Çempionlar Liqasında 4 klub növbəti mərhələyə vəsiqəni təmin etdi
04 noyabr 2009 10:00 (UTC +04:00)

Çempionlar Liqasında 4 klub növbəti mərhələyə vəsiqəni təmin etdi

Futbol üzrə Çempionlar Liqasının IV turunda ilk oyun günündən sonra 4 klub 1/8 finala vəsiqəni təmin edib.


Lent.az-ın məlumatına görə, İngiltərənin “Mançester Yunayted” və “Çelsi”, Fransanın “Bordo” və Portuqaliyanın “Portu” komandaları vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.


A qrupunda yer alan “Bordo” Almaniyada “Bavariyanı 2:0 hesabı ilə məğlub edərək, xallarının sayını 10-a çatdırıb. Bununla da Fransa təmsilçisi qrupda ilk 2 pillədən birini özünə təmin edib. İtaliyanın “Yuventus” klubu da İsraildə “Makkabi”ni 1:0 hesabı ilə yensə də, qrupda digər vəsiqəyə sahib çıxmaq üçün “Bavariya” ilə mübarizə aparmalı olacaq. Hazırda italiyalıların 8, almaniyalıların 4 xalı var. Heç bir xalı olmayan “Makkabi” isə növbəti iki oyununda yalnız Avropa Liqasına vəsiqə uğrunda yarışacaq.


B qrupundakı “Mançester Yunayted” Rusiya MOİK-i ilə qarşılaşmada son anda nail olduğu 3:3 hesablı heç-heçə sayəsində 1/8 finala vəsiqə əldə edib. Öz meydançasında “Volfsburq”a 0:3 hesabı ilə uduzan “Beşiktaş” (Türkiyə) ən yaxşı halda Avropa Liqasının 1/16 finalına vəsiqə uğrunda mübarizə apara bilər. Bunun üçün “qartallar” qrupda 3-cü yeri tutmalıdır.


C qrupundakı “Milan” (İtaliya), “Real” (İspaniya), “Marsel” (Fransa) və “Sürix” (İsveçrə) komandalarının hər birinin növbəti mərhələyə yüksəlmə şansları qalır. Bu dəfə 1:1 hesablı heç-heçəyə “razılaşan” “Milan”la “Real” hərəyə 7 xalla ilk 2 pilləni bölüşür. “Marsel” isə “Sürix”i darmadağın edib – 6:1. Hazırda Fransa klubunun 6, İsveçrə təmsilçisinin isə 3 xalı var.


D qrupunda 1/8 final mərhələsinə hər 2 vəsiqənin sahibi artıq məlumdur. “Çelsi” İspaniyada “Atletiko” ilə 2:2 hesablı heç-heçə sayəsində xalını 10-a, Kiprdə APOEL-i 1:0 hesabı ilə yenən “Portu” isə 9-a çatdırıb. Bu oyunlardan sonra 2 xala malik “Atletiko” ilə 1 xalı olan APOEL yalnız Avropa Liqasına vəsiqəyə ümid edə bilər.

Bu qruplarda növbəti turun oyunları noyabrın 25-də olacaq:

A qrupu

“Bordo” – “Yuventus”
“Bavariya” – “Makkabi”

B qrupu

MOİK – “Volfsburq”
“Mançester Yunayted” – “Beşiktaş”

C qrupu

“Milan” – “Marsel”
“Real” – “Sürix”

D qrupu

“Portu” – “Çelsi”
APOEL – “Atletiko”.
# 773

Oxşar yazılar