Zərgərlik məmulatlarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qəhvəyi rəngli çamadanın və qara rəngli baqajın içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd qolbaq aşkar edilib.
Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 114 qram olan zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.