“Azercell”: “Müştəri məmnuniyyətinin ən yaxşı göstəricisi abonentlərin artan sayıdır”
03 fevral 2011 11:27 (UTC +04:00)

“Azercell”: “Müştəri məmnuniyyətinin ən yaxşı göstəricisi abonentlərin artan sayıdır”

Həmin materialda şirkətin fəaliyyəti barədə yer alan fikirlərə “Azercell Telekom” MMC-nin adından rəsmi münasibət bildirilib. Redaksiyamıza göndərilən həmin mətni diqqətinizə təqdim edirik:

“Təəssüf edirik ki, həmin məqalədə AİB-in sədri Eyyub Hüseynov Şirkətimizə qarşı bəzi qeyri-düzgün, həm də onun işgüzar nüfuzuna xələl gətirə biləcək ifadələr işlədib. Bundan əlavə şirkətin rouminq tariflərinin bahalığı və rouminq tərəfdaşlarının sayında qeyri-dəqiqliyə yol verilib. Şirkətin qiymət siyasətinin şəffaf olmadığı qeyd olunub. Ona görə də Azercell Telekom MMC-nin rəsmi mövqeyini dərc etməyinizi xahiş edirik.

1. Beynəlxalq rouminq tarifləri yalnız 1 operatordan o cümlədən “Azercell Telekom” MMC-dən asılı deyil. Beynəlxalq danışıqlar və eləcədə rouminq qiymətləri ölkədən beynəlxalq çıxışı və girişi təmin edən operatordan və həm də xaricdə olan rouminq partnyorunun tariflərindən asılıdır. Göründüyü kimi adı çəkilən xidmətin tarifi ən azı 3 tərəfdaşdan (operatordan) asılıdır. Ona görə də “Azercell” bunu birtərəfli olaraq tənzimləyə bilməz. Əlavə olaraq bildirmək istəyirik ki, beynəlxalq rouminq tariflərinin aşağı salınması məqsədi ilə hər bir rouminq tərəfdaşı ilə ayrı-ayrılıqda aparılır, qiymət razılaşdırılır. Artıq bir neçə ölkədən olan ayrı-ayrı operatorlarla rouminq tariflərinin endirilməsi məsələsi müsbət həll edilərək 1 fevral 2011-ci il tarixindən başlayaraq endirimli qiymətlər tətbiq olunur. TeliaSonera Avrasiya qrupuna daxil olan şirkətlər arasında isə endirimli qiymətlər çoxdan tətbiq olunmaqdadır.

2. Rouminq tərəfdaşlarımızın sayı ilə əlaqədar: 2010-cu ilin sonuna olan məlumata görə “Azercell” dünyanın 152 ölkəsinin 406 operatoru ilə rouminq tərəfdaşlığına haqda müqavilə bağlayıb. Yalnız 2010-cu ildə Şirkət 18 ölkənin 20 mobil rabitə operatoru ilə saziş imzalayaraq rouminq xidmətlərini istifadəyə verib. Bundan başqa, “Azercell Telekom” Azərbaycanın xarici şirkətlərlə GPRS rouminq xidmətinin təmin olunmasına dair sazişlər imzalayan ilk mobil rabitə operatorudur. Ötən ilin sonunda “Azercell Telekom” MMC-nin bu sahədə əməkdaşlığı artıq 101 ölkənin 258 mobil rabitə operatorunu əhatə edib. Eləcə də 2010-cu ilin sonuna olan məlumata əsasən 50 ölkənin 73 operatoru ilə Camel Rouminq və 69 ölkənin 119 operatoru ilə MMS Rouminq xidməti istifadəyə verilmişdir.

3. Şirkətin mövcud tarifləri onun rəsmi internet səhifəsində yerləşdirilib və tariflər dəyişdikcə hamin məlumatlar mütəmadi olaraq yenilənir. Bununla belə SimSim abonentlərinin danışıq tariflərinin konturdan manat hesabına keçməsi istiqamətində işlərə artıq başlanıldığı və cari ilin iyun ayında başa çatacağı haqda mətbuata məlumat verilib. Qeyd edək ki, bu artıq 12 ildən çox istifadə olunan mürəkkəb hesablama sistemidir və onun da dəyişdirilməsi müəyyən vaxt aparır.

4. Müştəri məmnuniyyətinə gəlincə isə, “Azercell Telekom” göstərdiyi xidmətin qiymətləndirilməsində tanınmış və müstəqil qurumların apardıqları təfsilatlı araşdırmaların nəticələrinə çox ciddi önəm verir. Məsələn, 2009 və 2010-cu illərdə dünyada məşhur olan EPSI təşkilatının apardığı araşdırmanın nəticəsində bəlli olub ki, Azercell-in göstərdiyi xidmətin səviyyəsindən müştərilərinin 83%-dən çoxu razıdır (nəticələrlə təşkilatın internet səhifəsində tanış olmaq olar). Bundan savayı, müştəri məmnuniyyətini ifadə edən ən yaxşı göstərici elə abonentlərin artan sayıdır. Məlumat üçün qeyd edək ki, 2010-cu ilin sonuna “Azercell” abonentlərinin sayı 4 milyon 206 860 min nəfər təşkil edib”.
# 784

Oxşar yazılar