Azərbaycanın ən titullu futbolçusuna sərt cəza
27 noyabr 2012 14:25 (UTC +04:00)

Azərbaycanın ən titullu futbolçusuna sərt cəza

Lent.az-ın məlumatına görə, Qurbanov “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XIV tur matçının 79-cu dəqiqəsində hakimi təhqir edib.

Həmin vaxt o, texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi isə Qurbanovu 5 oyunluq cəzaya, klubunu 5000 manat cəriməyə məruz qoyub. Bu epizodun ardından “Kəpəz” azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Ona görə də Gəncə klubu daha 2000 manat ziyana düşüb. “Kəpəz”dən ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirməsi tələb olunub. Əks halda kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın qapıçısı Kamal Bayramov azarkeşləri təhqir edib. Bu isə Bayramova 3 oyunluq cəza, klubuna 2000 manat cərimə bahasına başa gəlib.

Digər qarşılaşmalarda da intizam pozuntuları baş verib. “Rəvan”la matçın 44-cü dəqiqəsində “Qəbələ”nin kapitanı Rəşad Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Təcrübəli yarımmüdafiəçi 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. 70-ci dəqiqədə “Rəvan”ın oyunçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Hodziç 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

“Neftçi” ilə görüşün 87-ci dəqiqəsində isə “Bakı”nın müdafiəçisi Novruz Məmmədov oyuna girər-girməz kobud oynayaraq, birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi ona 2 oyunluq cəza, klubuna 2000 manat cərimə kəsib. Bu matçda, həmçinin, 5 futbolçusu sarı vərəqə alan “Neftçi” 1000 manat ziyana düşüb.

“Qarabağ”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Turan”a və AZAL-la qarşılaşmada 4 futbolçusu cəzalanan “Sumqayıt”a da 1000 manat cərimə kəsilib.

Qeyd edək ki, Mahmud Qurbanov futbolçu karyerası ərzində müxtəlif klublarla 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar