Misirdə 13 yaşlı oğlan üç paket hazır lapşa yedikdən sonra dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla bildirir ki, oğlan təxminən yarım saat sonra güclü narahatlıq hiss edib: o, kəskin qarın ağrısından, ürəkbulanmasından və güclü tərləmədən şikayətlənib. Operativ şəkildə çağırılan tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
İlkin mərhələdə istintaq keyfiyyətsiz məhsul versiyasını nəzərdən keçirib və lapşanın alındığı mağazanın sahibi dindirilib. Lakin ekspertiza məhsulda təhlükəsizlik standartlarının pozuntusunu aşkar etməyib.
Həkimlərin rəyinə görə, ölümün səbəbi ya bağırsaq keçməzliyi, ya da çox miqdarda quru məhsulun qəbulu nəticəsində həzm traktında yaranan digər ciddi pozğunluq olub. Həkimlər xəbərdarlıq edirlər ki, belə qidalar güclü susuzlaşmaya səbəb olur və bağırsaqları bloklaya bilər.
Cənubi Koreya alimlərinin ayrıca araşdırması da göstərir ki, tez hazırlanabilən lapşanın tez-tez (həftədə iki dəfədən çox) qəbulu metabolik sindromun inkişaf riskini əhəmiyyətli dərəcədə artırır ki, bu da ürək xəstəliklərinə və diabetə yol aça bilər. Misirdə baş verən hadisə isə zahirən zərərsiz görünən məhsulla bağlı potensial riskləri bir daha xatırladıb.