Rusiyanın Yekaterinburq şəhərində markası olmayan spirtli içkilərin yeraltı sexdə istehsalını və satışını təşkil etməkdə şübhəli bilinən Azərbaycan əsilli sahibkar Elvin Şükürov saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Pervouralsk rayonunda saxta spirtli içkilərin istehsalı və qablaşdırılması üzrə yeraltı sexin fəaliyyətində iştirak edib. Daxil olan məlumat əsasında qvardiya və polis əməkdaşları birgə əməliyyat keçirərək, onun fəaliyyətinin qarşısını alıblar.
Şükürov artıq məhkəmənin qərarı ilə istintaq təcridxanasına salınıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndləri ilə (Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda markalanmamış spirtli içkilərin satışı və ya satışı məqsədi ilə istehsalı, saxlanması, daşınması) ilə ittiham olunub.
Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində 50 azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı iki azərbaycanlı öldürülüb. Məhkəmə saxlanılanlardan 6-sı barədə həbs qərarı seçib. Onlar 24 il əvvəl digər həmyerlimiz Yunis Paşayevin qətlində şübhəli biliniblər.