adam Ağdamın Şelli kəndinə yetişmişdi. Xəbəri də elə o, gətirmişdi:

- Xocalıları qırdılar!

...Fevralın 26-da səhər saat 5-6 olardı Şirin Mirzəyevin əmri ilə bizə batalyondan Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Şirin Mirzəyev də oradaydı. Ora çatanda dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar, uşaqlar... qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başı qan içində. Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başını itirənlər. Ağdamın yerli batalyonunun əsgərləri buradaydı. Ağır xəstə olan Fred Asif də buradaydı... Ağdamlılar xocalıları xilas etmək üçün Qara qaya istiqamətində özlərini irəli atırdılar...

(Ardı var)

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7787
avatar

Rey Kərimoğlu

Oxşar yazılar