Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, sentyabr ayının 9-da saat 21:44-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nepal vətəndaşları - 22 yaşlı Karkı Ghımıre Renuka, 29 yaşlı Bahattaraı Menuka, 26 ayşlı Pantha Bal Krıshna, 37 yaşlı Raut Dıp saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Portuqaliyaya miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Sentyabr ayının 10-da saat 13:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan İran vətəndaşı - 46 yaşlı Parsabad şəhər sakini Həmidi Bəhmən Hacımahmud sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozması müəyyən olunub.
Sentyabr ayının 10-da saat 21:45-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları - 30 yaşlı Seraj Helaluddin Serajeddin və 26 yaşlı Haidari Ezatulla Abdulkasım sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozmaları müəyyən olunub.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.