Bir çox it sahibləri üçün əsas məsələ – heyvanı komandalara öyrətməkdir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, lakin daha vacibi – bunu düzgün şəkildə, heyvanın davranış loqikasını anlayaraq, ardıcıllıqla, qışqırmadan və cəzalandırmadan etməkdir.
İtin bilməli olduğu komandalar hansılardır?
“İlk növbədə it öz adını bilməli və ona reaksiya verməlidir. İkinci əsas komanda - “buraya”. Yəni it yaxınlaşmalı, oturmalı və qaçmamalı, sahibinə diqqətlə baxmalıdır". Daha bir əsas komanda - “gəz” (və ya “azadsan”) – bu, “tapşırıq bitdi” anlamında istifadə olunur.
“Hər bir komandanın sonu olur. Bu son – sadəcə tərif və ya yemək deyil, azad etməkdir. İnsanlar tez-tez bu səhvi edirlər: it komandaya əməl edir, yeməyi alır və qaçır. Halbuki it başa düşməlidir ki, komanda bitənə qədər gözləməlidir".
Baza komandalar bunlardır:
“Yanımda”
“Otur”
“Uzan”
“Yerinə”
“Olmaz” – bu komanda dərhal öyrədilmir.
İtə "olmaz" deməzdən əvvəl ona bir şey etməyi öyrətmək lazımdır. Çünki biz də əvvəl yol hərəkəti qaydalarını öyrənirik, sonra qaydanı pozanda cərimə olunur, əksi yox. Hər düzgün yerinə yetirilmiş komandadan sonra mükafat – yəni yemək vermək vacibdir. Bu, müsbət möhkəmləndirmədir və səmərəli təlimin əsas prinsipidir.
İti cəzalandırmaq olarmı?
“Bu, cəzanın nə olduğundan asılıdır. Məsələn, mənim üçün cəza odur ki, biz itlə oynayırıq, o həvəslə oynayır, sonra birdən 'otur' əmrini verirəm - bu, onu intizam və dözümlülüyə yönəldir".
Təlim zamanı, məsələn, qısa zəncir dartısı mümkündür. Amma qışqırmaq və ya döymək qətiyyən olmaz. Belə davrananlar adətən əsəbi insanlardır və itlərin davranışını anlamırlar.
Gecikmiş cəza nəyə gətirib çıxarır?
Çox insanlar evi dağıtdıqdan bir neçə saat sonra itə qışqırırlar. Amma bu mənasızdır, çünki:
“İt bir hərəkəti digəri ilə maksimum 3 saniyə ərzində əlaqələndirə bilir. Davranış öyrədiləndə isə bu 1 saniyəyə enir. Yəni bir saat əvvəl baş verən hadisə ilə indi verilən cəzanın səbəb-nəticə əlaqəsini qura bilmir".
Nəticədə, siz evə gələndə iti danlayırsınızsa, o sadəcə sizin qayıtmağınızla qorxunu əlaqələndirir. Bu isə itdə gəlişinizə qarşı qorxu formalaşdırır.
Nəticə
İti cəzalandırmaq yox, onu tərbiyə etmək lazımdır.
Bunun üçün
Onun hərəkət, əlaqə və ünsiyyət ehtiyaclarını qarşılamaq,
Tək qalmağa öyrətmək,
Evdə yaşamağa uyğunlaşdırmaq vacibdir.