"Tvente"nin yarımmüdafiəçisi Mixal Sadilek Çexiya millisinin heyətində 2024-cü il futbol üzrə Avropa çempionatını buraxacaq.
Lent.az xaricimediaya istinadən bildirir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının saytında məlumat verilib.
Təşkilat buna səbəb futbolçunun iyunun 8-də velosipeddən yıxılması nəticəsində baldır nahiyəsindən aldığı zədə olduğunu bildirib. Çexiya millisinin baş məşqçisi İvan Qaşek Sadilekin zədəsinin komandanı zəiflətdiyini deyib.
İyunun 7-də Sadilek Malta ilə yoldaşlıq görüşündə iştirak edib və bu oyun çexlərin 7:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə yarımmüdafiəçi kapitan sarğısını taxıb.
Yarımmüdafiəçi Avro-2020-də iştirak edən Çexiya millisinin yeddi futbolçusundan biri olub. Ümumilikdə, Sadilek komandanın heyətində 24 oyun keçirib və bir qol vurub.
2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Çexlər Portuqaliya, Türkiyə və Gürcüstanla eyni qrupda çıxış edəcək.