Asiya İnkişaf Bankı bu il Azərbaycana 340 milyon dollar kredit ayıracaq
24 iyun 2011 15:23 (UTC +04:00)

Asiya İnkişaf Bankı bu il Azərbaycana 340 milyon dollar kredit ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı “Ölkə üzrə Əməliyyatlara dair 2011-2013-cü illər üçün Biznes-Plan”ı təsdiq edib. Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, növbəti ildə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır.

Yeni biznes plana uyğun olaraq, 2011-ci il ərzində Asiya İnkişaf Bankı Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq. Biznes plana uyğun olaraq, bank nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda Asiya İnkişaf Bankı Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Bank Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas koridoru hesab edilir.

Enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibralılığının artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.

Şəhərdaxili xidmətlər sahəsində Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. Bank şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirə bilər.

Yeni biznes planı şərh edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olly Noroyono deyib ki, biznes planı hazırlayarkən Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparıblar. Biznes plan ilk növbədə hökumət üçün prioritet təşkil edən infrastruktur layihələrin inkişaf etdirilməsini hədəfə alıb. Biznes plan Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və diversifikasiyası ilə bağlı apardığı siyasətlə uzlaşır: “Biz planın uğurla və effektiv şəkildə icra olunacağını gözləyirik. Biz inkişafa yardım göstərmək üçün Azərbaycanın yanındayıq”.
# 652

Oxşar yazılar