İyulun 22-də 35 yaşlı kişi laqunda travması nəticəsində üz nahiyəsində, alt və üst göz qapaqlarında və üzün bir hissəsində çoxsaylı kəsik xəsarətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-dən Lent.az-a verilən xəbərə görə, xəstənin vəziyyəti nəzərə alınaraq ona dərhal plastik və rekonstruktiv əməliyyat təyin olunub. Əməliyyat KTM-in oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı qaş nahiyəsində dərialtı toxumalarda qalmış dəmir parçaları çıxarılıb, alt göz qapağının qopmuş hissəsi tikilərək əvvəlki vəziyyətinə qaytarılıb, qaşın qopmuş hissəsi yerinə tikilərək estetik və funksional görünüş bərpa edilib. Göz qapağı anatomik vəziyyətinə qaytarılıb və əməliyyat uğurla tamamlanıb.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və o, kontrol müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.