Azərbaycan Premyer Liqasında inqilabi dəyişikliklər
25 dekabr 2012 15:58 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında inqilabi dəyişikliklər

AFFA və Peşəkar Futbol Liqasının klub rəsmiləri ilə keçirdiyi görüşündə 6 məsələ müzakirə olunub. Bu haqda Lent.az-a toplantıya qatılan “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.

 

Seyidovun dediyinə görə,  əvvəlcə Topaz Premyer Liqasında ilk “6-lıq” sistemi müzakirə olunub və bu sistem prinsipcə müsbət qarşılanıb. Eyni zamanda təklif olunub ki, növbəti mövsümdən qış fasiləsinədək təsnifat mərhələsi başa çatdırılsın. “6-lıq”ların tərkibi müəyyənləşdirildikdən sonra Azərbaycan Kuboku uğrunda oyunlar mövsümün ikinci yarısında keçirilsin. Bu, Avropa kuboklarına vəsiqə qazanmaq imkanı olan komandaların bahalı transferlər etməsinə şərait yaradacaq.

 

Digər tərəfdən, klubların legioner futbolçularla bağlı ödənişlərinə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında baxılması qərara alınıb. Klublar bununla bağlı təkliflərini komitəyə təqdim etməlidirlər.

 

Üçüncü məsələ, legioner limiti ilə bağlı olub. İcraiyyə Komitəsinin Premyer Liqada növbəti mövsümlər üçün legioner limiti ilə bağlı strategiyasını hazırlaması məqsədəuyğun sayılıb. Limit isə ya “7+4”, ya da “6+5” formatında ola bilər.

 

Uşaq futboluna ayrılan vəsait hesabına Gəncə və Tovuz şəhərlərində yeni stadionların inşası qərara alınıb. Bu, hər iki klubun maliyyə durumunun ürəkaçan səviyyədə olmaması ilə əlaqələndirilib.

 

Toplantıda o da qərara alınıb ki, 2013-cü ilin aprel-may aylarında 19 yaşlılar arasında Azərbaycan Kuboku keçirilsin.  

 

Nəhayət, Avrokuboklarda çıxış edəcək klubların maliyyə meyarları müəyyənləşməlidir. Bu addım klubların şəffaf maliyyələşmə sisteminin formalaşdırılması məqsədilə UEFA-nın tələbinə əsasən atılıb.  

 

# 1176
avatar

Oxşar yazılar