ABŞ-ın Şimali Karolina ştatının Şarlotta Şəhər Şurası “Real Madrid”ə şəhərin açarını təqdim edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədbir Şarlotta-Meklenburq Hökumət Mərkəzində baş tutub. Mərasimdə “Real Madrid”in beynəlxalq institusional əlaqələr üzrə direktoru Emilio Butraqueno, peşəkar futbol direktoru Santiaqo Solari və klubun keçmiş müdafiəçisi, braziliyalı Roberto Karlos iştirak edib.
Qonaqları mer vəzifəsini icra edən Dante Anderson qəbul edib.
Xatırladaq ki, “Real Madrid” avqustun 7-də Şarlottada “Çelsi” ilə yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşma İspaniya klubu üçün yeni mövsüm ərəfəsində dördüncü olacaq. Əvvəllər Madrid klubu iki yoldaşlıq oyununda “Milan” və “Barselona”ya uduzub, “Albasete” ilə oyunda isə qalib gəlib.
“Real” klubu yeni mövsümün ilk rəsmi oyununu avqustun 14-də “Atalanta”ya qarşı keçirəcək. Bu, Avropa Superkuboku uğrunda oyun olacaq.