Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ifadə verib.
İcra başçısı qeyd edib ki, Elnur Şükürovu və Əvəz Zeynalovu sosial şəbəkələrdən jurnalist kimi tanıyır:
“Elnur Şükürov bir neçə dəfə Suraxanı rayonunda şəhidlər üçün təşkil edilmiş tədbirlərdə iştirak edib. Onlarla münasibətimiz məmur jurnalist münasibətləri əsasında formalaşıb. Elnur Şükürov bir gün mənə yaxınlaşaraq “Yaşıl Mənzərə” MMC-nin jurnalist Əvəz Zeynalovun yaxın qohumunun olduğunu, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyindən həmin əmlakın özəlləşdirilməsi üçün razılıq məktubunun verilməsini xahiş etdi.
İcra başçısı ilk əvvəl Elnur Şükürova bunun üçün onlara heç bir köməklik edə bilməyəcəyini deyib:
“Lakin sonradan Elnur Şükürov bir neçə dəfə mənimlə görüşərək köməklik etməyim üçün israr etdi. Axırda Elnur Şükürov icraya gəldi. Yenə məndən razılıq məktubunu almağım üçün xahiş etdi. Sonra Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Mais Məmmədova zəng etdim, Elnur Şükürovun onun yanına gələcəyini, təqdim edəcəyi sənədlərə baxmasını və əgər qanunazidd olmadığı təqdirdə ona kömək etməsini xahiş etdim. Həmin günun sonunda Mais Məmmədov mənimlə əlaqə saxladı. Dedi ki, tələbin qanunazidd olmadığı üçün ona müvafiq razılıq məktubu verib”.
Daha sonra, Elnur Şükürovun vəkili icra başçısına sual ünvanlayıb:
Vəkil: Elnur Şükürovun istəyini xahiş yoxsa təsir kimi qəbul etdin?
İcra başçısı: Mən yetərincə açıqlayıcı danışdım.
Vəkil: Elnur Şükürov sizin ünvanınıza təhqirlər söyləyib?
İcra başçısı: Bəli.
Vəkil: Bəs, siz niyə hüquqi müstəvidə müraciət etmədiniz?
İcra başçısı: Siz daha yaxşı bilərsiniz. Mən belə istəmişəm.
Vəkil: Elnurun xahişini imtina edə bilərsiniz?
İcra başçısı: Mən məntiqsiz suallara cavab vermirəm.
Vəkilin sualları bitdikdən sonra ifadədə adı çəkilən Mais Məmmədov zala çağırılıb. O, ifadəsində təqsirləndirilən şəxslərdən heç birini tanımadığını deyib:
“Mənə Əziz Əzizov zəng edib, Elnur Şükürovun sənədlərinə baxmağımı xahiş etdi. Əgər qanunsuzluq yoxdursa, kömək edəcəkdim. Elnur Şükürov gəldi, sənədlərə baxdım, qanunsuzluq yox idi. Əmlak komitəsinə “etiraz etmirəm” deyə məktub göndərdim”.
İfadələrdən əsəbləşən Əvəz Zeynallı prosesə müdaxilə edib. O, hakim Əli Məmmədova qarşı fikir səsləndirib:
Əli Məmmədov yenə çoşub. Özünüzü hakim kimi aparın. Məni qıcıqlandırmayın.
Hakim: Qıcıqlanıb nə edəcəksən?
Əvəz Zeynallı iclas sonunda Əziz Əzizovu işdən çıxaracağını iddia edib:
"Mən Əziz Əzizovu bu iclasın sonunda işdən çıxartdıracam. Ayaqların əsir, dayana bilmirsən".
Proses oktyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.