Azərbaycan prezidenti Xəzərdə yeni böyük qaz yatağının kəşfi ilə əlaqədar açıqlama verib
09 sentyabr 2011 19:12 (UTC +04:00)

Azərbaycan prezidenti Xəzərdə yeni böyük qaz yatağının kəşfi ilə əlaqədar açıqlama verib

APA-ECONOMICS”-in məlumatına görə, açıqlamada deyilir: “Bu gün Fransanın “Total” şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat verib. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm. Bütün Azərbacan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir.

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilib. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt bizim imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artıb. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilər.

“Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, “Abşeron” yatağında məhsuldar laylar var. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilib. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanıb. Bəlkə də dünya praktikasında bu çox nadir halda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilib.

Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaq.

Bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılıb. Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz var. Yeddi neft-qaz kəmərimiz var. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik.

Bizim planlarımız çoxdur. Biz çoxşaxəli ixrac imkanlarımızı genişləndirmək üçün əməli işlərlə məşğuluq. Əminəm ki, bu ilin sonuna qədər bütün tranzit məsələləri də həllini tapacaq, beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır. Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə çox vacib Bəyannamə imzalanıb, işçi qrupu yaradılıb. Bu gün aparılan danışıqlar, əminəm ki, yaxın zamanlarda yaxşı nəticələrə gətirib çıxaracaq. Eyni zamanda, yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmış “Ümid” yatağı da böyük potensiala malikdir. Orada qazın həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında böyüklərin sırasında yer almış “Şahdəniz” yatağında işlər uğurla gedir. “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi ilə əlaqədar bütün hazırlıq işləri görülür. Xarici tərədaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir.

Eyni zamanda, ölkəmizi qazlaşdırmaq üçün konkret addımlar atılır, bütün bölgələrdə yeni qaz xətləri çəkilir. Qarşıya vəzifə qoyulub ki, növbəti iki il ərzində Azərbaycanda bütün qazlaşma məsələləri həllini tapsın, Azərbaycan tam şəkildə qazlaşdırılsın. Bu məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib. Azərbaycanın bu sahədəki siyasəti çox düzgündür, dəqiqdir, Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Əminəm ki, gələcəkdə belə şad xəbərlər çox olacaq. Növbəti illərdə digər yataqlarda kəşfiyyat-qazma işləri aparılacaq, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradılacaq.

Bu gözəl hadisə ilə əlaqədar mən bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, doğrudan da çox önəmli, çox vacib hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmizin çox böyük imkanları, böyük potensialı və çox gözəl gələcəyi var”.
# 934

Oxşar yazılar