Torpaq hərracı: gizli məqsədlərin açıq davası
10 sentyabr 2009 11:30 (UTC +04:00)

Torpaq hərracı: gizli məqsədlərin açıq davası

Rayon torpaq şöbələri bələdiyyə torpaqlarının hərraca çıxarılmasında niyə maraqlı deyil?

“İndiyədək bizim rayonda torpaq hərraca çıxaran heç bir bələdiyyə Rayon Torpaq Şöbəsindən sonuncu hərracın qiymət aktını ala bilməyib. Çünki bu sənədin məktub, yoxsa akt şəklində verilməli olduğunu heç şöbənin rəhbəri də bilmir. Nəticədə torpaqların hərraca çıxarılması yubadılır”.

Şəkinin Qaxbaş bələdiyyəsindən Füzuli Manafov bu yubanmaların bilərəkdən edildiyi qənaətindədir. Onun sözlərinə görə, hərrac və müsabiqələrin keçirilməsi qaydaları mükəmməl deyil. Ən əsası isə qiymətdən asılılıq yerli sakinlərin böyük narazılığına səbəb olur. Ona görə də simvolik hərraclar keçirirlər ki, qiymət çox qalxmasın: “Çünki qiymət qalxanda kənd əhalisi narazı qalır. Hərrac sifarişlərinin qəbul edilməsinin məqsədi budur. Yalandan Bakıda 600 manat eləməklə deyil ki!”.

Müsahibimiz “Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi qaydaları”nın işləyəcəyinə inanmadığını deyir. Çünki bu qaydalar tamamilə çaşdırıcı və natamamdır. Ona görə ki, torpaqların hansı təyinatla hərraca çıxarıldığı dəqiq bilinmir: “Qaydalara görə, bilavasitə bələdiyyələr tərəfindən satılan torpaqların qiyməti son hərracdakı qiymətlərdən aşağı ola bilməz. Amma həmin torpağın, kommersiya, fərdi yaşayış evi üçün alındığı fərqləndirilmir və bu, boşluqlardan ən böyüyü sayılır”.

Qaydalar işə yaramır

Füzuli Manafovun fikrincə, bu qaydalar yenidən işlənməli, belə müddəalar tamamilə dəyişməlidir. Əks halda, torpaqların hərrac və müsabiqəyə çıxarılması sahəsindəki qüsurlar aradan qalxmayacaq: “Bu hərc-mərcliyə mütləq son qoyulmalıdır. Çünki torpaq alqı-satqı predmeti olmamalıdır, daimi istifadəyə verilməlidir. Torpaq şöbələri yalnız yuxarıların sifarişini yerinə yetirir. Yuxarılarda onlara deyirlər ki, neyləyirsiniz-eləyin, insanları hərracdan asılı vəziyyətdə saxlayın, büdcənizi də özünüz doldurun”.

Müsahibimiz bu sahədəki növbəti boşluğu Rayon Torpaq Şöbəsinin süründürməçiliyi ilə əlaqələndirir. Füzuli Manafov deyir ki, torpaq şöbəsindən sonuncu hərracın qiymət aktı arayışını ala bilmədiyi barədə özü şəxsən Bakıya – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə də məlumat verib: “Amma komitədə də heç kim bunun qaydasını bilmir”.

Nəhayət, üçüncü boşluq. Təlimata görə, hərracın sonunda qalib gəlmiş şəxslə bələdiyyə arasında müqavilə imzalanmalıdır. Müqavilədə hərracın son qiyməti göstərilməklə vəsaitin bələdiyyənin hesabına köçürülməsi də şərt kimi qoyulmalıdır. Amma həmin müqavilənin nümunəvi forması hazırlanmadığından hərrac komissiyaları bu sənədi də lazımsız sayır. Nəticədə hərracın qalibi olmuş şəxs vəsaitin ödənilməsini yubada bilir.

Füzuli Manafov həmin qaydalarda sosial ədalətin pozulmasına şərait yaradan başqa amillərin də olduğu qənaətindədir. Məsələn, eyni torpaq sahəsinə iddiaçılardan biri həmin torpağı mağaza, digəri isə fərdi ev tikmək məqsədilə alır. Amma fərdi ev tikmək istəyən iddiaçı qiymət məsələsində həmin biznesmendən asılı vəziyyətdə qalır. Bütün bunlar hərrac yolu ilə satışa çıxarılan torpaqların təyinatının fərqləndirilməməsindən doğan boşluqlardır.

“Ona görə də mənə elə gəlir ki, bu qanun işləməyəcək. Hərracın keçirilmə qaydası, o cümlədən hərrac komissiyasının formalaşdırılması yolu belə mükəmməl deyil, hər bir prosedur mərhələdə sosial ədalət prinsipi pozulur. Ona görə də respublikada demək olar ki, hərraclar keçirilmir, olanlar da simvolik xarakter daşıyır” - deyə, Qaxbaş bələdiyyəsinin sədri bildirir.

“Komissiya üzvləri də nə edəcəklərini bilmir”

Şəkinin Kiş bələdiyyəsinin sədri Malik Qarayev də “Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi qaydaları”nın mükəmməl hazırlanmadığı, müvafiq qanunlarla ziddiyyətlər təşkil etdiyi qənaətindədir. Onun sözlərinə görə, həmin ziddiyyətlərdən biri də torpaq şöbələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında yaranır. Belə hallarda isə ya hərrac ümumiyyətlə keçirilmir, yaxud da qeyri-müəyyən müddətədək ləngidilir.

“Mən bilirəm ki, bütün rayonlarda qeyri-rəsmi şəkildə hərraca sənəd qəbul etmirlər. Sadəcə ölkənin bəzi bölgələrində simvolik hərraclar keçirirlər ki, proses dayanmasın. Hər yerdə süründürməçilik edirlər. Hətta hərrac komissiyasının nümayəndələri özləri necə hərəkət etməli olduqlarını bilmir” - deyə, Malik Qarayev bildirir.

Bələdiyyə sədri vurğulayır ki, Şəkidə bilavasitə torpaq satan bələdiyyələrin heç biri torpaq şöbəsindən lazım olan sənədləri toplaya bilmir. Amma onun fikrincə, bu süründürməçilik məqsədli deyil, hərrac qaydaları müvafiq qanunlarla ziddiyyət təşkil etdiyindən yerli qurumlar müvafiq sənədləri verməkdə ehtiyatlanırlar.

Malik Qarayev hərraclar barədə əhalinin vaxtlı-vaxtında və lazımi səviyyədə məlumat ala bilməməsindən də şikayətlənir. Onun sözlərinə görə, rayon əhalisi müsabiqələrin yeri və tarixi barədə məlumat ala bilmədiyindən hərraclardan yalnız kiçik dairə yararlana bilir. Bu isə nəticə etibarilə daha bir sosial ədalətsizliyə gətirib çıxarır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsinin bu iradlara münasibəti fərqlidir. Komitənin torpaq bazarının təşkili sektorunun müdiri Lətif Qasımov rayonlarda torpaqların hərraca çıxarılması zamanı bəzi maneələrin olduğunu təsdiqləyir. Amma o, bu əngəllərin nəyə və hansı məqsədlə yarandığını başa düşmədiyini deyir: “Normal halda, rayon torpaq şöbəsinin müdirləri mümkün qədər çox torpağın hərraca çıxarılmasında maraqlı olmalıdır. Çünki hər torpağın satışından bu qurumların hesabına müəyyən faiz vəsait daxil olur. Həm də torpaqların hərraclar yolu ilə satışa çıxarılması qaydalarının icrası birbaşa prezidentin nəzarətindədir və hər bir rayonda bu qaydalara əməl olunmalıdır”.

Komitə rəsmisi deyir ki, bələdiyyə sədrləri belə hallara qarşı daha mübariz olmalıdır: “Hər kəs qanunu və öz haqqını tələb etməyi bacarmalıdır. Bəzi rayonlarda bələdiyyələr torpaq satışı üçün maneələrin yaradıldığını mən də eşitmişəm. Amma gərək bələdiyyə sədrləri təmsil etdiyi qurumun mənafeyini, hüquqlarını müdafiə etməyi bacarsın. Təəssüf ki, bir çox bələdiyyələr hələ də müstəqil hərəkət edə bilmirlər. Çünki savadsızdırlar, traktorçu bələdiyyə sədri heç vaxt qanuni hüquqlarını müdafiə edə bilməz”.

O ki qaldı hərrac və komissiyaların keçirilməsi barədə elan və bildirişlərin geniş ictimaiyyət üçün əlçatan olmamasına, Lətif Qasımov bunları deyir: “Biz komitənin mətbu orqanı olan “Torpaq” qəzetini məhz bunun üçün təsis etmişik. Bu qəzet “Qasid” mətbuatyayımı vasitəsilə bütün rayonlara göndərilir. Ancaq qəzeti heç kəs almır”.

Bir çıxarış sənədi üçün 14 adda arayış?

Komitənin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunun müdiri Eldar Sadıqov da torpaqların hərraca çıxarılmasında maneələrin yarandığını deyir. Amma o, iddia edir ki, bələdiyyələrin əsas çətinlikləri torpaqların dövlət reyestr xidmətində qeydiyyatı məsələsi ilə bağlı olur: “Çünki torpaq hərrac və müsabiqəyə çıxarılmazdan əvvəl onun Dövlət Əmlakının Reyestri Xidmətindən çıxarış olmalıdır. Təkcə bu çıxarışın alınması üçün 14 adda arayış istənilirdi və buna görə bələdiyyələr həmin sənədləri toplayarkən ciddi problemlərlə üzləşirdilər. Bu səbəbdən də torpaqların hərraca çıxarılması yubanırdı. Amma indi reyestr xidməti sahəsində aparılan kadr dəyişikliyindən sonra prosedur qaydaların bir qədər sadələşdiriləcəyi gözlənilir”.

Hərraclar barədə əhalinin vaxtlı-vaxtında xəbər tutmaması barədə deyilənlərə gəlincə, Eldar Sadıqov bunu əsassız sayır. Onun sözlərinə görə, hərrac və müsabiqələrlə bağlı bildirişlər “Torpaq” qəzetində dərc olunmaqla yanaşı, komitənin internet saytında da yerləşdirilir.

Ancaq saytdakı məlumatlar Eldar Sadıqovun söylədiklərinin doğru olmadığını göstərir. Belə ki, hərrac qaydalarının tətbiqindən bəri “Torpaq” qəzetinin 8 nömrəsi işıq üzü görsə də, onlardan cəmi 6-sı komitənin saytında yerləşdirilib. Avqustun 14-dən qəzetdə verilən elanlarından isə internet oxucuları hələ də xəbərsizdir. Halbuki həmin elanlarda nə az-nə çox, 19 rayonda 92 torpaq sahəsinin hərraca çıxarıldığı bildirilir...

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar