Bakı-Ələt magistralının 4-6-cı kilometrliyində, Bayıl meydanı ilə Bibiheybət qəsəbəsi arasındakı yolda bağlantı yollarının və piyada keçidinin tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, tikilməkdə olan 5 bağlantı yollunun ümumi uzunluğu 5711 metrə bərabərdir: “Bu yollardan biri 3, biri 6, digər üçü isə 4 zolaqlıdır. Bayıl meydanında paralel olaraq piyada keçidinin tikintisi də həyata keçirilir. Keçidin uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr olacaq. Keçidin 4 giriş-çıxışı olacaq. Hazırda ərazidə kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi və digər hazırlıq işləri görülür”.
Qeyd edək ki, bağlantı yollarının istifadəyə verilməsi ilə Bakı Su İdman Növləri Sarayına maneəsiz gediş-gəliş təmin ediləcək.