I qrupda kəskin rəqabət  olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
31 may 2025 17:00 (UTC +04:00)

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA

İyunun 1-də I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriəcək. Bununla da qəbulun ikinci mərhələsinin I cəhdi tam yekunlaşacaq. Ötən həftə də II və III ixtisas qrupları üzrə blok imtahanı keçirildi.

Bəs görəsən bu dəfəki imtahandan gözləntilər nədir? 

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, bu il I ixtisas qrupunda kəskin rəqabət olacaq:

“İyunun 1-i I və IV ixtisas qruplarının imtahanları ilə ali təhsil müəssisələrinə qəbul prosesinin birinci cəhd mərhələsi yekunlaşacaq. Bu imtahan həm iştirakçı sayı, həm də rəqabət səviyyəsinə görə strateji əhəmiyyət daşıyır. Xüsusilə I qrup ənənəvi olaraq riyaziyyat, fizika və texniki ixtisaslara yönəlmiş abituriyentlərin toplandığı ən kütləvi qrupdur və rəqabət burada daha kəskindir. IV qrup isə tibb sahəsi üzrə hazırlaşan abituriyentlərin cəmləşdiyi qrupdur və keçid balları bu sahədə hər zaman yüksək olub.

2025-ci il imtahan sessiyası bir neçə mühüm faktor baxımından əvvəlki illərdən fərqlənir. İlk olaraq, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, cari ildə qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı 132 mini ötüb, bu isə əvvəlki illə müqayisədə təxminən 12 min nəfər çoxdur. Bu artım fonunda rəqabətin də güclənəcəyi, xüsusilə yüksək bal toplayan abituriyentlərin sayında sıxlıq yaşanacağı proqnozlaşdırılır”.

500-700 bal aralığında bal toplayanlar arasında ixtisas seçimi zamanı ciddi sıralama fərqləri ortaya çıxacaq

Kamran Əsədov deyib ki, II və III qruplar üzrə imtahanlarda müşahidə edilən sualların çətinlik səviyyəsi, xüsusilə də riyaziyyat və məntiq tapşırıqları bir sıra abituriyentlər üçün çətinlik yaratdı:

"Apardığım ilkin təhlillərlə qeyd edim ki, II və III qrupda riyaziyyat üzrə orta nəticə 9-11 bal aralığında dəyişir. Bu, fənnin strukturunun və sual dizaynının abituriyentlərin intellektual səviyyəsinə uyğunlaşdırılmasında balans problemini gündəmə gətirir.

2025-ci ilin I qrup imtahanlarında xüsusilə riyaziyyat və fizika suallarının daha yüksək taksonomiya səviyyəsində (təhlil, tətbiqetmə, yaradıcılıq) formalaşdırılacağı gözlənilir. Bu isə yalnız əzbər biliklə deyil, konseptual anlayış və məntiqi düşünmə qabiliyyəti ilə uğur qazanmağı tələb edir. Bu, həm də məktəb mühitində formalaşan təhsil ilə repetitor mərkəzlərində verilən bilik arasında fərqi bir daha üzə çıxaracaq. Eyni zamanda, bəzi məktəblərdə bu tip suallarla işləmə vərdişləri formalaşmadığı üçün, məktəb təhsilinə arxalanan abituriyentlər qeyri-bərabər start vəziyyətində qalır.

IV qrup üzrə imtahanda biologiya və kimya fənləri üzrə sualların praktiki bilik və anlayışlara əsaslanan tapşırıqlar şəklində təqdim olunması ehtimalı var. Bu, yalnız nəzəri bilik deyil, məsələyə elmi yanaşmanı tələb edir. 2024-cü ildə IV qrup üzrə ən çox rast gəlinən problem, kimya fənnində maddələrin qarşılıqlı təsirlərinə dair sualların səhv başa düşülməsi və qavrama səviyyəsindəki çatışmazlıq olmuşdu.

Bu il qəbul prosesindəki başqa bir dəyişiklik də dövlət sifarişli yerlərin sayında cüzi artımdır – cəmi 2% artım qeyd olunub. Bu artım rəqəmsal olaraq kiçik görünsə də, yüksək bal toplayan abituriyentlərin daha geniş ixtisas seçimi üçün mühüm əhəmiyyət daşıyır. Amma real təsiri əsasən yüksək nəticə göstərənlərə olacaq, çünki aşağı balla dövlət sifarişinə düşmək əvvəlki illərlə müqayisədə daha çətin olacaq.

Digər diqqətçəkən məqam isə əmək bazarına uyğun ixtisas seçiminin aktuallığıdır. Bu il ilk dəfə olaraq bir çox valideyn və abituriyentlər üçün yalnız “prestijli ixtisas” deyil, iş tapmaq perspektivinə malik sahələr – mühəndislik, proqramlaşdırma, süni intellekt, biotexnologiya daha cazibədar görünür. Bu tendensiya da I və IV qruplarda marağın artmasına səbəb olub".

2025-ci ildə imtahanlar rəqabətli, və psixoloji təzyiqlərin yüksək olduğu bir mühitdə keçirilir

“DİM-in strukturu dəyişməsə, məktəb və repetitor fərqliliyi aradan qaldırılmasa, qiymətləndirmə metodikasına təkmilləşmə gətirilməsə, bu imtahanlar nəticə yox, sosial təbəqələşmənin bir göstəricisi kimi qalacaq.

İmtahanların nəticələri təkcə ali təhsilə qəbul göstəricisi deyil, eyni zamanda təhsil sisteminin real vəziyyətini, məktəblərdə fənn tədrisinin keyfiyyətini və idarəetmənin effektivliyini də açıq şəkildə üzə çıxaracaq. Ona görə də 1 iyun yalnız imtahan tarixi deyil, həm də təhsil sisteminin güzgüsünə çevriləcək bir gün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5786

Oxşar yazılar