Fatihdə intihar edən polis məmurunun evində tapılan parçalanmış cəsədin təfərrüatları məlum olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, meyitin həyat yoldaşından boşanan 3 uşaq atası Hüseyn G.yə aid olduğu müəyyən edilib. Digər tərəfdən, polis məmuru Semih G.nin bir neçə gün əvvəl yerli ərzaq mağazasından qara zibil torbası istədiyi də öyrənilib.
Fatih Rayon Polis Şöbəsinin Mühafizə Bürosunda xidmət edən polis məmuru Semih G. gecə növbəsində işə gəlməyincə iş yoldaşları narahat olub telefonla əlaqə saxlaya bilməyib və saat 19 radələrində Ayvansaray məhəlləsi Kariye İmarethanesi küçəsindəki evinə gəliblər. Polis əməkdaşları Semih G.dən qapının zəngini çalmasına baxmayaraq cavab ala bilməyəndə çilingər çağırılaraq evə daxil olublar.
Evə baxış zamanı qonaq otağında polis məmuru Semih G.nin meyiti tapılıb. Polis əməkdaşının xidməti tapançası ilə intihar etdiyi iddia edilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Evdə araşdırma aparan polis qrupları mətbəxdəki zibil qabının yanında qara zibil torbasının içərisində kişiyə məxsus cəmi 10 barmaq, kəsilmiş burun, cinsiyyət orqanı, üz və baş dəri parçaları tapıblar. Bundan əlavə, yataq otağında çarpayının altından çamadanda qara zibil torbalarına bükülmüş və bir-birinə yapışdırılmış 5 parça halında qol, ayaq və gövdə hissələri aşkar edilib. Cəsədin kəllə sümüyünün tapıla bilmədiyi, ancaq tapılan parçaların dəlil torbasına qoyulduğu öyrənilib. Evdə aparılan araşdırmadan sonra polis məmuru Semih G. ilə birlikdə tapılan cəsəd hissələri respublika prokurorunun araşdırmasının ardından meyitxanaya aparılıb.
Evdə kisələrdə bədən hissələri tapılan şəxsin barmaq izləri ilə müəyyən edildiyi öyrənilib. Öldürüldükdən sonra cəsədi parçalara ayrılan şəxsin 3 il əvvəl həyat yoldaşından boşanan 3 uşaq atası Hüseyn G.yə aid olduğu məlum olub. Hüseyn G.nin ofisiant kimi çalışdığı, 2016-cı ildə 26 yaşlı F.A. ilə evləndiyi və bu evlilikdən 2-si oğlan olmaqla 3 övladının olduğu və cütlüyün 2022-ci ildə boşandığı müəyyən edilib. Hüseyn G.nin qəsdən basqın etmə, hədələmə və ailə hüququ öhdəliklərini pozma kimi cinayətlərə görə əvvəllər üç dəfə məhkumluğu olduğu və barmaq izləri ilə şəxsiyyəti müəyyən edilib.
İstintaq çərçivəsində polis əməkdaşları Semih G.nin qonşusu A.K.nın ifadəsini alıblar. Məlum olub ki, A.K. ifadəsində hadisədən bir gün əvvəl saat 07.30-də binadan gurultu səsləri eşitdiyini, qızının isə gecə saat 02.30 radələrində bir güllə səsi eşitdiyini bildirib. Semih G.nin bir neçə gün əvvəl yerli baqqaldan qara zibil torbası istədiyi də bildirilib.