“Mən Kiyevdə daha səkkiz ticarət mərkəzi tikməyə hazırlaşıram. İndiyə qədər milyonlarla kvadratmetr tikmişəm və onların sahibiyəm. İstənilən halda Ukrayna mövcud olacaq, müharibə qurtaracaq. Mən heç vaxt Ukraynadan köçüb xaricdə yaşaya bilmərəm. Və mənim Kiyevin mərkəzində 7 ulduzlu otel tikmək planlarım qüvvəsində qalır. Mən hökmən onu tikəcəyəm”.
Ukraynanın ən varlı adamlarından biri deyir bunu. Vaqif Əhməd oğlu Əliyev. İndi onun varidatı az qala yarım milyard dollara yaxınlaşır. 53 yaşı var, Vaqif Əliyevin. Mediaya qapalıdır. Çox az danışır. Xüsusilə də uşaqlıq və gənclik illərindən danışmağı sevmir. Amma adam az saylı müsahibələrində elə məqamlardan bəhs edir ki...
Lent.az xəbər verir ki, Vaqif Əliyev 1968-ci ildə Türkmənistanda anadan olub. Uşaq vaxtlarından işləməyə başlayıb. Bazarda, ya qonşuların əşyalarını daşıya-daşıya günə 4-5 manat qazanırmış. Məktəbdə oxuyan zaman isə bir qədər də irəli gedir. Yerli kinoteatrın kassirləri ilə əlbir olaraq 25 qəpiyə kino bileti alıb, 40 qəpiyə satırmış. Məşhur “Fantomas” filmi kinoteatrlarda ilk dəfə çıxanda isə qazancı birə beş artmışdı. Təsəvvür edin, məktəbli oğlan o qədər qazanırmış ki, hətta bütün sinif yoldaşlarını belə tez-tez kinoya dəvət edirmiş.
***
1982-ci ildə Əliyevlər Rusiyaya, Kislovodsk şəhərinə köçürlər. 14 yaşındaykən Vaqif artıq ilk ciddi biznesinə başlayır. Sonradan Vaqif deyəcəkdi: “Tolyattidən 55 rubla aldığımız avtomobiltəkəri Kislovodskda 70-80 rubla satırdıq. İnsanlar həvəslə alırdılar. Biz isə dayanmadan təkər daşıyırdıq”.
Artıq 18 yaşında hərbi xidmətə yollanan zaman onun son model “Jiquli”si və üçotaqlı evi vardı. Əsgərlikdən qayıtdıqdan sonra Vaqif başqa sahəyə üz tutur: Moskvadan nadir tapılan parfümeriya alıb, Şimal Qafqazın şəhərlərində satmağa başlayır.
Moskvaya səfərlərinin birində Vaqif ukraynalı iş adamı İqor Bakayla tanış olur. Bakayın gözü, necə deyərlər ilk görüşdəcə onu tutur. Onu Ukraynaya dəvət edir və təbii qaz satışı ilə məşğul olan şirkətində işə düzəldir. Burada o gələcək biznes şəriki İqor Nikonovla da tanış olur. Vaqif Əliyev biznesdə ilk addımlarını atdığı həmin illəri belə xatırlayır. “Biz biznesində çalışırdıq, Ukraynaya barter sxemləri ilə qaz tədarükü təşkil edirdik. Mən 1993-cü ildə Türkmənistana hökumətlərarası razılıq əsasında, 1 milyon cüt qalış satmışdım və əvəzində təbii qaz almışdım. Həmin vaxt qaloş Türkmənistan üçün qiymətli mal idi. Qaz qarşılığında biz hər şey: kompüter, şifer, qara bibər, qəhvə və s. satırdıq”.
1996-cı ildə Nikonov və Əliyev ABŞ-a gedirlər. Burda biznes qurmaq istəyirlər. Amma ABŞ-da biznesin spesifikası onları açmır. Amma ABŞ Vaqif Əliyevin həyatını və biznesini köklü şəkildə dəyişir. 1998-ci ildə o, ABŞ-ın gələcək prezidenti olacaq Donald Trampla görüşür. 4 saatlıq görüş zamanı Vaqif bir şeyi özü üçün dəqiqləşdirir: Tikinti, əmlak biznesinə yatırım etmək - uğur məhz buradadır. Qısa zamanda göydələnlər, ticarət mərkəzləri tikir. Mandarin Plaza Lavina Mall, Blockbuster Mall, “Dominant”, “Senator” və “Parus” biznes mərkəzləri onun əməyinin nəticəsidir.
Bir dəfə Vaqif Əliyev çox ambisiyalı biznes planını açıqlamışdı: Kiyevin hər rayonunda 1 ticarət mərkəzi inşa edəcəm. Və bunu artıq reallaşdırmaq üzrədir.
Vaqif Əliyevin ailəsi haqda məlumat azdır. Bircə o məlumdur ki, Natella və Alina adlı iki qızı var...