İsrail – Azərbaycan oyunundan sonra yığma komandamızın baş məşqçisi Berti Foqtsun iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının İsrailə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, almaniyalı çalışdırıcı ilk növbədə oyun haqqında fikirlərini bildirib, daha sonra sualları cavablandırıb.
- 1 xal aldığımıza görə razıyam. Ancaq mənə elə gəlir ki, bu azdır. Mən bilirəm ki, komandam daha yaxşı oynaya bilər. Oyundan tam razı qala bilmərəm. Nəticə vacib deyil. Biz Lüksemburqla da, Şimali İrlandiya ilə görüşlərdə də qalib gələ bilərdik. Mənə əsas yaxşı oyun göstərməkdir. Hər iki oyunda da öndə olsaq da, rəqib son dəqiqələrdə qol vurdu.
- İsrail millisində çalışmaq istərdiniz?
- Azərbaycan millisi ilə hələ müqaviləm var.
- Araz Abdullayevi hansı cinahda oynatdınızsa, yaxşı oynamadı.
- Onu bağışlayıram, çünki ən gənc oyunçumuzdur. Gənc futbolçunun səfər oyunlarında ən azı bir matçlıq səhv etməsinə icazə var.
- Araz İngiltərədə, daha sonra Yunanıstanda çıxış edib. Onun bu qədər səhv etməsi bağışlanmazdır.
- Onun inkişafını görürəm. İlk milli oyununu mənim vaxtımda oynayıb. Devid Moyes mənim vaxtımda onu “Everton”a istəmişdi. Araz bir ara tənqid olunanda özündən çıxırdı. İndi isə böyük sözünə qulaq asır. Onda çox böyük irəliləyiş var. Onu da unutmayaq ki, onun cəmi 20 yaşı var.