Dərd, sevgi, sənət və həyat ortaqları: ölümləri də bir bəladan oldu – Həyat hekayəti –Video
05 yanvar 2021 20:15 (UTC +04:00)

Dərd, sevgi, sənət və həyat ortaqları: ölümləri də bir bəladan oldu – Həyat hekayəti –Video

Son mahnısı “Şəhid anasıyam” mahnısıdır. Deyirdi, onları düşünəndə öz oğlumu ağlamağa utanıram. Mahnını özü ifa edib, klip çəkilib, qəhər boğazında, yanıqlı, ürəkdən oxuyur; oxumur, yaşayır mahnının dərdini. O ürəyin sahibi çox yaşaya bilməzdi…

Mahnılarının yarısından çoxu vətənə həsr edilib, vətən haqqındadır. Üç gün əvvəl bir vəfalı qadın, fədakar ana, gözəl bəstəkar, vətənpərvər insan köçdü bu dünyadan. 

Bu dünyada yaxşı izini qoyub köçdü.

Xor Aranjemanı, Alətşünaslıq, Musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və Ali məktəblərdə Bakalavrın hazırlığı üçün proqramların müəllifidir. 30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsi. (Laçın, Küçələrə su səpmişəm, Qara tellər, Uşaq ritmik muğamı, Ulduzlar, Darıxma, Yaşa könül və s.500-dən artıq mahnının müəllifidir.

***

Nailə Mirməmmədli 1961-ci ildə Bakıda musiqiyə bağlı bir ailədə anadan olub. Atasının ana tərəfdən babası Məşədi Məmməd Fərzəliyev məşhur xanəndə olub. Atasının atası Abdulla Təzəpirdə axund olub, mərsiyələr yazırmış. Onlardan hətta Üzeyir bəy operalarında istifadə edib. Əmisi Əlibaba Abdullayev SSRİ-nin xalq artisti olub. Ailədə əksəriyyəti musiqi təhsili alıb, amma musiqiçi olmayıblar.

Odur ki, Nailənin musiqi təhsili almasına, sənətin ardıca getməsinə heç kim mane olmayıb. Biləndə ki, bəstəkar olmaq istəyir, ona kömək etməyə başlayıblar. Atası tarda gözəl ifa edirdi, amma ticarətçi idi. Nailə atasının sayəsində Emin Sabitoğlu, Mirzə Babayev, Niyazi, Tofiq Bayram, Hüseyn Arif, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəy kimi sənətkarların  mühitində böyüyüb. Evin sonbeşiyi olduğundan atası onu özüylə dostlarının evinə aparırmış, Nailə də istədiyi qədər musiqi əhatəsində olurmuş.

1968-1979-cu illərdə Nailə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Fortepiano ixtisası üzrə təhsil alır. Ardınca Pedaqoji Universitetində Musiqişünas, dirijor, xormeyster, vokal, aranjeman, orkestrovka ixtisasları üzrə təhsilini davam etdirib. Bu ixtisasları fərqlənmə diplomu ilə başa vurub.

İkinci kursda oxuyanda Nadir Babayevin “Müəllimlər evi”ndə yaratdığı “Xəyal” instrumental ansamblında fortepiano ifaçısı kimi işə düzəlir. O vaxt çox məşhur olan bu ansamblda ondan əvvəl Hikmət Mirməmmədli işləyirmiş, orduya getdiyindən ifaçı axtarışına çıxıblar. Tam ansambla öyrənib, işi mənimsəyən Nailə bir gün görür ki, bir nəfər məşq zamanı gəldi və hamı işini buraxıb, qaçdı onunla görüşməyə. Məlum olur ki, ondan əvvəlki ifaçıdır və hamının onu çox sevməsini bir az da qısqanır. Deyir ki, mən gedərəm, daha onunla işləyərsiniz. Hikmət isə gəlib görür ki, onun yerinə qız ifaçıdır. Deyib, o qalsın, mən başqa yer taparam.

Hər ikisi Sovetski küçəsində doğulub, yaşayıblar. Anaları bir sinifdə oxuyub, amma heç vaxt rastlaşmayıblar, tanımayıblar bir-birini.

Ansambl Filarmoniyada konsertə hazırlaşırdı. Qrupun rəhbəri Nadir Babayev ifaçıların heç birini itirmək istəməyib, Nailəyə qədər Hikmət əla ifaçı olub, Nailə də itirməli ifaçı deyil. Deyib, konserti verək, sonra baxarıq vəziyyətə, konsertdə ikiniz də olacaqsınız, yarı-yarı ifa edərsiniz. Həmin bu yarı-yarı ifanın məşqləri, konsertin gedişatı onları dostlaşdırıb.

Bir gün Hikmət Nailəyə deyir ki, evlənmək istəyirəm, mənə özün kimi bir qız taparsan? Nailə də çıxır axtarışa. Namizədlər deyir ona. Axır Hikmət deyir ki, axı, sənin kimisi yoxdur, həm musiqidə, həm həyatda bərabər olacağım. Bazar günü ad günündür, bizimkilər də gələcəklər - deyir.

Bəzən tale adamın üzünə elə gülümsəyir ki, özünü xoşbəxtliyin son həddində hiss edirsən. Sonra başına gələnlərdən anlayırsan ki, o məsum təbəssümün arxasında acı istehza varmış. Bəlkə də yoxmuş, amma adama elə gəlir…

Həyatını musiqiyə, sənətə bağlamış bir gənc qız başqa hansı xoşbəxtlikdən danışa bilərdi, əgər onun yanında onu duyan, anlayan, sənətini və həyatını bölüşə bildiyi sevdiyi mükəmməl bir insan varsa. Həm də o insan yalnız onun üçün yaşayır, ona xoş olsun deyə həyatını qurur, bütünlüklə ona həsr edir özünü. Səhərlər gözünün açır ki, Nailəni bu gün də xoşbəxt etsin… Və bu sevgi bir ömür boyu davam etdi.

Hamının qibtə etdiyi bir sevgi, hamının arzusunda olduğu, amma hər kəsə qismət olmayan bir ailə oldu…

1986-cı ildə evlənirlər. Toyda Ağadadaş Ağayev oxuyur. Hikmətlə dost idilər, öz ailə məclisi sayılırdı, hər ikisi Ağadadaşın ansamblında çalışmışdı. Boş günü isə yox idi Ağadadaş Ağayevin. Ona görə də günü o təyin edir.

Hikmətin anası ilə bir yerdə qalırlar. Hikmətin anası da, bacısı da Nailəni doğma qəbul edə bilirlər, hərçənd, Hikmət onların seçdiyini deyil, öz sevdiyi ilə evlənmişdi. Ailəyə özünü sevdirə bilir Nailə.

Tezliklə ilk övladları Seyid Hüseyn dünyaya gəlib, ardınca qızları olub.

Nailə təhsilini davam etdirir. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alır. Yenə fərqlənmə diplomu ilə bitirir.

Təbii ki, iki uşaqlı ananın, bir ailənin qadının təhsil alması asan məsələ deyil. Bunun üçün ya gərək evdə sənin əvəzinə kimsə işi görən, ailənin məişət ehtiyaclarını ödəyən birisi olsun, ya da Hikmət kimi həyat yoldaşın-yəni sadəcə o qayğıları problem hesab etmədən yola verən. Sonuncu cümlə Nailə xanımın dilindəndir. Deyirdi, mənim təhsilimi başa vurmağım, işləməyim hamısı Hikmətin yaratdığı şəraitin sayəsində idi. Yağ içində böyrək kimi yaşamırdılar, əl-ələ verib çalışırdılar. Bir isti yuva qurmuşdular, hər ikisinin çiyinlərində və əllərinin hənirtisində bərqərar idi o yuva. 

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" uşaq xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb Nailə xanım.

Hikmət də işləyirdi. Üstəlik birlikdə musiqilər yazır, tələbələr hazırlayırdılar.

Oğlu Seyid Hüseyn 6 saylı Musiqi məktəbinin vokal sinfində oxuyurdu, 16 yaşına çatmışdı. Ailənin çətin dövrləri başlayırdı. Evdə yeniyetmə oğlan, onun əhatəsi, dostları, artıq ailəni bir yumruq kimi saxlamaq çətin idi. Yeniyetmə oğlan o yumruğa sığmırdı. Kənara çıxmaq istəyirdi, üstəlik, ətrafdan dostlar ona ana uşağı deyə eyham vururdular. Gəl indi onu başa sal ki, elə deyənlər səni istədiklərindən demirlər. Sən qibtə edilən iki sənətkarın övladısan, hara gedib-gəlməyinə nəzarət olunmasa, səhv edərsən…

Bir gün özünü sübut etmək, mən ana uşağı deyləm demək üçün evdən çıxıb dostları ilə dənizə gedən Seyid Hüseyn Xəzərdə batır.

Qalx, boynuma sarıl bir də

Nə yatmısan düşüb yerdə

Aç gözünü, nə gündəyəm

Oyan bəxtim, tacım oyan.

Hikmət Mirməmmədlinin mahnısıdır, Mələkxanım ifa edir.

O gün Hikmət infarkt keçirir, amma ağrısını da, infarktını da boğa-boğa bütün diqqətini Nailəyə yönləndiri ki, o ağrı çəkməsin, bu ağır itkini yaşaya bilsin. Nailə də onu düşünür-bircə Hikmət bu dərdə dözə bilsin.

Əlacsızam, yoxdur könül əlacım

Taleyimə, söylə, necə əl açım

Yarı yolda sınıb ümid ağacım

Dərd verdin, dərd verdin

Dünya, mənə özün boyda dərd verdin…

Bu mahnını Nailə Mirməmmədli yazıb, hadisədən beş il öncə. Mətanət İsgəndərli oxumalı idi, amma heç cür oxuya bilmirdi, hər dəfə yazdırmaq istəyəndə hıçqırtıdan səsi formadan düşürdü, yazdıra bilmirdi. Seyid Hüseynin 40-na mahnı hazır oldu. 

Bir-birinin ardınca dərd gəldi ailəyə. Bir il əvvəl atasını itirmişdi Nailə Mirməmmədli, sonra oğlunu.

Hikmət siqaretə güc verib, bütün ağrısını onunla ovudurdu, Nailə siqareti onun əlindən almağa çalışırdı ki, çox çəkirsən. Gəl sən də çək, yüngülləşəcəksən - dedi Hikmət. Yazılan dərmanlar Nailəni sakitləşdirmirdi, dərd ortağı siqaret olur. Hər ikisinin.

Deyirdi, yanımda Hikmət var, ona ağır olmasın deyə dözməliyəm. İllər keçirdi, yara qaysaq bağlayır, ən cüzi tərpənişdən qopurdu, qanayırdı, amma baş başa verib keçirdilər bu dönəmlərdən. Uşaqlar da böyüyürdü, oğlunun itkisinin ağrısını azaltmaq üçün Nailə Mirməmmədli daha bir oğul övladı gətirdi dünyaya. Qorxurdu ki, Hikmətin ailəsində baş verən faciə onun ailəsində təkrar olar. Hikmətin 16 yaşlı bacısı kor bağırsağın əməliyyatı vaxtı dünyasını dəyişmişdi, bir bacı, bir qardaş qalmışdılar. Allaha inanan, oğlunun yasında belə namazı yalnız bir neçə saat yubadıb, sonra başını möhürə qoyub namazda Allaha şükür edən Nailə xanım o taleyə qarşı gəlmək üçün Mirkəlamı gətirdi dünyaya. 

Böyük oğlu ali məktəbə hazırlaşırdı, uşaqlar böyüyürdü, elə bil hər şey qaydasına düşmüş kimi görünürdü…

Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində dosent, baş müəllim vəzifələrində çalışırdı.

2006-cı noyabr ayında Respublika sarayında yaradıcılıq hesabatı verirdilər. Özlərinə gəlmək üçün. Hikmət Mirməmmədlinin “Gedirəm” mahnısı Röyanın ifasında hesabatın son mahnısı idi.

Əlvida, gedirəm, əlvida, həyat

Yəqin göylərdədir azadə həyat

Bir nakam taleyin qurbanı oldum

Əlvida, gedirəm, əlvida, həyat

Gedirəm rüzgarın apardığı yerlərə, gedirəm…

46 yaşında Hikmət Mirməmmədli əməkdar incəsənət xadimi adını almasından iki gün sonra dünyayla vidalaşdı. Mayın 23-ü Nailə Mirməmmədlinin ad gününü keçirməli idilər. Hər il onun ad günüdə Hikmət nə isə sürpriz edirdi. Elçilikdən tutmuş, xırda gül-çiçəkli sürprizlərə qədər. Pilləkənlər boyu bir-bir qızılgülləri düzərmiş düz qapılarının kandarına qədər.

O qədər problemlərdən, həyatın zərbələrindən uzaq tuturdu ki, qadınını, bəzən özü də deyirdi, sən mənsiz necə olacaqsan, insanlar sən düşündüyün kimi saf deyil.

Yenə dostlar dəvət olunmuşdu, sabah sürprizlərlə dolu bir gün olmalı idi.

2007-ci il mayın 22-ni dostlardan birinin şad günüdə qəflətən ürək tutmasından getdi bəstəkar. Bu son sürprizi oldu xanımına.

O zaman böyük oğlu ali məktəbə hazırlaşırdı, qızı ondan dörd yaş kiçik, lap kiçiyi yaş yarımlıq idi. Oğullarının nisgilini unutdura biləcək xoş hadisələr gözləyirdilər, qalxmağa çalışırdılar.

Həmin il Nailənin anası da dünyasını dəyişdi. Az müddət sonra da qardaşı. İnsana zərbə ardınca zərbə dəydi, qalxmağa güc tapmaq lazım idi, hardan alsın o gücü? Bu qədər itkinin qarşısında zəif bir qadının qaməti necə düzəlsin? Üstəlik, yanında Hikmət yoxdur.

Qadın çox güclü məxluqdur.

Bir vaxtlar dost bildikləri, indi çox uzaqlardadı. Bəziləri isə daha yazma ayıbdır deyəcəklər arsız-arsız yenə musiqi yazır-deyirdi.

Yazdı Nailə Mirməmmədli, yazdı ki, “Nailə batdı, onun əvəzinə də Hikmət yazırdı, necə yazacaq ki” - deyənlərə də cavab olsun. 

“Ona xoş olan işlər görürəm. Onun ruhu sevinsin deyə gördüyüm işlər var. Hiss edirəm ki, görür məni. Birlikdə arzuladıqlarımızı tək həyata keçirirəm, amma onun müşayiəti ilə edə bilirəm”.

O sənli günlərim de harda qaldı

Sən getdin gözlərim yollarda qaldı

“Əslində biz böyüklərimizdən qorxmuruq, onların nəzərindən düşməkdən qorxuruq. Baxmayın qəm üçün doğulmuşam, bunda da bir həyat eşqi tapıram” - bunlar son müsahibələrində dediyi fikirlərdir. Artıq dünyanın hər üzünü görmüş sənətkarın fikirləri.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilir.

“Elə qorxuram Hikmətin, özümün yarımçıq qalmış işlərimizi tamamlayıb çatdıra bilməyəm, elə qorxuram övladlarımı yerbəyer edəndə hansısa yanlışa yol verəm” - deyirdi.

Oğlu Cavidanı evləndirib, iki nəvəsi də var. Çox razı idi gəlinindən, oğlunun xoşbəxtliyindən.

Hikmətdən sonra gecə qaranlıqlarında onun məzarına gedib sarıldığı vaxtlar beynində şiş yaranmışdı, müalicə alırdı. Son iki ayda deyirdi çəkilib, daha narahat etmir, amma övladlarına deməyib bu barədə. Bir dəfə müalicəsi üçün heç sevmədiyi, səsi olmayan ifaçıya bir mahnısını 18 min manata satıb. Ona deyib ki, sən bu mahnını ifa edəndə mən xəstələnəcəm, ona görə bu qədər baha satıram sənə.

Böyük oğlu skripkanı qurtarıb, amma ailəni dolandırmaq üçün başqa sənətə keçdi. Qızı fortepianonu qurtarıb, amma memar-dizaynerdi. Balaca oğlu özü yazır, çalır, oxuyur. Hələ balacadır, orta məktəbdə oxuyur.

Yenə ailədə Hikmətdən sonra qaydasına düşmüş kimi görünürdü vəziyyət.

Bir gün səhər oyanıblar, ana oyanmayıb, çağırıblar Nailə xanımdan cavab çıxmayıb. Gecə ilə şəkəri qalxıb, beyninə qan sızıb. Eynilə 46 yaşında Hikmət Mirməmmədlinin getdiyi kimi, həmin yolla 2021-ci il yanvarın 4-də onun ardınca yollanıb 59 yaşlı əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli.

***

Son mahnısı şəhid anasına həsr etdiyi mahnı idi, deyirdi onları düşünəndə öz oğlumu ağlamağa utanıram. Mahnını özü ifa edib, klip çəkilib, qəhər boğazında, yanıqlı, ürəkdən oxuyur; oxumur, yaşayır mahnının dərdini. O ürəyin sahibi çox yaşaya bilməzdi…

Nailə Mirməmmədli "Şəhid anasıyam"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25314
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar