Azərbaycanda 3 şirkətin lisenziyaları dayandırılıb
05 sentyabr 2011 18:39 (UTC +04:00)

Azərbaycanda 3 şirkətin lisenziyaları dayandırılıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu ilin ilk yarımilliyi üzrə hesabatını açıqlayıb.

Lent.az-ın Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin 6 ayı ərzində qiymətli kağızlar bazarı fəaliyyətini 2010-cu ilin sonundan müşahidə olunan neytrallaşdırılmış pul siyasəti fonunda davam etdirib.

Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının artım tempi korporativ qiymətli kağızlar bazarının artım tempini bir neçə dəfə üstələyən dinamika nümayiş etdirib. Dövlət qiymətli kağızlar bazarının artım tempi korporativ qiymətli kağızlar bazarının artım tempindən 3.4 dəfə çox olub və dövlət qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1 dəfə artaraq 3 417 milyon manata çatıb.

Hesabat dövründə dövlət istiqrazları bazarının həcmi, əməliyyatların sayı və gəlirliyində artım müşahidə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmində 4 faiz, əməliyyatların sayında isə 62 faiz artım baş verib. 1 aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi ilin əvvəlindən 1.36%-dən hesabat dövrünün sonunadək 1.46%-ə, 3 aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi 1.61%-dən 2.3%-ə, 6 aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi 2.01%-dən 2.99%-ə artıb, 1 illik geriçağrılabilən dövlət istiqrazlarının orta gəlirlik səviyyəsi isə 4% təşkil edib. Cari ilin ilk yarımilliyi ərzində dövlət istiqrazlarının gəlirliklərinin bazar siqnalları əsasında müəyyənləşməsi məntiqli gəlirlik əyrisinin formalaşması ilə nəticələnib.

Pul siyasətinin neytrallaşdırılması ilə Mərkəzi Bankın notlarının həcmi və gəlirliyində əhəmiyyətli artım müşahidə olunub. 6 ay ərzində Mərkəzi Bankın notlarının ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.4 dəfə, təkrar bazarı isə 2.7 dəfə artıb, ümumi əməliyyatların həcmi isə 492 milyon manat təşkil edib. 2011-ci ilin əvvəlindən birinci rübün sonunadək notların orta gəlirliyinin azalması tendensiyasının davam etməsinə baxmayaraq, ikinci rüb ərzində notların orta gəlirliyində 1.3 dəfə artım baş verib. Bu da öz növbəsində bazarda notlara olan tələbatın artmasına və əməliyyatların dinamikasına müsbət təsir göstərib.

Cari ilin 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının artım dinamikası davam edib və ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1.5 dəfə artaraq 331.5 milyon manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 24.3%-ni səhmlər, 75.7%-ni isə korporativ istiqrazlar təşkil edib. Bu seqmentdə canlanma xüsusən korporativ borc bazarı alətlərinin həcmindəki artım hesabına baş verib. Dövr ərzində korporativ istiqrazların ilkin və təkrar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 250.8 milyon manat olub. Ötən ilin nəticələrinə görə xarici valyutada nominasiya olunmuş istiqrazların ilkin və təkrar bazarının artım dinamikası cari ilin 6 ayı ərzində də davam edib. Hesabat dövründə yerli bazar üçün yeni alət olan konvertasiya hüququna malik istiqrazlar dövriyyəyə buraxılıb.

Azərbaycan İpoteka Fondunun istiqrazlarının buraxılışı cari ilin birinci yarımilliyi ərzində də davam etmişdir. Hesabat dövründə 41.3 milyon manatlıq ipoteka istiqrazları yerləşdirilib. Səhm bazarının dərinliyi də artmaqda davam edib. Hesabat dövrü ərzində səhm bazarının ümumi həcmi 80.6 milyon manat olub. Bunun da 74%-i ilkin bazarın, 26%-i isə təkrar bazarın payına düşüb. Səhm buraxılışının 92.6 faizi maliyyə sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən, xüsusilə də bank və sığorta şirkətləri tərəfindən həyata keçirilib. Cari ilin 6 ayı ərzində səhmlərin ilkin bazarının nisbətən azalmasına baxmayaraq, səhmlərin təkrar bazarında canlanma müşahidə olunub və səhmlərin mütəşəkkil bazardakı təkrar ticarəti 32.5% artım nümayiş etdirib.

Cari il ərzində qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti ilə əlaqədar 1 diler fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə bağlı lisenziya yenilənib, broker fəaliyyəti ilə məşğul olan 1 şirkətin, diler fəaliyyəti ilə məşğul olan 1 şirkətin və qiymətli kağızların idarə olunması fəaliyyəti ilə məşğul olan 1 şirkətin lisenziyaları dayandırılıb. Hesabat dövrünün sonuna qiymətli kağızlar bazarında peşəkar fəaliyyət ilə məşğul olmaq üçün 35 lisenziya qüvvədə olub.
# 566

Oxşar yazılar