Bitki yağının kərə yağı adı ilə satılması aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, aparılan yoxlamalar zamanı “QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlunun istehsal etdiyi (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Allbuy” MMC-d' istehsal olunan “Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşdirilib.
Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib.
İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub. Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.