Yenə 16-cı dəqiqənin hökmü... - REPORTAJ
09 noyabr 2012 02:12 (UTC +04:00)

Yenə 16-cı dəqiqənin hökmü... - REPORTAJ

Noyabrın 8-də “Neftçi” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyununa çıxdı. Lent.az-ın məlumatına görə, flaqman Rusiyanın “Rubin” komandasını qəbul etdi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş yenə “Rubin”in 1:0 hesablı qələbəsi ilə nəticələndi. İki həftə öncə Kazanda olduğu kimi, Bakıda da yeganə top 16-cı dəqiqədə vuruldu. Amma bu dəfə Alan Kasayev yox, Vladimir Dyadyun fərqləndi.

“Neftçi”nin start heyətində Avroliqa matçlarında ilk dəfə gənc oyunçu Emin Mehtiyev də yer almışdı. O, sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirdi. Əvəzində Flavinyo yeganə mərkəz hücumçusu Nikolas Kanalesdən bir qədər arxada qərarlaşmışdı. Qalan oyunçulara gəldikdə, qapını Saşa Stamenkoviç qoruyurdu. Müdafiənin mərkəzində İqor Mitreski və Tərlan Quliyev, cinahlarında isə Bruno Bertuççi və Mahir Şükürov oynayırdı. Dayaq yarımmüdafiəçiləri qismində Erik Ramos və kapitan Rəşad Sadiqov çıxış edirdisə, hücuma sağ cinahdan Culius Vobay dəstək verməli idi.

“Rubin”ə gəldikdə, Kazandakı oyunla müqayisədə Oleq Kuzminin əvəzinə Vladimir Dyadyun ilk “11-lik”də meydana çıxmışdı. Qalan oyunçular – qapıçı Sergey Rıjikov, Kristian Ansaldi, Sesar Navas, İvan Markano, Vitali Kalyoşin, Pablo Orbais, Alan Kasayev, Bibras Natxo, Gökdəniz Karadəniz və Salomon Rondon yenə start heyətində yer almışdılar.

Baş məşqçi Böyükağa Hacıyevin Flavinyonun mövqeyində Mehdiyevi oynatması elə də effekt vermədi. Hər halda gənc yarımmüdafiəçi qeyri-adi heç nə ilə yadda qalmadı. Əksinə, “Rubin”in məhz bu cinahdan qurduğu hücumlar daha kəsərli alınırdı. Hərçənd, hesabı hələ 2-ci dəqiqədə “Neftçi” aça bilərdi. “Rubin” müdafiəçiləri arasındakı anlaşmazlıqdan sonra Flavinyo topa yiyələnərək, qapıçı ilə təkbətən çıxdı. Lakin onun zərbəsi qapının yanından keçdi. Əvəzində tədricən oyunda bərabərlik yaradan qonaqlar hesabı açmağa müvəffəq oldular. Künc zərbəsi vurmaq hüququ qazanan “Rubin” qısa ötürmələrlə “Neftçi”nin qapısına doğru yaxınlaşdı və Natxonun “asma”sından sonra Dyadyun başla topu tora qovuşdurdu. Bu qoldan cəmi 2 dəqiqə sonra flaqman bərabərlik qolunu vurmaq üçün əla imkan əldə etdi. Lakin “Rubin”in qapısı qarşısına uzardan ötürülən topa Kanales toxuna bilmədi.

Qonaqların fəallığı bir müddət davam etsə də, ilk yarının son 10 dəqiqəlik bölümündə “Neftçi” təşəbbüsə yiyələndi. Topa daha çox nəzarət edən “ağ-qaralar” rəqib qapısına doğru həmlələr etməyə çalışırdılar. Lakin hücumların qurulmasındakı lənglik və adi epizodlarda topun itirilməsi üzündən sonluq istənilən səviyyədə alınmırdı.

İkinci hissəyə “Neftçi” daha kəsərli hücumlarla başladı. Xüsusən, hücuma qoşulan müdafiəçi Bertuççi bir neçə təhlükəli zərbə ilə yadda qaldı. 53-cü dəqiqədə Emin Mehtiyevi Araz Abdullayev, 57-ci dəqiqədə isə Rəşad Sadiqovu Mirhüseyn Seyidov əvəzlədi. Bu dəyişikliklərdən sonra meydan sahibləri üstünlüyü tamamilə ələ aldılar. Əks-hücum taktikası seçən qonaqlar 58-ci dəqiqədə fərqi artıra bilərdilər. Lakin Stamenkoviçlə təkbətək çıxan Rondonun zərbəsi qapı tirinə tuş gəldi. “Neftçi”də isə Vobayın həm sol, həm də sağ cinahlardakı fəallığı nəticə vermədi. Şükürovun isə cinah asmaları ünvanını tapmadı. Üstəlik, vitse-kapitan zədələnərək, 89-cu dəqiqədə yerini Elvin Yunuszadəyə verdi.

Oyundan öncə qələbəyə söz verən “Neftçi”nin baş məşqçisi və futbolçularının bərabərlik qolu vurmaq üçün səyləri də alınmadı. Beləliklə, flaqman ardıcıl 3-cü məğlubiyyətə düçar olaraq, növbəti mərhələ ümidlərini demək olar ki, itirdi. Qalan 2 matçda Azərbaycan təmsilçisi Serbiya “Partizan”ını evdə yenməyə və İtaliyada “İnter”ə qarşı layiqli oyun sərgiləməyə çalışmalıdır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar