Ukraynalı kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Sonra Oleq Krapivinin vəkili Xeyransa Babayeva vəsatət qaldıraraq, cinayət işi üzrə icraatın ayrılması və müvəkkilinin ev dustaqlığına buraxılmasını tələb edib.
Konstantin Kuçerin vəkili Elşad Əliyev isə vəsatət qaldıraraq işin yenidən istintaqa qaytarılmasını və işə xitam verilməsini xahiş edib.
Dövlət ittihamçısı Tural Yaqubov isə vəsatətlərin təmin edilməməsinin və işin baxışa verilməsini məhkəməyə təklif edib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Oleq Bakinski ilə yanaşı Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.