27,85 hektar torpaq satışa çıxarılır
05 may 2009 12:00 (UTC +04:00)

27,85 hektar torpaq satışa çıxarılır

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi özünün hazırladığı qaydalara zidd olaraq, müsabiqəyə çıxarılan torpaqlara ilkin qiymət qoyub

Mayın 8-də üç rayonda Hacıqabul, Bərdə və Abşeronda bələdiyyə torpaqlarının satışına dair ilk müsabiqə keçiriləcək. Abşeron və Bərdə rayonlarında müsabiqəyə çıxarılan torpaqların mərkəzləşdirilmiş qaydada satışında iştirak üçün ərizələrin qəbulu bu gün, Hacıqabulda isə sabah başa çatır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, ilk müsabiqədə satışa çıxarılan torpağın ümumi sahəsi 27,85 hektardır. Bunun 10,0 hektarı Abşeron rayonunun Pirəküşkül-Qobustan bələdiyyəsinin mülkiyyətindədir. Sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan həmin torpaq sahəsinin ilkin qiyməti 7804,56 manatdır.

Novxanı bələdiyyəsində isə 3 torpaq sahəsi müsabiqə yolu ilə satışa çıxarılacaq. Sahəsi 2,22 hektar olan torpağın ilkin qiyməti 800 manat, 14,0 hektarınkı 10929 manat, 1,16 hektar torpağın start dəyəri isə 906 manatdır. Yararsız və 5-ci keyfiyyət qrupuna aid edilən hər üç torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub.

Komitədə deyirlər ki, Bərdənin Yeni Daşkənd kəndində hər bir 0,08 hektar olmaqla 2 torpaq sahəsi müsabiqəyə çıxarılacaq. Fərdi mənzil tikintisi üçün nəzərdə tutulan bu torpaq sahələrinin hər birinin ilkin qiyməti 320 manatdır. Hacıqabul rayonunun Atbulaq bələdiyyəsində sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan 0,21 hektar torpağa isə 800 manat, fərdi mənzil tikintisi məqsədilə müsabiqəyə çıxarılacaq 0,10 hektar sahəyə 150 manat qiymət qoyulub.

Yeri gəlmişkən, müsabiqəyə çıxarılan torpaqlara ilkin qiymət qoyulması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özünün hazırladığı “Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi qaydaları”na ziddir. Həmin qaydalara əsasən, müsabiqəyə çıxarılan torpağın qiyməti müsabiqənin gedişi zamanı iddiaçıların bağlı zərflərdə təklif etdiyi qiymətlərlə müəyyənləşir. Belə ki, müsabiqəyə çıxarılan torpaqlar bağlı zərflərdə ən yüksək qiymət təklif edən iddiaçıya həmin qiymətlə satılmalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508

Oxşar yazılar