Dxarmendra Xema Malinini aldı, amma birinci xanımını da atmadı
Məhəbbət, sədaqət, humanizm aşılayan, haqqın qələbəsinə inam yaradan köhnə Hind filmləri. Çox sevərdik bu filmləri, gəncliyimizdə bir-birimizə açıqca ilə təbrik yazanda hind məhəbbəti, fransız gözəlliyi arzulayardıq. Bu gün o filmlər kimi həmin sevgilər də yoxdur.
Bir vaxtlar onları çox sevər, filmlərini izləyər, şəxsi həyatları haqda uydurulmuş, dildən-dilə gəzən rəvayətlər dinləyərdik. Belə bir material o vaxtlar ələ düşməzdi. Sevimli Hind aktyorlarının şəkillərini albomlarımıza vurar, kitablarımızın arasında gəzdirərdik.
Xüsusən “Zita və Gita” filmindən sonra sevilən Rac (Şaka) və Gita haqqında həqiqətləri bilmək yəqin ki, sizlərə maraqlı olar.
İki Hind ulduzunun sevgi tarixçəsi
Dxarmendra əslində Dxaram Sinx Deol adının qısaldılmış formasıdır. 1935-ci ildə çox mühafizəkar bir ailədə dünyaya gəlib. 19 yaşında evləndiriblər onu. Nə yaxşı ki, evləndirəndən sonra azadlıq veriblər və Dxarmendra Bombeyə köçüb.
Ailəsini kirayələdiyi evə yerləşdirib dərhal tanınmış kinostudiyalardan birinin kinoya çəkilmək üçün elan etdiyi müsabiqədə iştirak etməyə yollanır.
Müsabiqə barədə radioda elanı yolda gələrkən eşidibmiş.
Müsabiqədə yeni filmin çəkilişlərinə başlama ərəfəsində olan rejissorun və baş rolu oynayacaq aktrisanın diqqətini çəkməsi onun üzünə Hindistan kinosunun qapılarını açır.
70-80-ci illər Dxarmendra üçün ardıcıl uğurlu illər olur. Biri tamamlanan kimi çəkildiyi növbəti filmi daha bir çəkilişə dəvət əvəzləyir. Çəkildiyi bu filmin meydançasında artıq dünya kino ekranlarında yayımlanan əvvəlki filmin şöhrətinin söhbətləri gəzir.
Xema Malini 1948-ci ildə Tamilnad şəhərində dünyaya gəlib.
20 yaşında ilk dəfə ekranlarda görünüb. Kastinqlərdən keçmək onun üçün çətin olmayıb, çünki rejissorlar onu görən kimi gözəlliyi qarşısında lal qalıblar.
Obrazları həmişə sevən, sədaqətli qadınlar olub. Öz sevgisini də elə çəkiliş meydançasında tapıb
Onlar belə seviblər
Xema Malini ilə Dxarmendra 1969-cu ildə bir filmin çəkiliş meydançasında rastlaşıblar. Elə ilk görüşdən ikisi də bir-birinə qəribə cazibə hiss ediblər. Tale elə gətirib ki, elə həmin il hər ikisi birlikdə çəkilmək üçün dörd filmin müqaviləsinə qol çəkiblər. Bollivudun ən romantik məhəbbət tarixçəsi belə başlayıb.
Zita və Gita” filminin çəkilişlərində Xema Malinin sadəliyi, təmiz qəlbli olması Dxarmendranı heyran edir. Xema Malini isə onun yanında özünü dağa sığınmış zərif çiçək kimi rahat hiss edir.
“Qisas və qanun” filminin çəkilişlərində bu cazibəni yalnız özləri deyil, ətrafdakılar da hiss etməyə başlayır. Dxarmendra işıqçılarla danışıb razılaşırmış ki, tez-tez çəkiliş vaxtı, xüsusən də Xemanı qucaqladığı səhnədə səhvə yol versinlər ki, Dxarmendra Xemanı təkrar-təkrar qucaqlamalı olsun.
Get-gedə yayılan sevgi hekayəti Xemanın ailəsində narazılıq yaratmağa başlayırdı. Xüsusən atası bu sevginin əlehinə idi. O, hər gün qızına potensial ərlərin şəkillərini göstərir, seçim etməsini xahiş edirdi. Xema isə onlarla heç maraqlanmırdı.
Amma evil kişiyə olan məhəbbətini etiraf edə də bilmirdi: “Başa düşürdüm ki, evil kişini sevməyim mənasızdır, ağıllı iş deyil, amma Dxarmendra ilə yanaşı olmaq mənə o qədər xoş idi ki, bundan keçə də bilmirdim”.
Bir dəfə Dxarmendra ondan birbaşa soruşur – məni sevirsən? Xema ona – mən yalnız ərə gedəcəyim kişini sevəcəm-deyə cavab verir.
Bununla belə bu məhəbbət romanı az qala dünyanın müzakirə mövzusuna çevrilmişdi. Sarı mətbuat hər iki ailənin gərginlik yaşadığını yazırdı. Xemanın ailəsi ona növbəti dəfə namizədlər verir, ərə getməsini tələb edirdilər. Onun dərdindən ölən iki məşhur aktyor da onunla evlənməyə hazır vəziyyətdə dayanmışdılar – Sandjiv Kumar və Djitendra. Xema hər ikisini rədd edirdi. Dxarmendra isə bu söz-söhbətlərdən cana gəlmiş xanımını inandırmağa çalışırdı ki, onu atmaq fikri yoxdur. Belə gərgin, qeyri-müəyyən, anlaşılmaz münasibətlər bir xeyli davm edib.
“Mən Dxarmendraya qarşı olan istəklərimə zidd getməyə çalışırdım, amma planlı şəkildə sevmək, yaxud sevməmək olmur, məhəbbət qəlbə gələndə sorğu-sualsız, plan-proqramsız gəlir. Ancaq onu bilirdim ki, o, yanımda olanda çox xoşbəxt olurdum, istədiyim də yalnız bu idi.
1978-ci ildə Xemanın atası infarktdan ölür. İki il sonra Dxarmendra ilə Xema rəsmi kəbin kəsdirirlər, ev şəraitində, məhdud çərçivədə. Tezliklə mətbuat da bu barədə yazır, Dxarmendra birinci xanımını da saxlamaqla ikinci ailəsini qurur və qəribədir ki, cəmiyyət də bu addımı sevinclə qarşılayır.
İndi iki qızları var – Eşa və Axana. Hər ikisi aktrisalıqda təhsil alır. Dxarmendranın birinci nigahından olan iki oğlu da hazırda Hindistanın tanınmış kino ulduzlarıdır - Bobbi və Sanni Deol qardaşları.
Xema Malini indi prodüsser kimi fəaliyyət göstərir, Hollivudu da fəth etmiş iki Hind aktrisasından biridir. Dxarmendra isə çəkilir və rejissorluqla məşğul olur. Birlikdə teleseriallar çəkirlər.