Mütəxəssislərin fikrincə, pişiklər evdə müxtəlif davranışlar sərgiləyirlər – əsasən sahiblərinin diqqətini cəlb etmək üçün. Eyni zamanda, pişiklər sahibinin emosional vəziyyətini – onun gərgin və ya kədərli olduğunu hiss edə bilirlər. Bəzən işdən evə qayıtdığınızda, sizi xoş olmayan mənzərə qarşılayır: məsələn, pişiyiniz divanı cırıb, pərdələri yerə salıb. Siz sərt baxışla ona baxırsınız, amma cavab olaraq pişik sadəcə sakit-sakit baxır və bu zaman sual yaranır: pişiklər özlərini günahkar hiss edirlərmi və necə üzr istəyirlər?
Bu barədə Lent.az məlumat verir:
Pişiklər günah hissi keçirirlərmi?
Mütəxəssislərin fikrincə, pişiklər vicdan əzabı və ya günahkarlıq hiss etmir. Bunun əsas səbəblərindən biri – bizim heyvanlarla aramızdakı "dil baryeridir". Yəni, biz onları nə üçün danlayırıqsa, onlar bunu yanlış bir şey kimi qəbul etmirlər.
Məsələn:
Divarı cırmaq,
Tualetdən kənarda tualet ehtiyacını ödəmək,
Canlı siçan və ya quş gətirmək,
Əzizləyərkən dişləmək – bunların hamısı pişik üçün təbii davranışdır, biz insanlar üçünsə əsəb səbəbidir.
“Pişiklərin bu davranışları onların təbiətindən irəli gəlir. Onlar bu cür davrandıqları üçün özlərini günahkar hiss etmirlər. Biz insanlar isə, əgər etdiyimiz hərəkətin doğru olduğunu düşünürüksə, günah hiss etməyə meylli olmuruq”.
Pişiyin günahkar kimi göründüyü, amma əslində belə olmadığı 4 vəziyyət
1. Mebeli cırmaq
Pişiklər bu davranışla:
Digər heyvanlara “bura mənim ərazimdir” mesajı verirlər.
Dırnaqlarını itiləyir və bəzən də emosiyalarını (həyəcan, stress) ifadə edirlər.
2. Tualetdən kənarda tualet ehtiyacını ödəmək
Əgər pişik daha əvvəl tualetə öyrəşmişdisə, bu dəyişiklik:
Evdə yeni pişiyin yaranması ilə bağlı ola bilər.
Pişik tualeti “çirkli” hesab edə və başqa yer axtara bilər.
“Əgər bir tualetdən yalnız bir pişik istifadə edirsə, o, bəzən öz ifrazatına dözür. Amma tualeti başqa pişiklə bölüşmək məcburiyyətində qalarsa, onu istifadə etməyə bilər. Bu halda baytarla məsləhətləşin və evə ikinci bir tualet qoyun”.
3. Canlı ov gətirmək
Pişiklər bəzən canlı siçan, quş və ya sincap gətirir. Bu davranış:
Sanki sizə “hədiyyə” gətirmələri kimidir.
Onlar sizi balası hesab edib, ov etməyi öyrətmək istəyirlər.
“Bu pişiklər üçün tamamilə təbii və yayılmış davranışdır. Bizim üçün xoş olmasa da, bu onların bağlılıq formasıdır. Əgər belə davranmalarını istəmirsinizsə, pişiyi evdən çölə buraxmayın, yaxud zınqırovlu boyunbağı taxın”.
4. Ayağa hücum etmək
Əgər pişiyiniz gözlənilmədən sıçrayıb ayağınıza hücum edirsə, bu:
Onun üçün sadəcə əyləncəli ov oyunu sayılır.
Ona interaktiv oyuncaqlar verin ki, bu hücumlar azalsın.
Pişiklər necə “üzr istəyirlər”?
Texniki baxımdan pişik üzr istəyə bilməz, çünki özünü günahkar hiss etmir. Amma pişik sizin emosional gərginliyinizi hiss edir və bəzən barışmaq və diqqətinizi qazanmaq üçün aşağıdakı davranışları göstərir:
“Hədiyyə” (quş, siçan) gətirmək
Bel üstə çevrilib qarın göstərmək (sonra vurmaq və dişləmək daxil)
Ön pəncələrlə “yoğurmaq” (masaj hərəkəti)
Mırıldamaq
Oyun təklif etmək
Sizi yalamaq və ya tükünüzü təmizləmək
Yanaşmaq, başını sürtmək
Gözlərini yavaşca qırpmaq (pişiklərdə bu sevgi və etibar siqnalıdır)
Maraqlı fakt
Tədqiqatçılar pişiklərin nə üçün ləkəli və zolaqlı olduğunu da izah ediblər. Onlar pişiklərdə tüklərin naxışına və rənginə təsir edən iki geni müəyyən ediblər. Məsələn, narıncı rəngli pişiklərdə DNT-də müəyyən seqmentin olmaması bu rəngi yaradır.