Kabardin-Balkarda məhkəmə piyada keçidində həkimi və iki azyaşlı uşağını avtomobillə vuran polisi həbs edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, təhlükəsizlik əməkdaşı iki ay həbsdə qalacaq. Onun barəsində Cinayət Məcəlləsinin 264-cü maddəsinin 6-cı hissəsinin “a” bəndi (“Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda, sərxoş vəziyyətdə törədildikdə”) ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, qəza bazar günü, iyunun 2-də axşam saatlarında baş verib. Avtomobilin sürücüsü sərxoş halda Nalçik şəhərinin Kanukoyev küçəsi ilə hərəkətdə olarkən piyada keçidində yolu keçən kişini və onun iki uşağını vurub.
Piyadaların heç birini xilas etmək mümkün olmayıb.