Klubdakı vəziyyət düzəlməzsə, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti istefaya göndərilə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Real Madrid” rəhbərliyinin planlarında mövsümün ortasında Ançelottinin qovulması nəzərdə tutulmasa da, nəticələr klub rəhbərliyinə uyğun gəlmir. Madrid komandasındakı rəsmi mənbələr klub qarşıdakı oyunlarda qələbə qazanmağa başlamasa, Ançelottinin qovulacağını istisna etmir.
Ançelotti 2013-2015-ci illərdə Madrid klubunu çalışdırıb və 2021-ci ildə yenidən kluba qayıdıb. Son üç ildə o, iki dəfə İspaniya çempionatının, iki dəfə İspaniya kubokunun, iki dəfə Çempionlar Liqasının, 2022-ci ildə klublararası dünya çempionatının və iki dəfə UEFA Superkubokunun qalibi olub.
Ümumilikdə, Karlo Ançelotti beş dəfə Çempionlar Liqasında komandaları qələbəyə aparıb. İki dəfə “Milan” - 2003 və 2007-ci illərdə, üç dəfə isə “Real Madrid” - 2014, 2022 və 2024-cü illərdə.
12 turdan sonra "Real Madrid" İspaniya çempionatında lider "Barselona"dan 9 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.