"Qırmızı kurtka Nərminin yanmış cəsədinin yanında idi..." - Sabiq polis ifadə verdi
30 mart 2022 19:45 (UTC +04:00)

"Qırmızı kurtka Nərminin yanmış cəsədinin yanında idi..." - Sabiq polis ifadə verdi

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov bildirib ki, hadisə baş verən gün Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub.
 
"Həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak etmişəm. Meyitin yanması ilə bağlı məlumat daxil olan kimi rayonun polis rəisinə zəng etdim.

Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su, torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı. Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm", - şahid bildirib. 

Prokurorun "Hadisəni videolentə almaqda məqsədiniz nə idi”, sualına isə şahid "Gələcəkdə istintaqa lazım ola bilərdi”, - deyə cavab verib.

Şahid, həmçinin Nərmin itkin düşdüyü müddətdə axtarış işlərinin yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib.

Xatırladaq ki, İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3347

Oxşar yazılar