“Simurq” şadlıq sarayının əmlakı siyahıya alınıb
19 sentyabr 2011 12:10 (UTC +04:00)

“Simurq” şadlıq sarayının əmlakı siyahıya alınıb

Sentyabr ayının 15-də 2 saylı Ərazi vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Əsədov Elxan İzzət oğluna məxsus “Simurq” şadlıq sarayında (VÖEN 2901666232) əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vergi əməkdaşları tərəfindən “Simurq” şadlıq sarayında aparılmış səyyar və kameral vergi yoxlamaları nəticəsində əsas borc 3 min 36,88 manat, maliyyə sanksiyası 16 min 605,03 manat, faiz borcu 6,07 manat olmaqla ümumi borc məbləğinin 19 min 647,98 manat olduğu müəyyən edilib.

İyulun 25-də sahibkar Əsədov Elxan İzzət oğluna vergi borcunun ödənilməsinə dair 19.647,98 manat məbləğində bildiriş göndərilib. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi sentyabrın 13-də sahibkar Əsədov Elxan İzzət oğluna məxsus “Simurq” şadlıq sarayında əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Sentyabrın 15-də vergi orqanları əməkdaşları tərəfindən “Simurq” şadlıq sarayında nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 19 min 900 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçirib. 13 ədəd müxtəlif markalı televizor, 5 ədəd müxtəlif markalı kondisioner, 20 ədəd stol-stul dəsti, 5 ədəd divan və jurnal masası dəsti müvafiq qaydada siyahıya alınıb.

Vergilər Nazirliyi bir daha bütün vergi ödəyicilərini Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş öhdəliklərə vaxtında və tam həcmdə əməl etməyə çağırır.
# 776

Oxşar yazılar