Fövqəladə Hallar Nazirliyi (FHN) “AMAY” MMC Ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli “AMAY” MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanıb, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib.
Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyə olunub. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11.12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.