Prokuror "Nikosayağı"ya 6 il cəza istədi:  "Məhkəmə zalından həbs edilsin"
29 fevral 2024 10:16 (UTC +04:00)

Prokuror "Nikosayağı"ya 6 il cəza istədi: "Məhkəmə zalından həbs edilsin"

"Nikosayağı” ləqəbi ilə tanınan bloqqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə şahid ifadələri alınıb.

Şahid Rais Qocayev bildirib ki, hadisə günü Bakıdan Gəncəyə qayıdırmış:

"Kia Rio markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Bərdə-Bakı arasında sərnişinləri gətirib aparıram. Elə həmin gün Bərdədən Bakıya axırıncı müştərini aeroporta aparıb düşürdüm. Gecə saatları idi. Dəqiq vaxt yadımda qalmayıb. Təxminən 1 kimi aeroport istiqamətindən geri qayıdırdım. Maşınla 70/80 km/saat sürətlə hərəkət edirdim. Arxadan səs gəldi. Yolda maşınların saxlayıb qəza olan tərəfə qaçdığını gördüm. Hadisə anını görməmişəm amma".

Rais Qocayevin istintaqdakı ifadəsi elan olunub. 

Digər şahid Gürcüstan vətəndaşı olduğu və orada yaşadığı üçün onun məhkəmə prosesində iştirakı mümkün olmayıb.

Həmin şahid istintaqa verdiyi ifadəsini təsdiq edib. Xahiş edib ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. 

Təqsirləndirilən şəxs Nicat Şakirlinin vəkili və prokuror şahidin məhkəməyə gətirilməsini istəyib. Məhkəmənin qərarı ilə həmin şahid Ramiz Ayvazovun istintaqdakı ifadəsi elan olunub:

“Gürcüstandan Bakıya yük gətirirdim. TIR-dakı yükü boşaltdıqdan sonra xəritə ilə TİR parkına gedirdim. Normalda TIR-ı 50-60 km/saatda idarə edirəm. Heydər Əliyev prospektində tunelə yaxınlaşdıqda sürətimi azaltdım. TIR-ın sürətini 30 km/saata saldım. TIR-ın üstü tunelin körpüsünə dəyməsin deyə yavaş-yavaş keçdim. 

Qəfil arxadan yüksək səs eşitdim. Elə bildim ki, maşının arxası körpüyə dəyib.

Düşüb baxanda gördüm ki, "Porsche" markalı avtomobil TIR-ın altına girib. Şoka girdim. Sonradan öyrəndim ki, həmin maşında Ruslan Məmmədov həyatını itirib. Sürücü isə xəstəxanaya yerləşdirilib".

Prokuror hakimdən hadisə nəticəsində vəfat etmiş Ruslan Məmmədovun hüquqi varisinin istintaqdakı ifadəsinin elan edilməsini istəyib.

Hakim Samir Əliyev sənədlərin tədqiqi mərhələsinə başlayıb. Hakim tibbi-ekspertiza rəylərini elan edib. Daha sonra, məhkəmə istintaqının yekunlaşdığını bildirib. Prokuror çıxış edib. 

Dövlət ittihamçısı Nicat Şakirlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onun məhkəmə zalında həbsi tələb edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində bloqqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Bloqqerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5637
avatar

Fidan İlqar

Oxşar yazılar