İdman gimnastikası üzrə qadınlardan ibarət Yaponiya yığmasının kapitanı Seko Miyata milli komandanın davranış kodeksini pozduğuna görə olimpiya yığmasından xaric edilib.
Lent.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı gimnast Monakoda təlim-məşq toplanışı zamanı siqaret çəkərkən yaxalanıb. İdmançı iyulun 17-də baş tutan açıq məşqi buraxıb. Ertəsi gün Miyatanın Olimpiadada iştirak etməyəcəyi və evə göndəriləcəyi açıqlanıb.
Yaponiya qanunlarına görə, yaşı 20-dən aşağı olan insanlara siqaret çəkmək və spirtli içki qəbul etmək qadağandır. Oxşar qaydalar, əgər milli komanda Yaponiyadan kənarda yerləşirsə, ona da şamil edilir.
Miyata 2022-ci il Dünya Çempionatında debütündə bürünc qazanıb. Həmin il Asiya çempionatında o, tullanma və döşəmə hərəkətlərində gümüş, komanda hesabında isə bürünc medal qazanıb.