Dolları sərbəst buraxmaq nəyi dəyişəcək? - SORĞU
11 mart 2009 14:00 (UTC +04:00)

Dolları sərbəst buraxmaq nəyi dəyişəcək? - SORĞU

Ekspertlər hesab edirlər ki, devalvasiya lazımdır, amma tədricən...

Bu həftə Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək. Hesabat çərçivəsində cari ilin iqtisadi siyasətinin əsas istiqamətləri, xüsusən də qlobal iqtisadi böhranın təsirlərinin azaldılması məsələsi götür-qoy ediləcək. İclasda Azərbaycan manatının kursunun saxlanıb-saxlanması da geniş müzakirə olunacaq. Bəzi qonşu dövlətlərdə milli valyutaların devalvasiyadan sonra Bakıda da bunun mümkünlüyü barədə daha çox danışırlar. Odur ki, parlamentdəki müzakirələrdən sonra çox şey aydınlaşacaq. Hələlik isə rəsmilər devalvasiyanın gözlənilmədiyini desələr də, bir çoxları manatın məzənnəsinin sərbəst buraxılmasının qaçılmaz olduğunu düşünür. Lent.az devalvasiyanın tərəfdarları və əleyhdarlarının bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının üzvü Nazim Məmmədov:

- Azərbaycanda devalvasiyanın tərəfdarları ilə əleyhdarlarının faiz nisbəti təqribən 30-70-dır. Yəni böyük əksəriyyət devalvasiyanın olmasını istəmir. Nəzəri baxımdan, milli valyutanın dəyərinin ucuzlaşdırılması stimullaşdırıcı amil ola bilər. Amerikanın əsas ixrac məhsullarından biri elə valyutanın özüdür, ancaq bu, o demək deyil ki, biz süni şəkildə, özü də panika şəklində devalvasiyanın olacağını söyləməliyik. Manat o vaxt ucuzlaşar ki, onun arxasında istehsal olmasın. Real bazar şəraitində dollara olan tələbat təklifi üstələyərsə, manat ucuzlaşar. Amma indi belə bir vəziyyət mövcud deyil. Mən Milli Bankın araşdırmalarına inanaraq belə qənaətdəyəm ki, tələblə təklif eynidir. Bəli, manatın süni şəkildə ucuzlaşdırılması halı ola bilər. Yəni bir qrup şəxsin manatın ucuzlaşmasında maraqlı olması mümkündür. Lakin biz bir qrup şəxsə görə milyonlarla insanın marağını qurban verə bilmərik. Bu baxımdan, mən manatın devalvasiya olunmasının iqtisadi əsasını görmürəm. Ona görə də manatın səviyyəsinin indiki həddə saxlanmasını tərəfdarıyam. O ki qaldı böhranın təsirlərini azaltmaq mexanizmi kimi manatın devalvasiyasına getmək iddialarına, bu da əsassızdır. Biz istehsalı qaldırmaq istəyiriksə, real iqtisadiyyata aşağı faizli, uzunmüddətli kreditlər qoyulmalı, sosial məsələlərə diqqəti artırmaq, rəqabət mühitinin yaxşılaşdırılması, inhisarçılığın aradan qaldırılmasına fikir verməliyik. Bu tədbirləri ölkə başçısı da öz çıxışlarında qeyd edib. Biz milli iqtisadiyyatımızı, xüsusən də qeyri-neft sektorunu gücləndirməklə böhrana daha davamlı iqtisadiyyat qura bilərik. Belə olsa, idxaldan asılılığımız da azalar. Yəni o insanlar ki, alternativ olaraq, manatın ucuzlaşdırılmasını təklif edir, onların bu fikrinin heç bir iqtisadi əsası yoxdur.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov:

- Devalvasiya sadə vətəndaşlar üçün xeyirli proses deyil. Çünki devalvasiya milli valyutanın ucuzlaşması deməkdir. Belə olan halda insanların valyuta ehtiyatı da ucuzlaşacaq. Devalvasiyaya gedilməyəcəyi təqdirdə isə qiymətlər indiki səviyyədə qala bilər. Lakin nəzərə alaq ki, dövlət öz ehtiyatını manatın ucuzlaşmaması üçün xərcləyir. Ayda 150-170 milyon manatı bu istiqamətə xərcləmək o qədər də asan deyil. Bununla belə, dövlətin büdcəsinə ziyan olsa belə, ölkə vətəndaşlarına devalvasiyaya uğramamış manat daha çox sərf edir. Ona görə də indiki iqtisadi böhran şəraitində nə qədər imkan varsa, manatın qorunub saxlanmasına çalışmaq lazımdır ki, camaat əziyyət çəkməsin. Çünki ölkədə işsizlik problemi var, manat ucuzlaşsa, iqtisadi çətinliklər bir qədər də artacaq. Çalışmaq lazımdır ki, manatı sabit saxlamaqla yanaşı, insanlar banklardakı əmanətlərini də götürməsin. Bu, əhali üçün xeyirdir. Problemə qlobal səviyyədə yanaşdıqda isə manatın sabit saxlanması uzun müddət üçün qeyri-mümkündür. Əgər böhran uzun müddət davam edəcəksə, onda tədricən devalvasiyaya getmək lazımdır. Amma Ermənistandakı kimi 30-40 faiz yox, 2-3 faizlik devalvasiya daha məqbuldur.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev:

- Azərbaycan idxaldan asılı olduğundan dolların sərbəst buraxılması xaricdən gələn malların bahalaşması ilə nəticələnəcək. Ancaq bizim milli iqtisadiyyatımız uzun müddətə hazırkı vəziyyətə tab gətirə bilməyəcək. Çünki 2008-ci ildə Azərbaycanın neftdən kənar ixracı cəmi 3 faiz olub. Yəni bizim iqtisadiyyatımızın vəziyyəti çox ağırdır. Ona görə də manatın bu şəkildə möhkəm saxlanması ola-qalan kiçik iqtisadiyyatımızın ixrac potensialını da məhv edəcək. Deməli, devalvasiya daha məqbul variantdır. Lakin bu, son dərəcə yumşaq xarakterli olmalıdır. Devalvasiyaya gedilməsə, bizim valyuta ehtiyatlarımızın təxminən üçdəbirinə malik olan Milli Bankın vəsaitləri manatın möhkəm saxlanmasının qurbanına çevrilə bilər. Sonrakı mərhələdə böhran davam edərsə, neftin qiyməti qalxmasa valyuta ehtiyatlarımızın tükənməsi üçün daha ağır şərait yaranar. Başa düşürəm, devalvasiyaya getmək də, getməmək də hökumət çətindir. Ancaq real iqtisadi durumu nəzərə alaraq, yumşaq devalvasiyaya getmək lazımdır. Əks halda, Milli Bank manatın məzənnəsinin saxlanmasına daha çox vəsait xərcləməli olacaq.
Banklara Yardım Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev:
- Mən sərt devalvasiyanın tərəfdarı deyiləm, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər. Nəzarət altında olan az devalvasiya bütövlükdə ixracatı stimullaşdırır. Yəni az miqdarda devalvasiya iqtisadiyyata bir nəfəs verir. Mən kəskin devalvasiyanı qətiyyən qəbul etmirəm. Çünki bu, ilk növbədə idxal olunan məhsulların qiymətinin artıracaq. Nəzərə alaq ki, Azərbaycanda idxal olunan məhsulların xüsusi çəkisi yüksəkdir və belə ölkələrdə devalvasiyaya getmək doğru deyil. Devalvasiyaya getmək əhalinin kasıb təbəqəsinin daha da kasıblaşmasına gətirib çıxarar. Ona görə də mən daha çox devalvasiyanın deyil, stabilliyin tərəfdarıyam. Düzdür, kiçik həcmli, nəzarət altında olan devalvasiya ixracatı stimullaşdırır və bu həm dövlət, həm də ixracatçı müəssisələr üçün daha münasibdir. Amma yenə deyirəm, bu halda 3-5 faizlik devalvasiyadan söhbət gedir. Belə devalvasiya təhlükə yaratmır, əksinə, ixracatı stimullaşdırır. Kəskin devalvasiya isə əhaliyə çox böyük zərbə vuracaq və buna getmək olmaz.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446

Oxşar yazılar