“Qarabağ”  dünya reytinqində   daha da irəlilədi
11 avqust 2022 14:11 (UTC +04:00)

“Qarabağ” dünya reytinqində daha da irəlilədi

Klubların dünya sıralaması müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.

301 klubun yer aldığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Üç ay əvvəl dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” növbəti dəfə irəliləyib. Budəfəki sıçrayış 11 pillə olub. Ağdam təmsilçisi aktivindəki 145,5 xalla 78-ci pilləyə yüksəlib. Azərbaycan çempionu “Bayer”, “Borussiya” (Dortmund), “Vest Hem”, “Latsio”, “Fənərbaxça”, “Lill”, “Tottenhem”, “Anderlext”, “Valensiya”, “Şaxtyor” (Donetsk), “Fiorentina”, “Zenit” kimi tanınmış klubları qabaqlayır.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Təmsilçilərimizin avrokuboklardakı rəqibləri də siyahıda özünə yer edə bilib. Konfrans Liqasının III təsnifat mərhələsində bu gün “Neftçi” ilə qarşılaşacaq Avstriya “Rapid”i 8 pillə irəliləyərək, ilk “100-lüy”ə daxil olub. Vyanalılar 132,75 xalla 98-cidir.

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya” da böyük irəliləyişə nail olub. Çexiya çempionu bir ay ərzində 147-ci pilləni 119-cu yerə (119 xal) dəyişib. 

Reytinqin zirvəsində dəyişiklik olmayıb. Braziliya klubu “Palmeyras” (304 xal) liderliyini qoruyub. Braziliyanın digər təmsilçisi “Flamenqo” və İngiltərə nəhəngi “Liverpul” eyni xalla (291) 2-3-cü yerləri bölüşdürürlər. “Çelsi” (İngiltərə) 4-cü pilləyə yüksəlibsə, “Atletiko Mineyro” (Braziliya) ilk “üçlüy”ü tərk edib.

# 2592
avatar

Oxşar yazılar