Azərbaycanda enerji daşıyıcıları niyə ucuzlaşmır? - SORGU
06 aprel 2009 14:30 (UTC +04:00)

Azərbaycanda enerji daşıyıcıları niyə ucuzlaşmır? - SORGU

Vahid Əhmədov: “Benzinin və digər enerji daşıyıcılarının ucuzlaşmamasının müəyyən səbəbləri var”

İqtisadi böhranla əlaqədar olaraq, dünyanın çox ölkəsində benzinin qiyməti aşağı düşür. Böhranın ilk aylarından - ötən ilin iyunundan indiyədək Türkiyədə benzin 1.03 yeni türk lirəsi qədər ucuzlaşıb. Qonşu ölkədə benzin 3.61 türk lirəsindən 2.58 lirəyə düşüb. Benzinin ucuzlaşması tendensiyası ABŞ-da, Avropa ölkələrində, Ukraynada, Gürcüstan və hətta Ermənistanda da müşahidə edilir. Bu yaxınlarda isə Böyük Britaniyanın baş naziri Qordon Braun istehsalçı firmalardan benzinin qiymətini aşağı salmağı tələb edib. O bildirib ki, benzinin qiyməti neftin qiyməti ilə birgə düşməlidir.

Maraqlıdır ki, bir sıra ölkələrdə benzinlə yanaşı kommunal xidmət haqları da aşağı salınır. Azərbaycanda isə bu tendensiya hələ ki, müşahidə olunmur. Doğrudur, ərzaq, sənaye, tikinti, hətta mənzil bazarında qiymətlər xeyli ucuzlaşıb. Ancaq digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ucuzlaşma bəzi məhsul və xidmətlərdən yan keçib. Xüsusilə də birbaşa dövlətin inhisarında olan sahələrdə qiymətlərin aşağı düşməyib. Məsələn, dünyada neftin qiymətinin 3 dəfədən də çox aşağı düşməsinə baxmayaraq, neft ölkəsi olan Azərbaycanda benzinin və digər enerji daşıyıcılarının qiyməti dəyişmir. Halbuki, yerli və beynəlxalq mütəxəssislər istər enerji daşıyıcılarının, istərsə də kommunal xidmət haqlarının aşağı düşməsini labüd hesab edirlər.

Bəs, enerji daşıyıcıları Azərbaycanda niyə ucuzlaşmır? Lent.az saytı bu sualla rəsmi qurumlara və iqtisadçı ekspertlərə müraciət edib.

Tarif Şurasının katibliyindən bildiriblər ki, Azərbaycanda nə enerji daşıyıcılarının, nə də kommunal xidmət haqlarına yenidən baxılması gündəlikdə deyil. Çünki bu barədə müvafiq qurumlardan Tarif Şurasına hansısa müraciət daxil olmayıb.

“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev bildirib ki, bu qurum elektrik enerjisi istehsal etmək üçün xammalı daxili bazardan götürür. Həmin məhsulların qiyməti isə dəyişmədiyindən elektrik enerjisi tariflərinin aşağı salınması gözlənilmir. Onun sözlərinə görə, bu məsələ Tarif Şurasının səlahiyyətindədir və hazırda elektrik enerjisi haqlarının aşağı salınması gündəlikdə deyil.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin idarə rəisi Nüsrət Qasımov da bu cür düşünür. Onun sözlərinə görə, Azərbaycanda enerjidaşıyıcılarının, o cümlədən təbii qazın qiymətləri Nazirlər Kabineti səviyyəsində müəyyənləşir. İndiki halda qiymətlərin aşağı salınması məsələsi də Nazirlər Kabineti səviyyəsində həll oluna bilər.

“Təbii qazın tarifləri barədə nəsə fikir söyləmək bizim səlahiyyətimizdə deyil. Ona görə də mən bu barədə heç nə deyə bilmərəm. Ancaq bilirəm ki, tariflərin dəyişməsi barədə təklif elə hökumətin özü tərəfindən Tarif Şurasına təqdim olunur. Ancaq hazırda bu məsələ gündəlikdə deyil” - deyə, Nüsrət Qasımov bildirib.

“Azərsu” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov isə bildirir ki, Azərbaycanda sudan istifadə haqlarının aşağı salınması ümumiyyətlə, müzakirə mövzusu deyil. Əksinə, su və kanalizasiya xidmətləri üzrə tariflərin artırılması daha çox lazımdır. Onun sözlərinə görə, hazırda dünyada su və kanalizasiya xidmətləri üzrə ən aşağı tarif Azərbaycandadır.

“Azərbaycanda enerji daşıyıcıları və kommunal xidmət haqları üzrə qiymətlər Tarif Şurası 2008-ci ilin yanvarında təsdiq etdiyi qərarla müəyyən edilir. Həmin qərarla Azərbaycanda sudan istifadə və tullantı suların axıdılması xidmətlərinin tarifləri də təsdiq olunub və bu qiymətlərin yaxın vaxtlarda dəyişəcəyi gözlənilmir” - deyə, “Azərsu” rəsmisi qeyd edib.

Aqşin Rüstəmov bildirib ki, hazırda Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, habelə Abşeron rayonunda əhali qrupu üzrə 1 kubmetr suyun qiyməti əlavə dəyər vergisi (ƏDV) ilə birlikdə 18 qəpikdir. Sayğac olmayan abunəçilər üçün isə ayda adambaşına 6 kubmetr nəzərdə tutulur və kanalizasiya xidmətləri ilə birlikdə bunun qiyməti 1 manat 32 qəpikdir.

Əhaliyə verilən içməli suyun maya dəyərinə gəlincə, Aqşin Rüstəmov bildirib ki, bu, suyun nəqli xərclərindən uyğun olaraq dəyişə bilər. 2009-cu il yanvarın 1-ə olan məlumata görə, hazırda 1 kubmetr suyun maya dəyəri 23,7 qəpikdir. Bunun 40 qəpiyi kanalizasiya xidməti üzrə tariflərdir.

İqtisadçılar isə həm enerji daşıyıcılarının, həm də neft və qazdan asılı olan kommunal xidmətlərin qiymətinin aşağı salınmalı olduğu fikrindədirlər. Millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanda benzinin və digər enerji daşıyıcılarının ucuzlaşmamasının müəyyən səbəbləri var. Bu səbəblərdən biri nağd pul problemidir.

“Əslində benzin, elektrik enerjisi, qaz və bu məhsullardan istifadə edən xidmət sahələrində dövlətin qoyduğu qiymətlər aşağı salınmalıdır. Ancaq dövlətin nağd pulu az olduğu üçün tarifləri aşağı sala bilmir. Çünki dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar dövlətin nağd vəsaitləri azalıb” - millət vəkili belə düşünür.

Müsahibimiz qeyd edir ki, dünyada neftin qiyməti aşağı düşürsə, bu, mütləq bütün yanacaq məhsullarının da qiymətinə təsir etməli və tariflər aşağı salınmalıdır. Onun sözlərinə görə, həm əvvəlki illərin praktikasında, həm də indiki dövrdə dünyada qiymətlər bu prinsiplər üzrə dəyişir: “Su və kanalizasiya tarifləri də həmçinin. Çünki bunlar da neftdən və qazdan asılıdır. Məncə, manatın məzənnəsinin saxlandığı üçün enerji daşıyıcılarının qiymətini aşağı salmırlar. Çünki manatın dəyərdən düşməməsi üçün hökumət xeyli vəsait xərcləyir”.

Enerji daşıyıcıları və kommunal xidmət haqlarının qiyməti

(Köhnə və hazırkı tariflərin müqayisəsi)

Məhsulun adı
2007-ci il yanvarın 8-dək 2007-ci il yanvarın 8-dən
Yanacaq (1 litri)
Benzin Aİ-95 40 qəpik 60 qəpik
Benzin Aİ-92 36 qəpik 55 qəpik
Benzin Aİ-80 34 qəpik 55 qəpik
Dizel yanacağı 36 qəpik 45 qəpik
Məişət soba yanacağı və ağ neft (KO-20) 36 qəpik 45 qəpik
Elektrik enerjisi (1 kilovatsaat üçün)
Əhali üçün (ƏDV ilə birgə) 2 qəpik 6 qəpik
Kommersiya, istehsalat qrupları üçün Müxtəlif qiymətlər olub (kommersiya - 6 qəpik, istehsalat - 3 qəpik) 6 qəpik
Təbii qaz (1000 kubmetri)
Əhali üçün (ƏDV daxil olmaqla) 47 manat 20 qəpik 47 manat 20 qəpik
Digər istehlakçılar ücün (ƏDV daxil olmaqla) 47 manat 20 qəpik 100 manat
Su (1 kubmetri)
Qeyd: Yanvarın 8-dək sayğaclaşdırılmamış abonentlər üzrə 1 nəfər üçün suyun aylıq istifadə norması 12 kubmetr olub. Yanvarın 8-dən norma 6 kubmetrədək azaldılıb. 1 manat 19 qəpik (12 kubmetr üçün) 1 manat 32 qəpik
(6 kubmetr üçün)
Bütün Abşeron yarımadası, Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir və Əli Bayramlı üçün 9 qəpik 18 qəpik
Başqa yerlərdə yaşayan istehlakçılar üçün Yerindən asılı olaraq qiymətlər müxtəlif olub 70 qəpik
Sudan xammal kimi istifadə edənlər üçün) 8 manat 40 qəpik 12 manat
Kanalizasiya (1 kubmetri)
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Xırdalan və Abşeron üzrə əhali üçün 1 qəpik 4 qəpik
Respublikanın digər şəhər və rayonlarında əhali üçün 0,9 qəpik
(1 qəpiyə yaxın) 3 qəpik
Başqa istehlakçılar üçün Müxtəlif qiymətlər olub 20 qəpik

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843

Oxşar yazılar