“Həmin an sanki ürəyim döyünmürdü, tək xatırladığım...” – GƏNC ÇAPARLA MÜSAHİBƏ
19 sentyabr 2024 15:00 (UTC +04:00)

“Həmin an sanki ürəyim döyünmürdü, tək xatırladığım...” – GƏNC ÇAPARLA MÜSAHİBƏ

At çapmaq, tarixin dərinliklərindən gələn, insanla heyvanın arasında unikal bir əlaqəni ifadə edən qədim bir fəaliyyət növüdür. Əsrlər boyu atlar yalnız nəqliyyat vasitəsi deyil, həm də insanların ən sadiq yoldaşı, döyüşçülərin etibarlı silahdaşı olub. Azərbaycan da bu ənənəni qoruyub saxlayan ölkələrdən biridir. 

Sürət, küləyin üzündəki sərt sığalı, təbiətin ritmi...

Bütün bunlar bir araya gələrək unudulmaz bir adrenalin və azadlıq hissi yaradır. 

Bu adrenalini daha yaxından hiss etmək üçün hazırda üz tuturuq “Cıdır Atçılıq Mərkəzinə. 

Lent.az-ın bu dəfəki qonağı cıdır atçılıq növü üzrə ən gənc çapar Ramal Əliyevdir.

“Müəllimim atın yəhərinə ciblər tikdi, qurğuşun düzəldib həmin ciblərə doldurdu ki, yarışda iştirak edə bilim”.

- Ramal, atçılığa həvəs hardan yarandı?

- Uşaqlıqdan atlara çox həvəsim vardı. Ailəm də bu həvəsimi çox yaxşı görürdü. Amma nəinki at çapmaq, heç ata minə bilmirdim. İlk dəfə bura gələndə 8 yaşım vardı. Bir müddət atla məşğul olmağa başladım. Artıq bu həvəs mənə getdikcə adrenalin hissini sevdirməyə başladı.

- Bəs, kiçik yaşlardan bu peşə ilə məşğul olmaq çətin deyildi?

- İlk başlarda əsasən təlim atları ilə məşq edirdim. Əlbəttə ki, hər peşənin öz çətinliyi var. İlk dəfə atla tanış olanda çox qorxurdum. Amma indi atları çox sevirəm. Atlar güclü, çevik və sürətli varlıqlardır. Onlarla bağ qurmaq biraz çətindir. Ona görə də atı yaxından tanımağa çalışıram. Çünki çapar, atını idarə edərkən sadəcə onu yönləndirmir, həm də atın duyğularını, narahatlıqlarını və ehtiyaclarını hiss edir. Çapar atın bacarıqlarına və instinktinə güvəndiyi kimi, at da öz sürücüsünün ona düzgün rəhbərlik edəcəyinə inanmalıdır. Onlar bir-birinə inandıqca, aralarındakı emosional bağlılıq daha da güclənir.

- Bəs, əsasən hansı atlarla məşğul olursan?

- Burada daha çox Dilboz və Qarabağ atları ilə məşğul oluram. Bu iki at növü bir-birindən çox fərqlənir. Bu səbəbdən bütün atlara eyni rəftar etmirik. Dilbozun digər atlardan fərqi odur ki, bu növ atların rəngi böyüdükcə açılır və ağ olur. Digər cavan atlar da yeni doğulduqda əvvəlcə qara rəngdə olurlar. Daha sonra isə rəngləri açılır. Ümumiyyətlə bütün növ atlar nizam-intizamı və proqramlı işləməyi sevirlər. Bir gün məşq etməyəndə prosesləri unudurlar, tənbəlləşirlər. Ona görə də hər gün səhər saat 5-də bura gəlib onlarla məşq edirəm. 

"Həmin an sanki ürəyim döyünmürdü. Tək xatırladığım an yarış bitmişdi və mən ikinci yerin qalibi idim".

- Deyirlər ki, at enerjini hiss edə bilir. Ona görə də insanları məhz bu səbəbdən ya özünə yaxın buraxır, ya da buraxmır...

- Atlar çox həssas canlılardır və insanın emosional və energetik vəziyyətini dərhal hiss edə bilirlər. Bu səbəbdən, atlar insanlara çox vaxt onların duyğu və niyyətlərinə uyğun olaraq reaksiya verirlər. Atla insan arasında qurulan bu əlaqə güclü və həssas bir anlayış tələb edir, çünki atların insanın yaydığı enerjini dərindən hiss etmə qabiliyyəti onların davranışlarına birbaşa təsir edir. Ümumiyyətlə, ata yaxınlaşmazdan öncə onun sahibindən at barədə məlumat almalısan. Atın xarakterini, təbiətini bilmədən ona yaxınlaşmaq risklidir. Minməyə çalışmaq isə ən böyük səhvlərdən biridir. At yeganə heyvandır ki, onun üzərindəki insanın təcrübəli və ya təcrübəsiz olduğunu dəqiq başa düşə bilir. Əgər at hiss etsə ki, siz təcrübəsizsiniz, sizi üstündən atacaq. Atlar çox eqoist və təkəbbürlü olurlar. Hər kəsin onların üzərinə çıxmasına icazə verməzlər.

- İlk yarışınla bağlı hansı xatirələrin var?

- İlk yarışımı heç vaxt unutmaram. Yarışda iştirak edən ən kiçik çapar mən idim. Digərlərinin 18 yaşı vardı. Yarışda standart çəki 54 kilodur. Mənim çəkim isə 35 kilo idi. Nə edirdimsə, çəkim qalxmırdı. Axırda məşqçim Şəmsəddin Atayev atın yəhərinə ciblər tikdi, qurğuşun düzəldib həmin ciblərə doldurdu. Beləliklə, çəkim standart çəkiyə qalxdı. İlk yarışımda çox həyəcanlı idim. Yarışda boks deyilən çərçivənin içərisində oluruq. Yarış başlandıqda boks açılır və biz atla birlikdə ordan çıxırıq. Burdan necə çıxacağımı düşünürdüm. Həmin an sanki ürəyim döyünmürdü. Tək xatırladığım an yarış bitmişdi və mən ikinci yerin qalibi idim.

- Yarışda iştirak edən ən kiçik çaparın sən olduğunu qeyd etdin. Bəs, necə oldu ki, səni yarışa buraxdılar?

- İlk yarışım olanda mənim 14 yaşım vardı. Bu səbəbdən də məni yarışa buraxmırdılar. Şəmsəddin müəllim bununla bağlı federasiyaya müraciət etdi. Valideynlərimin yazılı icazəsi ilə məni yarışa buraxdılar. Artıq iki ildir ki, yarışlarda iştirak edirəm. Bu sənət mənə çox uyğundur. 

- Bəs, bundan sonrakı planların nələrdir?

- Artıq 8 ildir ki, bu peşə ilə məşğul oluram. Arzum ölkəmizi xaricdə təmsil etməkdir. Bu sahədə daha çox yarışlarda iştirak edib, daha yaxşı nəticələr əldə etmək istəyirəm.

FOTOLAR: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3624
avatar

Arzu Qurbanlı

Oxşar yazılar